Son illər fundamental tədqiqat əsərlərində iqtisadiyyata verilən əsas təriflərdən biri belədir ki, iqtisadiyyat fərdlərin və cəmiyyətin təbiətdən və keçmiş nəsillərdən gələn məhdud resurslardan necə istifadə etməyi seçdiyini öyrənən elmdir. Bu tərifdəki əsas söz məhz seçimlə bağlıdır. Geniş mənada iqtisadiyyat davranış və sosial elm olaraq insanların necə seçim etdiklərini öyrənir. Seçimlər üst-üstə düşəndə bu, cəmiyyətin uğuruna çevrilir.
Məsələyə siyasi aspektdən yanaşsaq, insanların doğru seçimlərinin ölkənin də, cəmiyyətin də dünəni, bugünü və gələcəyi üçün nə qədər böyük nailiyyətlərə əsas yaratdığını görərik. Azərbaycan vətəndaşları olaraq buna hər birimiz şahidik. 28 il əvvəl xalqımız Ulu Öndər Heydər Əliyevi ağır günlərini yaşayan ölkəmizin taleyinə görə məsuliyyəti üzərinə götürməyə israrla çağıraraq tariximizin ən düzgün, ən doğru qərarını verdi. 1993-cü ilin 15 iyununda bu böyük dövlət xadiminin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın fəlakətlərdən qurtuluşuna çevrildi.
Doğru seçimin gücü
Ulu Öndərin vətəndaş qarşıdurmalarından, parçalanma təhlükəsindən, sosial-iqtisadi problemlər məngənəsindən xilas edərək inkişaf yoluna çıxardığı, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində əzmlə irəliləməsinə nail olduğu Azərbaycanın taleyini 2003-cü ilin oktyabrında Heydər Əliyev yolunun davamçısı cənab İlham Əliyevin güclü, əmin əllərinə etibar etməsi isə xalqımızın yeni tariximizdəki növbəti doğru seçimi idi.
Xalqın bu seçimi ölkəmizin daha böyük uğurlarına yol açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyini yeni qazanmış dövlətimizi tarixinin ən qüdrətli ölkəsinə çevirdi, ən güclü inkişaf mərhələsinə yetirdi. Azərbaycanın sosial-iqtisadi inkişafı üçün misilsiz nailiyyətlərə imza atdı. Bütün mövcud resursları ən optimal qaydada ölkənin tərəqqisinə yönəltdi. Azərbaycanı başdan-başa abadlıq-quruculuq meydanına çevirdi. Həyata keçrilən məqsədyönlü dövlət proqramları ilə bir sıra problemlərin qısa müddətdə həllinə nail oldu. Yeni yaradılan yüz minlərlə iş yeri ilə insanlarımızın işsizlik problemini aradan qaldırdı. Əhalinin maddi-rifah halı yaxşılaşdı, yaşayış səviyyəsi yüksəldi, yoxsulluq problemi minimal həddə düşdü.
Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursuna uyğun olaraq Azərbaycanın sözün əsl mənasında həqiqi müstəqilliyini təmin etdi. Ölkənin sosial-iqtisadi cəhətdən kiminsə asılılığında olmasına imkan vermədi. Əksinə, Azərbaycanı ən önəmli, rəyi, mövqeyi ilə hamının hesablaşmağa məcbur qaldığı nüfuzlu ölkəyə çevirdi. Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısı oldu. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən qlobal enerji-kommunikasiya layihələri regionun geopolitik mənzərəsini yenidən müəyyənləşdirdi. Bu mənzərədə Azərbaycan qlobal inkişaf proseslərinin mərkəzindədir. Dünya iqtisadiyyatı üçün qan damarı, yeni həyat mənbəyi rolunu oynayan bir çox şəbəkələr, enerji-kommunikasiya xətləri məhz Azərbaycanda kəsişir və burada üst-üstə düşərək, dünyada dayanıqlı inkişafa, sülhə, rifaha can atan hər kəs üçün fayda yaradır.
