Tariximizi tanıtmağın bir yolu da ədəbiyyatdır. Tarixçilər, ədəbiyyatşünas alimlər, tarixi mövzuda bədii əsərlər yazan müəlliflər də Azərbaycan dövlətinin böyük keçmişini faktlarla süslənmiş rəngli bir mənzərəsini yaradırlar. Bu möhtəşəm tarixi araşdıran tarixçi də, onun ədəbi simalarını, ədəbi mühitini qaynaqlarla canlandıran ədəbiyyatşünas da bizə hökmdarlarımızı, sərkərdələrimizi, qəhrəmanlarımızı təqdim edir və saxtakarlıqları ciddi, sənədli dəlillərlə, prinsipial mövqedən inkar edib, tarixi ədaləti bərqərar edirlər. Bu baxımdan minlərlə tarixi araşdırmaları tamamlayan ədəbi əsərlərdən, ədəbi simalardan, ədəbi mühitdən, həm də ədəbi yaddaşımızı bərpa edən tarixi araşdırmalardan, faktlardan, sənədlərdən və s. bəhs etmək olar.
Bu gün Azərbaycan xalqı, şanlı Azərbaycan ordusu Ali Baş Komandanımız, Prezident İlham Əliyevin səriştəli rəhbərliyi, uzaqgörən siyasəti ilə Qarabağda yeni bir tarix yazır. Və bu tarixin yalnız ilk səhifələridir, tarixi-ədəbi epopeyalar hələ yazılacaq...
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda klassik və müasir ədəbi irsimizin, ədəbiyyat tariximizin, ulu türkçülük yaddaşımızın ən müxtəlif aktual, maraq doğuran və ağrılı məsələlərinə həsr olunmuş tədqiqatlar aparılır, beynəlxalq səviyyədə tədbirlərin keçirilməsi uğurla davam edir. Sərhədləri aşaraq müxtəlif dillərdə dünya ölkələrində yayımlanan araşdırmaların, məruzələrin, tezislərin əsas başlığı bu gün “Qarabağ Azərbaycandır!” şüarıdır. Ədəbi yaddaşımızda iz qoymuş qəsbkar qonşularımızın törətdiyi soyqırımları, torpaqların işğal olunması, güllələnmiş abidələrimiz, babalarımızın haqq savaşları, nənələrimizin dilindəki o yanıqlı bayatılar, ağılar və daha nələr, nələr - tarixi faktları tamamlayan bu ədəbi faktlar zamanın yaralarının közünü qopardır. Məlhəmi isə qələbə ətirli xəbərlər, çıxışını səbrsizliklə gözlədiyimiz Prezident İlham Əliyev və şanlı Azərbaycan ordusunun Zəfər paradı oldu.
Alimlərimizin son iki ildə elmi yaradıcılıq nümunələrinə nəzər salsaq, 44 günlük Vətən mücadiləsi daxil olmaqla Qarabağ savaşının hər anının böyük vətən sevgisi, vətən təəssübkeşliyi ilə izləndiyinin şahidi olarıq. Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Ermənistanın öz məğlubiyyətini danmaq cəhdləri və saxtakar təxribatçılığı”, “Erməni terrorizminə öz adı ilə qiymət verilməlidir”, “Vətən savaşında tarixi zəfər”, “Azərbaycan Prezidentinin siyasəti qalib gələcək”, “İlham Əliyevin mükəmməl xilas modeli”, “Azərbaycan-Türkiyə birliyi: türk dünyası üçün örnək”, “Bütövlüyün təntənəsi Zəfərin isti izlərinin poeması”, “Qələbə paradı: qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir” və b. yazıları ədəbiyyatşünaslıq elmimizin vətən çağırışı kimi səslənirdi.
Qarabağ müharibəsinin şiddətli dövründə yazıçı Elif Şəfəqin erməni yazıçı “dostlarını” dəstəkləməsinə qarşı çıxan akademik İsa Həbibbəyli yazırdı: “Elif Şəfəqin Dağlıq Qarabağ ərazisində dağıdılmış azərbaycanlı qəbiristanlıqlarının və donuz, inək saxlanan müsəlman məscidlərinin deyil, erməni kilsəsi təəsübkeşliyini çəkib, kilsəni müdafiə edən yazıçı kimi özünü göstərməsi ilə uydurma sülh çağırışları bir-birini tutmayan addımlardır”.
Müharibə dövründə və ondan sonrakı müddətdə Azərbaycan həqiqətlərini və ermənilərin torpaqlarımızda törətdikləri vəhşilikləri dünyaya bəyan etmək ziyalılarımızın vətən, xalq qarşısında müqəddəs borcudur. Ağdam, Laçın, Kəlbəcər, Şuşa harayı ilə döyüşən ordumuzun hər qələbəsindən ruhlandıqca, üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə dalğalandıqca sevinci, qüruru dalğalanan xalqın bu mənəvi haqqını ifadə etmək ədəbiyyatşünaslarımızın müqəddəs vəzifəsinə çevrildi. Hər yaralanan əsgərinin ağrısını canının ağrısı, hər dağıdılmış vətən abidəsini qəlbinin yarası sayan alimlərimizin elmi-publisistik yazıları, məqalələri qələbə əzmində ermənilərə də, ermənipərəst qüvvələrə də cavab, dünyaya haray kimi səslənirdi.
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Tarixin fürsəti” məqaləsində “Sülh olmazsa, hərb yoluna!”, - deyərək Qarabağ mücadiləsində tam qələbəyə inamı”nı ifadə edirdi.
Filologiya elmləri doktoru Vaqif Yusifli poeziyamızın susmadığını dilə gətirərək “Ümid sənədir ancaq Azərbaycan əsgəri!”, - deyə ordumuza müraciət edirdi.
