Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.12.2024 16:55
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin Elmi şurasının iclası keçirilib

Yer Elmləri Bölməsinin Elmi şurasının iclası keçirilib

Dekabrın 28-də AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının iclası keçirilib.

İclasda Elmi şuranın üzvləri və elmi müəssisələrin rəhbərləri iştirak ediblər. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Yer Elmlər Bölməsin Elmi şurasının sədri akademik İbrahim Quliyevin təklifi ilə Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra akademik İbrahim Quliyev iclasın gündəliyi - “Yer Elmləri Bölməsinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti üzrə hesabat”, “Azərbaycan Respublikasinda Yer Elmləri üzrə elmi tədqiqatlarin tövsiyyə olunan prioritet istiqamətləri və mövzuları (2025-2030-cu illər üçün)”, “COP29-un yekunları və AMEA Yer Elmləri Bölməsinin vəzifələri” barədə iclas iştirakçılarına məlumat verib.

İclasda elmi müəssisələrdə 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunları, əldə olunmuş mühüm elmi nəticələr, nailiyyətlər və mövcud problemlər müzakirə edilib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Azərbaycan Respublikası Eım və Təhsil Nazirliyinin Neft Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov, Geologiya və Geofizika İnstitutunun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov elmi müəssisələrin şöbə və laboratoriyalarında həyata keçirilmiş elmi-tədqiqat işləri barədə danışıblar.

AMEA vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA-nın Yer Elmləri Bölməsinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatı təqdim edib və görülmüş işlər haqqında məlumat verib. Qeyd edilib ki, cari ildə 14 problem, 44 mövzu, 51 iş, 14 mərhələ üzrə elmi tədqiqat aparılmış, bunlardan il ərzində 3 mövzu, 9 iş tamamlanmışdır. Hesabat ilində 37 kitab (9-u xaricdə) və 9 monoqrafiya (1-i xaricdə), 92 məqalə - impakt faktorlu jurnallarda olmaqla, 367 məqalə (160-ı xaricdə) və 123 tezis (65-i xaricdə), habelə 22 dərslik və dərs vəsaiti nəşr olunmuş, bölmə əməkdaşlarının əsərlərinə 2975 istinad qeydə alınmışdır. Bölmənin əhatə etdiyi elmi tədqiqat müəssisələrində əldə edilmiş 13 mühüm nəticə iclas iştirakçılarının diqqətinə çatdırılıb. Bölmənin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti Elmi şuranın üzvləri tərəfindən yüksək qiymətləndirilib, təqdim olunan hesabat şura üzvləri tərəfindən təklif edilmiş bəzi əlavələr və düzəlişlər nəzərə alınmaqla təsdiq edilib.

Elmi şuranın iclasında Azərbaycan Respublikasında Yer elmləri üzrə elmi tədqiqatların tövsiyyə olunan prioritet istiqamətləri də təsdiqlənib. Müzakirələrdə çıxış etmiş AMEA-nın həqiqi üzvləri İbrahim Quliyev, Fəxrəddin Qədirov, Əkpər Feyzullayev, AMEA müxbir üzvləri Qalib Əfəndiyev, Bağır Süleymanov, Təbiət Tarixi Muzeyinin baş direktoru biologiya üzrə fəlsəfə doktoru Tariel Eybatov elmi tədqiqatların tövsiyyə olunan istiqamətləri ilə bağlı rəy və təkliflərini bildiriblər.

2025-2030-cu illər üçün ölkəmizdə Yer elmlərinin inkişafının əsas istiqamətləri kimi Azərbaycanın təmiz enerji mənbələrinin - Günəş, külək, dalğa, geotermal sular, vulkanların enerji potensialı və onlardan istifadə üsullarının elmi təhlili, Xəzər dənizinin Azərbaycan sektorunun neft-qaz potensialının yeni elmi nəticələrə əsaslanan təhlili, istixana qazı emissiyasını azaltmaq məqsədilə iri sənaye obyektlərindən atmosferə atılan karbon qazının tutularaq yığılması, saxlanılması və xammal kimi istifadəsinin elmi əsaslarının işlənməsi, zəlzələlərin və palçıq vulkanı püskürmələrinin öyrənilməsi, strateji əhəmiyyətli faydalı qazıntı yataqlarının proqnozlaşdırılması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, iqlim dəyişikliklərinin Azərbaycanda sosial-iqtisadi və demoqrafik proseslərə təsirinin azaldılması yollarının araşdırılması, Xəzərin səviyyə tərəddüdlərinin, ekosisteminin kompleks tədqiqi, Azərbaycanın su ehtiyyatlarının müasir vəziyyətinin qiymətləndirilməsi,  əhalinin məskunlaşması və digər iqtisadi-соğrafi və demoqrafik problemləri istiqamətlərində tədqiqatların aparılması və s. nəzərdə tutulur.

İclasda AMEA-nın Yer Elmləri Bölməsi alim və mütəxəssislərinin COP29-da iştirakı da müzakirə olunub, tədbirin yekunları və nəticələri işığında bölmənin vəzifələri ilə bağlı qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: