1918-ci il iyun ayının 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində Səhiyyə Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bu tarix 2001-ci ildən başlayaraq ölkəmizdə Səhiyyə İşçiləri Günü kimi qeyd edilir.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda tibb tarixinə dair xeyli material qorunub saxlanılır. Bu sənədlər sırasında Azərbaycanın tanınmış tibb işçilərinin müxtəlif zamanlarda fəaliyyətini əks etdirən dörd fotoşəkil də (inv. №554/1, 7, 9, 12) yer alır.
Bu şəkillər arasında 1893-cü ildə Tiflis gimnaziyasında dərs alan tanınmış cərrah Bahadır Qayıbovu, 1912-ci ildə Xarkovda təhsil alan azərbaycanlı tələbələrdən Mirəsədulla Mirqasımovu (sonradan Azərbaycan EA-nın ilk prezidenti seçilmişdir), 1927-ci ildə Şamaxıda açılan tibb bacıları kurslarının tələbələrini, ötən əsrin 20-ci illərində Lerikdə dosent Əlisəttar Sultanovun rəhbərliyi ilə çöldə qurulan səyyar tibb məntəqəsinin işçilərini görmək olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.