“Elm TV” internet televiziyasında “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabına həsr olunmuş videosüjet yayımlanıb.
Videosüjetdə bildirilib ki, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun rus dilində çapdan çıxmış monoqrafiyası dahi Nizami Gəncəvinin elmi baxışlarının təhlilinə həsr edilib.
Süjetdə kitabın müəllifi E.Əmirov dahi mütəfəkkirin yaradıcılığının əsas elmi cəhətlərindən bəhs edərək qeyd edib ki, Nizami əsərlərində yalnız faktların konstatasiyası ilə məşğul olmayıb, həm də onlara münasibət bildirib. Dahi mütəfəkkirin ən aktual elmi problemlərə dair öz elmi, əsaslandırılmış baxışı olub.
Əlavə edib ki, Nizaminin şəxsiyyətlərə və hadisələrə olan münasibətinin dərindən təhlilini apardıqda və həmin təhlili real tarixi mənbələrlə müqayisə etdikdə, dahi şairin heç zaman tarixilikdən kənara çıxmadığını müşahidə etmək olur.
E.Əmirovun sözlərinə görə, Nizami əsərlərini ərsəyə gətirərkən Şərq mənbələri ilə yanaşı, antik yunan mənbələrinə də müraciət etmiş, eləcə də Azərbaycan tarixi barədə geniş məlumata malik olmuş, öz xalqının, vətəninin taleyi onu dərindən maraqlandırmışdır.
Kitabın müəllifi hər bir əsərə, şəxsiyyətə dövrün kontekstindən yanaşmağın zəruriliyi məsələsinə toxunaraq qeyd edib ki, orta əsrlər dövrü kontekstindən nəzər saldıqda Nizaminin bir düha, mütərəqqi şəxsiyyət olduğunu, onun bütün baxışlarının gələcəyə hesablandığını görmək mümkündür: “Nizami bütün ideoloji çərçivələrdən, məhdudlaşdırıcı, milliyətçi, dini və s. görüşlərdən uzaq, ümumbəşəri ideyaları bölüşən bir insandır. O dövrün Şərq elminin bütün yenilikçi, mütərəqqi fikirləri ona xasdır. Nizami öz əsərlərində bu fikirləri təbliğ edir və dövrün ictimai-siyasi fikir tarixinə öz töhfəsini verir. Nizami bir çox əsərlərində elmi şeirdən üstün tutduğunu da açıq şəkildə ifadə edir. Bildirir ki, alimin dəyəri şairin dəyərindən, elmin faydası şeirin faydasından qat-qat yüksəkdir”.
Videosüjetdə qeyd olunub ki, monoqrafiyanın ərsəyə gəlməsində Nizaminin əsərlərindən, dahi şairin yaradıcılığı ilə bağlı ən müxtəlif mənbələrdən, elmi tədqiqatlardan və biblioqrafik göstəricilərdən istifadə olunub.
“Elm TV”də yayımlanmış videosüjeti təqdim edirik:
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.