Zaman xeyrimizə işləyir
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Fərqli mədəniyyətlərin, Şərq və Qərb sivilizasiyalarının təmas mərkəzidir. Multikulturalizm, tolerantlıq örnəyidir. Aydın strateji baxışı, faydalı təşəbbüsləri ilə ümumilikdə dünyamızın bugünü və gələcəyinə dəyərli töhfələr verən ölkədir. Belə bir səviyyəyə Azərbaycan, ilk növbədə, iqtisadi inkişafı sayəsində nail ola bilib. Çünki iqtisadi imkanlar, maliyyə resursları bütün inkişaf proseslərinin təməl qaynağıdır. Azərbaycanın getdikcə yüksələn iqtisadi imkanları, qazanılan sosial-iqtisadi nailiyyətlər ölkəmizin bu günü və gələcəyi üçün bir sıra strateji qərarların icrasına həyat verir. Onların reallaşdırılmasına imkan yaradır. 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdə, təxminən 30 ildən sonra torpaqlarımızın düşməndən təmizlənməsində də iqtisadi amillər çox mühüm rol oynadı. Azərbaycan ötən onilliklərdə əsas imkanlarını sosial-iqtisadi inkişafa yönəltdi. Həyata keçirilən inkişaf proqramları ilə işğalçı Ermənistan üzərində böyük üstünlüklər qazandı. Zaman ölkəmizin xeyrinə işlədi. İşğalçılıq siyasəti üzündən getdikcə daha böyük problemlərlə üzləşən, əhalisinin böyük hissəsi ölkəni tərk etdiyindən demoqrafik böhran yaşayan, vətəndaşları səfil gününə düşən, başqa ölkələrdən asılılığı artan yoxsul Ermənistandan fərqli olaraq Azərbaycan bu illərdə dünyanın ən yüksək inkişaf dinamikasına malik ölkələrindən biri statusunu qazandı. Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində qazanılan nailiyyətlər ölkəmizə güclü bir ordu qurmaq imkanı yaratdı. Elə bir ordu ki Vətən müharibəsində tarix yazdı. Tətbiq etdiyi innovativ silahlar, döyüş metodları ilə XXI əsrin müharibəsini apardı və bu təcrübə indi dünyanın bir çox aparıcı hərbi məktəblərində öyrənilməkdədir.
Malik olduğumuz iqtisadi imkanlar beynəlxalq münasibətlər sistemində də ölkəmizin mövqelərini getdikcə gücləndirməkdədir. Bu, bir tərəfdən kim güclüdürsə, əksəriyyətin məhz onun yanında olmağı üstün tutması ilə bağlı tarixi reallıqlardan irəli gəlirsə, digər tərəfdən də Azərbaycanın yaratdığı faydalarla bağlıdır. Faşizm xəstəliyi ilə regionu qan gölünə çevirmək istəyən, sülhü, təhlükəsizliyi, insanların həyatını, regiona qoyulan investisiyaları təhdid altında saxlayan Ermənistandan fərqli olaraq Azərbaycanın arzusu Cənubi Qafqazı bir cənnətə çevirməkdir. Dövlət rəhbərimiz bununla bağlı təkcə danışmır, bəyanatlar vermir, eyni zamanda belə bir perspektivi göstərməyi, hiss etdirməyi bacarır. Dayanıqlı sülhə, əməkdaşlığa nail olmaqdan ötrü hər kəs səyləri birləşdirərsə, regionda bütün maraqlı tərəflər üçün nə qədər böyük imkanların yarana biləcəyini özünəməxsus lider baxışı ilə anladır.
Yeni reallıqlar
Azərbaycan Vətən müharibəsindəki qələbəmizi davam etdirən diplomatik nailiyyətləri ilə bölgədə yeni reallıqlar yaradır. Dünya iqtisadiyyatı üçün inkişafa doğru yeni bir qapı rolunu oynayacaq, əksər region ölkələrinin iqtisadi-siyasi maraqlarına xidmət edəcək, türk dünyasını böyük bir nəqliyyat-kommunikasiya qurşağında birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı perspektivlər bu reallığın böyük tərkib hissəsidir. Azərbaycan indiyə qədər dövlət rəhbərliyimizin əzmkar siyasəti, mövqeyinin sabitqədəmliyi sayəsində çox xəyalları reallaşdırmağa müvəffəq olub. İrəlidəki bir çox böyük perspektivlər də zaman-zaman gerçəkliyə çevriləcək və ölkəmiz dünyanın bugünü və gələcəyinə mühüm töhfələr verəcək. Düşməndən təmizlənmiş ərazilərimizdə başlanan dirçəliş prosesləri, resurslarla zəngin bu torpaqlarda sosial-iqtisadi həyatın bərpası da ölkəmiz üçün yeni inkişaf imkanları yaradır.
