AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin təşəbbüsü ilə institutun Akt zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük ədəbi məktəbin banisi, maarifpərvər şair Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb, çıxışında zəngin yaradıcılığı ilə ədəbiyyat tariximizin inkişafında mühüm rol oynamış böyük ictimai xadim, görkəmli ədib və filosof Seyid Əzim Şirvaninin ədəbi-bədii irsindən söz açıb. Qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə və dini etiqadın xüsusi yer tutduğunu diqqətə çatdıran alim şairin öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə etdiyini vurğulayıb. Daha sonra çıxış üçün sözü məruzəçilərə verib.
Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Nailə Səmədova, həmin şöbənin elmi işçiləri Günel Quliyeva və Xanımbacı Məlikzadə, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Samirə Əliyeva, Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Xoşqədəm Mirzəyeva və Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin mütəxəssisi Nərminə Salmanlı mövzuya uyğun məruzələrində Füzuli məktəbinin davamçısı olan Seyid Əzim Şirvaninin arxivinə nəzər salaraq onun pedaqoji fəaliyyətindən, dini-fəlsəfi görüşlərindən bəhs edib, şairin irsinin cünglərdə təsvirindən və bu irsə multidissiplinar yanaşmadan söz açıblar.
Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Raqub Kərimov məruzələr ətrafında çıxış edərək Seyid Əzim Şirvanini öz dövrünün Füzulisi adlandırıb. Bildirib ki, yaradıcılığında həqiqi sevgini, humanist dəyərləri və maarifçiliyi tərənnüm edən şair Axundovun demokratik hakimiyyətinin ən gözəl xüsusiyyətlərini, Füzuli və Vaqif lirikasını, Zakir satirasını özündə birləşdirərək onların ənənələrini davam etdirib. Çıxışının sonunda alim institutun rəhbərliyi başda olmaqla tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçıları institutun Ekspozisiya zalında Əlyazmaların elmi ekspozisiyası və təqdimi və Şəxsi arxivlərin tədqiqi şöbələrinin birgə hazırladıqları “Seyid Əzim Şirvani - 190” adlı sərgi ilə tanış olublar. Sərgidə görkəmli ədibin şəxsi arxiv materialları, əsərlərinin əlyazma nüsxələri, portreti və fotoları nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.