1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinə baxmayaraq, ölkə üzərində qara buludlar dolaşmaqda davam edirdi. Bir tərəfdən daxildəki separatçı qüvvələrin aktivləşməsi, digər tərəfdən işğalçı Ermənistanın təcavüzünün kəskinləşməsi Azərbaycanın müstəqilliyini və suverenliyini sual altında qoyurdu. Belə mürəkkəb şəraitdə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycan dövlətçiliyini uçurumdan xilas etdi. 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn ümummilli lider iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Sədr kimi parlamentdə çıxış edən Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını da elan etdi, sonrakı illərdə sistemli şəkildə bu strategiyanı həyata keçirdi.
Azərbaycan dövlətçiliyi üçün müstəqilliyin qazanılması birinci şərt olsa da, ən vacib şərt onun qorunub saxlanılması idi. Bu, məhz ümummilli liderin siyasi iradəsi və uzaqgörənliyi sayəsində həyata keçə bildi. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzedilməz rol oynamış Heydər Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildiyi gün Azərbaycan dövlətçiliyinin tarixinə “Milli Qurtuluş Günü” kimi əbədi həkk olundu. Sözügedən çıxışında Heydər Əliyev özünün bənzərsiz təhlil xüsusiyyəti vasitəsilə daxili və xarici vəziyyəti qiymətləndirmə bacarığını nümayiş etdirərək nicat yolunun məhz onun sayəsində mümkün olacağını da təsdiq etmiş oldu. O özünün xarici siyasət konsepsiyasını irəli sürərək, mürəkkəb geosiyasi məkanda yerləşən, bir neçə qlobal və regional güc mərkəzinin maraqlarının cəmləşdiyi Azərbaycanın təkyönlü deyil, bütün oyunçular nəzərə alınmaqla ətraflı təhlil edilmiş, balanslı xarici siyasət yürütməsinin labüdlüyünü əsaslandırdı.
Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü “Balanslı xarici siyasət konsepsiyası”nda region dövlətləri ilə mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurulması nəzərdə tutulur, ABŞ ilə qurulan münasibətlərə xüsusi əhəmiyyət verilir, inkişaf etmiş Avropa dövlətləri ilə münasibətlərin qurulmasına həssaslıqla yanaşılır, türkdilli dövlətlərlə, eləcə də İslam dünyası ilə münasibətlər qurulmasına can atılır, beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlığa önəm verilirdi.
Aydın olduğu kimi, Azərbaycanın xarici siyasət konsepsiyasında birinci yerdə region dövlətləri ilə qurulan münasibətlərin inkişaf etdirilməsi dururdu. Bu dövlətlər içində Gürcüstan Heydər Əliyevin xarici siyasətində ən mühüm istiqamətlərdən birini təşkil edirdi. Gürcüstanla qurulan münasibətlər ulu öndərin neft stratejiyası ilə birbaşa əlaqəli idi. Çünki Azərbaycan neftinin dünya bazarına çıxarılmasının, ilk dəfə Qərbə istiqamətlənməsinin məhz Gürcüstan vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bu, bəsit iqtisadi layihə deyildi, balanslı xarici siyasət konsepsiyasının ən güclü halqalarından biri idi. Bu layihə Gürcüstanla olan münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə yanaşı, Azərbaycanla birlikdə bu ölkənin də iqtisadi, dolayısı ilə siyasi qurtuluşuna şərait yaratmış oldu. Təsadüfi deyil ki, Cənubi Qafqazda inkişafın, tərəfdaşlığın simvoluna çevrilmiş, ulu öndərin neft strategiyasının şah damarı olan Bakı – Tbilisi – Ceyhan neft ixrac boru kəməri memarının şərəfinə Heydər Əliyevin adı ilə adlandırıldı.
Heydər Əliyev tərəfindən irəli sürülən Azərbaycan dövlətçiliyinin inkişaf strategiyası, o cümlədən baranslı xarici siyasət konsepsiyası Azərbaycan dövlətçiliyinin qurtuluş yolunun məhək daşlarındandır.
Samirə HƏBİBBƏYLİ, AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.