Filologiya elmləri doktoru Elnarə Akimovanın “Atıldı dağlardan zəfər topları”, “Ermənilərin öldürdüyü uşaqlar”, “Şuşada azan səsi” başlıqlı məqalələri alim, ziyalı olmaqla yanaşı, bir ana, bir qadın ürəyinin dünyaya hayqıran harayı idi.
Filologiya üzrə fəlsəfə doktoru Fidan Nizaməddinqızının “Yetim qalmış oyuncaqlar”ın ağrısına, Gəncədə uşaqlara atəş açan qəsbkarlara professor Vüqar Əhmədin sözü bu oldu: “Ermənistan törətdiyi təxribatlara görə peşman olacaq!” Və oldu da... Professor Qəzənfər Paşayevin yazdığı kimi “Qisas qiyamətə qalmadı...”
Fəlsəfə doktorları Samir Səttarovun “İti qovan” Azərbaycan ordusunun hünəri”, “Terrorçu dövlətin terror siyasəti”, Mehman Həsənlinin “Əsrə bərabər bir ay”, “Gənclər Prezident İlham Əliyevin çağırışına hazırdır” məqalələri gənc mütəxəssislərimizin qələmiylə savaşmaq əzminin göstəricisi idi.
Müharibə, insan qanının tökülməsi, yaralı qazilər, şəhidlər, nakam talelər, yetim qalmış körpələr, dul gəlinlər və daha nə dərdlər deməkdir. Filologiya elmləri doktoru, professor Tahirə Məmmədin “Qarabağ savaşı: sözümüz və özümüz”, “Şuşa ədəbi məclisləri: funksiya və missiyası”, filologiya elmləri doktorları Cavanşir Yusiflinin “Müharibə və ədəbiyyat” davası, Pərvanə Bəkirqızının “Mədəni dəyərlərimizə qarşı erməni barbarlığı”, “Uşaqlığımın yay ayları: Qarabağ”, Əlizadə Əsgərlinin “Məslək vuruşunda səngər başında”, Eşqanə Babayevanın “Ədəbiyyatın Qarabağ incisi”, Gülbəniz Babayevanın “Haqq savaşımızla tarixin qızıl səhifələri yazılır”, Bəsirə Əzizəlinin “Pakistanın Müslüm İnstitutundan Azərbaycana dəstək mesajları” və s. - bütün bu yazılarda ədəbiyyatımızda Qarabağ savaşının işıqlandırılması məsələlərinə bu mövqedən yanaşılırdı.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Sənə zəfər yaraşır Azərbaycan ordusu!” başlıqlı məqaləsində bildirdiyi arzusu isə sosial şəbəkələrdə statuslara çevrilmişdi, “Azərbaycan xalqı çoxdan həsrətində olduğu qələbənin arzusundadır. Haqqımız olan nəsibimiz olsun!”, “Kəlbəcərli ömrün mübarək, Azərbaycan!”, “Möcüzəli və saf Şuşa” yazıları isə ordumuzun qələbə və zəfər sevinci ilə xalqına gözaydınlığına gəldi.
Filologiya elmləri doktoru Mərziyyə Nəcəfovanın həm müharibə dövrü, həm də sonrakı müddətdə yazdığı “Azərbaycan poeziyasında Milli Qəhrəman Şirin Mirzəyev obrazı”, “ Poeziyamızın baş komandanı”, “Vətənə çevrilib vətən olanlar”, “Şəhidliyin ünvanı əbədiyyətdir”, “Poeziyada Vətən müharibəsi” və s. silsilə məqalələr vətən uğrunda döyüşən igidlərimizə həsr olunurdu.
Gülnar Səmanın “Murov döyüşlərinin qalib döyüşçüsündən söz açmaq qüruru” oçerki ilə davam edən bu silsilə yazılar yazılacaq böyük tarixin ədəbi-publisistik səhifələridir. Filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevanın “Vətən müharibəsində nəğmə dolu bir ürəklə”, “Mən Qarabağsız yaşaya bilmərəm”: arzuları çin olan Əfəndiyevlər”, “Qələbə sevincli, qələbə intizarlı Ədəbiyyat İnstitutu” yazıları da Vətən müharibəsi ruhunda yazılmışdır.
Filologiya üzrə fəlsəfə doktoru, gənc ədəbiyyatşünas Elnarə Qaragözova da “Qarabağa doğru” adlı essesində zəfər yollarında Azərbaycan əsgərinin mətin addımlarını dünyaya səs salan sədasına varırdı: “Ayaq səslərimizi eşidirsənmi, ey yağı düşmən?! Biz evimizə qayıdırıq!...”
Ədəbiyyat İnstitutunun əməkdaşları bu gərgin və ilhamverici qələbə ruhu ilə həm də pandemiya dövrünün məhdudiyyətləri çərçivəsində bacardıqları qədər həm öz plan işləri, elmi tədqiqatları üzərində işlədilər, həm də vətənin harayına vətən harayı ilə cavab verməyə hazır olduqlarını əməlləri ilə təsdiq etdilər. Böyük rəşadətli ordumuzun qəhrəmanlıqları, Prezidentimiz, Ali Baş Komandanın rəşadəti fonunda bunlar cüzi və rəmzi görünsə də, arxa cəbhədə vətənə bir xidmətdir. Məqalədəki nümunələr ədəbiyyatşünas alimlərimizin böyük vətən təəssübkeşliyi ilə yazılmış yazılarının çox az bir hissəsidir. Ədəbiyyat İnstitutunun saytında bu elmi və publisistik yazılardan ibarət “Qarabağ Azərbaycandır!” tammətnli elektron məlumat bazası yaradılmışdır. Arzu edənlər bu yazılarla saytımızda tanış ola bilərlər.
Zakirə ƏLİYEVA, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.