Azərbaycan müasir dünyamızın çağırışlarına münasibətdə çox həssasdır. Ölkə həyatına gətirilən innovasiyalarla, mövcud resursların insan kapitalına çevrilməsi üçün görülən işlərlə özünü sürətlə gələcəyə, dəyişən çağırışlara hazırlaya bilir. Bu məsələlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da əməyi çox böyükdür. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən sosial-humanitar layihələr inkişaf proseslərinə, sosial-iqtisadi problemlərin həllinə mühüm töhfələr verir.
Beyin mərkəzi
Azərbaycanın son onilliklərdə qazandığı uğurlara yol açan ən mühüm amillərdən biri müasir dünyanın çağırışlarına həssas münasibət, inkişaf üçün yeni fürsətlərin axtarışıdır. Burada mövcud reallıqları tədqiq edən, gələcəyi proqnozlaşdırmağa çalışan, problemləri üzə çıxaran və onların həllinə dair təkliflər irəli sürən, cəmiyyət üçün maraqlı ideyalar verən “beyin mərkəzləri”nin mühüm rolu var. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu belə mərkəzlərdən biridir.
Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yer tutan, ölkəmizdə iqtisad elminin inkişafına böyük töhfələr verən bu elmi-tədqiqat institutu çox şərəfli bir tarixi inkişaf yolu keçib. AMEA-nın fundamental elmi mərkəzi olmaqla, institutda milli iqtisadiyyatın formalaşdırılması və inkişafı istiqamətində sanballı elmi-tədqiqat işləri yerinə yetirilib. Bu elmi mərkəz nəinki ölkəmiz, eyni zamanda region üçün peşəkar iqtisadçılar nəslinin yetişdirilməsində mühüm rol oynayıb.
Son illərdə AMEA-nın İqtisadiyyat İnstitutunda iqtisadi problemlərin həlli istiqamətində ciddi fundamental və tətbiqi xarakterli elmi nəticələr əldə edilib. Dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilib. İnstitutun inkişafı Azərbaycan iqtisadiyyatının ümumi inkişaf dinamikasına uyğunlaşdırılıb və qurumun ölkə iqtisadiyyatı üçün davamlı şəkildə faydalılığı təmin edilib. Təbii ki, bu uğurların əldə olunmasında İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin (İmanovun) böyük əməyi var. Onun ilk ideyası yaxın perspektivdə institutu Azərbaycanda fundamental iqtisadi tədqiqatların real mərkəzinə, iqtisadi tədqiqatların əsas əlaqələndiricisinə, eyni zamanda hökumətin kollegial ekspertinə və məsləhətçisinə çevirmək idi. Keçən dövr ərzində bu istiqamətdə ciddi irəliləyişlər əldə olunub.
Elm-dövlət əməkdaşlığı
İnstitut Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra fərman və sərəncamlarının, xüsusilə iqtisadiyyat yönümlü strategiya, konsepsiya və dövlət proqramlarının icrasında fəal iştirak etməkdədir. Bu iştirak müxtəlif formalarda olur. İnstitutun yerinə yetirdiyi tədqiqatlarda ölkə Prezidentinin iqtisad elmi qarşısına qoyduğu problemlər əsas götürülür. Belə ki, institutun 2019-2021-ci illər üçün müəyyən etdiyi “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” elmi-tədqiqat mövzusu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına əsaslanır. Bu mövzunun seçilməsində 24 dövlət qurumundan daxil olan təklif və tövsiyələr də nəzərə alınmışdır. Hazırda institutda dünya elmi ictimaiyyəti, hökumətləri və biznes sektoru tərəfindən qəbul olunan və daha çox istinad olunan 24 beynəlxalq müqayisəli reytinq üzrə araşdırmalar aparılmaqdadır. Bununla yanaşı, Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf səviyyəsini qiymətləndirməyə və regionlararası müqayisələr aparmağa imkan verən metodologiya və reytinqlər hazırlanır. Ümumilikdə institutda 27 indeks üzrə 24 tədqiqat qrupu yaradılıb.
