Məlum olduğu kimi, AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması məsələlərinə hər zaman böyük önəm verilir. Bu məqsədlə ərazinin daha da gözəlləşməsi və müasirləşməsi istiqamətində müntəzəm olaraq abadlıq-quruculuq işləri aparılır. Parkın ərazisində bir müddətdir davam edən abadlaşdırılma və təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir.
20 hektar sahəni əhatə edən ərazidə həyata keçirilən əsaslı abadlıq-quruculuq və yenidənqurma nəticəsində sahədə yerləşən binaların fasadlarının rənglənməsi, yol kənarı bardürlərin yenilənməsi, ərazinin tullantılardan təmizlənməsi işləri görülüb.
Abadlaşdırma işləri çərçivəsində ərazidəki bütün işıq dirəkləri müasirləşdirilib. Həmçinin kimyəvi maddələr, anbar üçün materiallar, arxiv materialları və s. saxlanılması üçün konteynerlər quraşdırılıb.
Bununla yanaşı, YT Park və “İntertek Azeri LTD” MMC arasında texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin imkanlarından birgə istifadə etməklə təcrübə-test-sınaq işlərinin təşkilini həyata keçirməyi nəzərdə tutan əməkdaşlığa dair müqaviləyə müvafiq olaraq, mərkəzdə təmir-bərpa işləri aparılıb. Müxtəlif kimyəvi tərkibə malik maddələrin keyfiyyətinə nəzarət olunması üçün fəaliyyət göstərən nümunələrin qəbulu otağı əsaslı təmir olunub.
Texnoparkda yaşıllıq ərazilər genişləndirilib, onlara aqrotexniki qulluq göstərilərək yeni ağaclar, gül-çiçək kolları, eləcə də limon ağacları əkilib, budama aparılıb. Yaşıllığın qorunması üçün mütəmadi olaraq suvarma işləri həyata keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.