AMEA-nın Botanika İnstitutu tərəfindən "Qırmızı kitab"ın 3-cü nəşrinə dair məlumatların toplanması çərçivəsində ekspedisiyalar həyata keçirilib.
Bu məqsədlə institutun Ekosistemlərin fitososiologiyası laboratoriyasının əməkdaşlarının iştirakı ilə Lənkəran və Lerik rayonlarında çöl-tədqiqat işləri aparılıb.
Tədqiqatların məqsədi Lənkəran və Lerik rayonlarında nadir və itmə təhlükəsində olan növlərin monitorinqinin aparılması olub. Aparılan işlər zamanı bu növlərin yayılması, fenologiyası, fitosenotik xüsusiyyətləri və senopopulyasiyalarının müasir vəziyyəti tədqiq olunub. Nəticədə 15 nadir növün (Orchis fraqrans, Crocus caspicus, Scutelleria grossheymii, İris grossheymii, İris lycotis və s.) yayıldığı yerlər dəqiqləşdirilib, GPS koordinatları qeydə alınıb, sınaq meydançalarında müxtəlif yaşlarda olan fərdlərin sayı hesablanıb və onlara təsir edən faktorlar müəyyən edilib. Tədqiqatlar göstərib ki, bu rayonlarda rast gəlinən nadir növlər antropogen təsirlərə (infrastrukturun genişlənməsi, malqaranın otarılması) məruz qalır. Endem, eləcə də dərman və dekorativ xüsusiyyətlərinə görə tədqiq olunan növlərin Azərbaycanın "Qırmızı kitabı"nın 3-cü nəşrinə salınması tövsiyə olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.