Dekabrın 29-da Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyində “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə dövlət və hökümət rəsmiləri, elm və mədəniyyət xadimləri, müxtəlif qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı açaraq kitabın rəhbərlik etdiyi muzeyin Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu ilə beynəlxalq əməkdaşlığı çərçivəsində hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, yeni nəşr muzeyin Arxeologiya fondunda qorunan şirli keramika kolleksiyasının illüstrasiyalı albomla müşayiət olunan ilk kompleks tədqiqatıdır. Kolleksiyanın əsasını tanınmış Azərbaycan arxeoloqu İshaq Cəfərzadə tərəfindən 1938-1940-cı illərdə Gəncə şəhər yeri ərazisində aparılmış qazıntılarda əldə olunan arxeoloji materiallar təşkil edir.
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan və Özbəkistan mütəxəssislərinin iştirakı ilə həyata keçirilən “Gəncənin IX-XV əsrlər şirli keramikası” adlı layihə barədə məlumat verən alim sözügedən layihəyə əsasən qədim Gəncənin şirli keramikası üzərində araşdırmaların aparıldığını, şirli keramika nümunələrinin dövrlər üzrə qruplaşdırıldığını, təsvir və ölçülərinin götürüldüyünü söyləyib. O, həmçinin muzeyin Bərpa laboratoriyasında şirli keramikanın restavrasiyası və konservasiyası üzrə nəzəri və təcrübi məşğələlərin həyata keçirildiyini deyib.
Direktor “Gəncənin IX-XV əsrlər şirli keramikası” layihəsi çərçivəsində müştərək beynəlxalq əməkdaşlığın nəticəsi kimi ərsəyə gələn kitabın mühüm mənbə rolunu oynadığını, Gəncə şirli keramika məktəbinin mövcudluğunu isbat etdiyini bildirib.
Çıxışının sonunda akademik Nailə Vəlixanlı Azərbaycan və Özbəkistan arxeoloqlarının dörd illik gərgin zəhmətinin bəhrəsi olan nəşrin elmi əhəmiyyətini vurğulayıb, müəlliflərə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev çıxış edərək kitabda Gəncə şəhərinin orta əsr dövründəki keramika sənəti incəliklərinin və bu sənətin regionun mədəni inkişafındakı rolunun ətraflı şəkildə işıqlandırıldığını bildirib. O, rus və ingilis dillərində nəfis şəkildə çapdan çıxmış kitabın Türk dünyasının zəngin irsini, mədəniyyətini öyrənmək və beynəlxalq aləmdə təbliğ etmək baxımından önəmini qeyd edib. Bildirib ki, kitabda yer alan arxeoloji mənbələr, elmi araşdırmalar türk xalqlarının ayrı-ayrı mədəniyyətlərə deyil, əksinə, qırılmaz bağlara malik müştərək türk mədəniyyətinə sahib olduqlarını isbat edir.
Akademik Şahin Mustafayev vurğulayıb ki, nəşrdə müəlliflər türk dünyasının xüsusiyyətlərini dolğun məlumatlar əsasında əks etdirməklə türklüyün bütövlük gerçəkliyini sübut edib, türk sivilizasiyasının bölünməzliyini, türk dünyasının vəhdətini elmi əsaslarla təqdim etməyə nail olublar.
O, şirli keramikanın analizi aparılarkən müqayisəli material kimi Azərbaycan, Mərkəzi Asiya, İran və digər orta əsr şəhərlərində aşkar edilən, bədii-texnoloji baxımdan Gəncə kolleksiyası ilə oxşar cəhətləri olan nümunələrin də tədqiqata cəlb olunduğunu söyləyib. Bildirib ki, əsərdə Gəncənin şirli keramikası ilk dəfə əhatəli şəkildə tədqiq olunub.
Akademik Şahin Mustafayev “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” kitabını mədəni irsimizin daha dərindən öyrənilməsi və Türk dünyasının mədəniyyət tarixinin təbliği baxımından əvəzsiz tarixi mənbə kimi dəyərləndirib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti prof. Aktotı Raimkulova, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri professor Qafar Cəbiyev və həmin institutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli çıxış edərək kitabının elmi məziyyətlərindən danışıblar. Çıxışçılar ictimaiyyəti maarifləndirmək, Türk dünyasının maddi-mədəni dəyərlərini müasir dövrdə yetişən nəsillərə aşılamaq baxımından əsərin əhəmiyyətini qeyd ediblər.
Sonda kitabın müəllifləri - Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri tarix elmləri doktoru Tarix Dostiyev və Özbəkistan Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzinin Y.Qulamov adına Səmərqənd Arxeologiya İnstitutunun böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Aysulu İsgəndərova çıxış edərək nəşrin orta əsr Gəncəsinin şirli keramikası haqqında mühüm məlumatların toplandığı qiymətli vasitə olduğunu söyləyiblər. Onlar kitabın ərsəyə gəlməsində əməyi olanlara, eləcə də tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” kitabının elmi redaktorları akademiklər Nailə Vəlixanlı və Şahin Mustafayevdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.