Hazırda beynəlxalq müqayisəli reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı qurumlara təklif və tövsiyələr hazırlanır. İnstitut əməkdaşları Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamınin icrası ilə əlaqədar olaraq yaradılmış “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın öz vəzifələrinin icrası məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət olmaqla 18 işçi qrupunun 8-də təmsil olunurlar. Bundan başqa, strateji yol xəritələrinin və digər dövlət proqramlarının icrası ilə əlaqədar yaradılmış işçi qruplarında fəal iştirak edirlər. Bu da elmlə dövlət əməkdaşlığının güclənməsinə, qəbul olunan sənədlərin elmi çəkisinin artmasına təsir göstərir.
İnstitutun alimləri Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin işçi qruplarında da təmsil olunurlar.
Vaxtında görülən işlər
N.Müzəffərlinin həmmüəllifliyi ilə 2010-cu ildə nəşr olunmuş “Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar” monoqrafiyası bu gün İqtisadiyyat İnstitutunun dövlət qurumları ilə əməkdaşlığının gücləndirilməsinə, bərpa prosesinin iqtisadi qiymətləndirilməsi ilə bağlı layihələrə cəlb olunmasına mühüm təsir göstərir. Eyni zamanda vaxtında aparılmış elmi-tədqiqatların gələcək üçün nə qədər böyük fayda verdiyini bir daha təsdiqləyir. 2020-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda yaradılmış “Post-konflikt Ərazilərin Bərpası” Elmi Mərkəzi də bu işlərin məntiqi nəticəsi və tarixi qələbəmizdən sonra formalaşan reallıqlar dövründə çevik şəkildə atılmış addımdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 3 oktyabr 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nı təsdiqləyib. Yeni maliyyələşmə mexanizmi layihəsi məhz bu institut tərəfindən irəli sürülüb.
İnstitut ölkəmizdə iqtisad elminin inkişafı istiqamətində də ardıcıl nailiyyətlər əldə etməkdədir. Belə ki, 2014-cü ildə İqtisadiyyat İnstitutunun beynəlxalq ictimaiyyətə təqdim etdiyi “Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxiləsinin ölçülməsi metodologiyası” (müəllifi prof. N.Müzəffərli) və bu metodologiya əsasında aparılan qiymətləndirmələr Azərbaycan iqtisad elminin beynəlxalq səviyyədə tanıdılması üçün ciddi nəticədir. Çünki iqtisadiyyatın dövlət tənzimlənməsinin effektivliyinin qiymətləndirilməsi uzun illərdir ki, iqtisad elminin fundamental problemlərindən biri olaraq qalmaqdadır. Hazırda bu metodologiya əsasında 10-a qədər fəlsəfə doktoru və elmlər doktoru dissertasiya işi yerinə yetirilir və müdafiə olunur. Bu metodologiya əsasında aparılan araşdırmalar beynəlxalq nüfuzlu jurnallarda nəşr olunur və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır.
İnstitutda elmin inkişafında əhəmiyyətli yer tutan diskussiya mədəniyyəti də inkişaf edir. Belə ki, 2014-cü ildən daimi fəaliyyət göstərən müzakirə “meydançaları”, o cümlədən “Kreativ iqtisadiyyat” diskussiya klubu, “Gənc alimlər” klubu və “Doktorantlar” klubu yaradılıb. Pandemiya ilə əlaqədar olaraq elmi müzakirələr əsasən onlayn platformalar üzərindən keçirilir. 2021-ci ilin yanvar-iyun aylarında 30-a yaxın seminar-müzakirə təşkil edilib.
Hazırda institutda yaradılmış elmi yaradıcılıq mühiti, gənclərin elmə cəlb olunması, yaradıcı qrup şəklində tədqiqatların aparılması istiqamətində ciddi dəyişikliklər aparılır. AMEA-nın İqtisadiyyat İnstitutu Azərbaycan iqtisad elminin flaqmanı kimi öz üzərinə düşən missiyasını bundan sonra daha da irəli aparmaq əzmindədir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük uğurlara nail olduğu bu tarixi dövrdə AMEA-nın İqtisadiyyat İnstitutunun üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi şərəfli bir missiyadır.
Akif MUSAYEV, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü
Müşfiq ATAKİŞİYEV, İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor
“Azərbaycan” qəzeti