Alaqanqal bitkisi (Silybum marianum) Mərkəzi və Cənubi Avropada, eləcə də Orta Asiyada yayılıb. Bu bitki Rusiyanın Avropa hissəsinin cənub bölgələrində, eləcə də Qərbi Sibirin cənub ərazilərində daha çox rast gəlinir. Azərbaycanda alaqanqal Samur-Şabran, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Qobustan, Abşeron, Kiçik Qafqazın cənub, Böyük Qafqazın isə bütün rayonlarında, arandan başlayaraq, orta dağ qurşağına qədər (dəniz səviyyəsindən 1800 m qədər) bütün ərazilərində bitir. Kserofitdir, dağ-bozqır, quru-bozqır və alaq bitkilik tiplərində rast gəlinir.
Bu fikirlər AMEA-nın Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun İnnovasiya və elmi-istehsalat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov və Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin kiçik elmi işçisi Gülşad Məmmədovanın alaqanqal bitkisinin faydalarına dair birgə müəllifi olduğu məqalədə əksini tapıb.
Belə ki, əsasən əkinlərdə, dincə qoyulmuş torpaqlarda, yol kənarlarında, quru yamaclarda yayılır. Çox vaxt cəngəlliklər əmələ gətirir. İkiillik bitki olub, 60-150 sm hündürlükdədir. Bitkinin dik budaqlı gövdəsi çılpaq olmaqla, gümüşü ləkələri tünd-yaşıl və ya açıq-yaşıl yarpaqlarla örtülmüşdür. Yarpaqları çılpaq, iri, enli neştərvari, damarları boyunca ağ ləkəlidir. Çiçəkləri al qırmızı-bənövşəyi rənglidir. Üzərindəki meyvələr boz, açıq-qəhvəyi və ya qara rəngli olur. Səbəti əhatə edən yarpaqları iti sonluqlu olmaqla, üzərində uzun tükcükləri olur. Toxumları qoxusuz və acı dadlıdır. Aprel-may aylarında çiçəkləyir və may-iyun aylarında isə meyvələri yetişir. Tərkibində piylər, efir yağları, alkaloid, saponin, flavonoid, K vitamini, qatran, kauçuk, antosian və karotinoidlər vardır.
Alaqanqal farmakopeyaya daxil olan ofissinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Tibet, ənənəvi və xalq təbabətində, homeopatiyada, eləcə də kliniki sınaqlar üçün farmakologiyada geniş tətbiq edilir. Əsasən qaraciyər, öddaşı, plevrit, bağırsaq xəstəlikləri, həmçinin yanıqlar, babasil və sarılıq zamanı geniş spektrdə istifadə olunur. Antioksidant, ödqovucu, qankəsici, hipotenziv, işlədici və yarasağaldıcı təsirə malikdir. Alaqanqalın müalicəvi xüsusiyyətləri (bəzi bölgələrdə südotu da adlanır) insanlara qədim zamanlardan məlum idi. Təbabətdə tərkibinin 400-ə qədər bioaktiv maddələrdən ibarət olduğu məlumdur.
Alaqanqalın tərkibi, təsiri, istifadə üsulları və digər ənənəvi dərmanlardan üstünlükləri haqqında məlumat verək. Asteraceae fəsiləsinə aid olan bu bitki ilk növbədə qeyd edildiyi kimi qaraciyər, mədə və bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Eyni zamanda dəri, ağciyər, ginekoloji xəstəliklər və ürək-damar patologiyalarının müalicəsində də əvəzsiz sayılır. Müalicə məqsədi ilə bitkinin kökü, meyvəsi və toxumları istifadə edilir. Belə ki, bunun üçün toxumlu zənbilləri kəsilir və yarpaqları toplanır. Payızda bitkinin kökləri qazılaraq çıxarılır, axan suyun altında yuyulur və 40-50 dərəcə temperaturda qurudulur. Toxumları isə tam qurudulduqdan sonra yaxşı havalandırılan yerlərdə parça torbalarda saxlanılır. Cövhər, dəmləmə, spirtli tinktura və ekstrakt şəklində istifadə edilir. Tərkibində silimarin adlı maddə vardır. Təbiətdə bitkilərin tərkibində nadir hallarda olan bu maddə hüceyrələrinin membranını müxtəlif təsirlərdən qoruyur.
Silimarin bundan başqa, hüceyrə membranı keçiriciliyini gücləndirir və yeni hüceyrələrin yaranmasını təşviq edir. Eyni zamanda zülal sintezini stimullaşdırır, selik istehsalını artırır və zəhərli maddələrin zərərsizləşdirilməsinə kömək edir. Silimarin həm də öd kisəsi və qaraciyər xəstəliklərinin profilaktika və müalicəsi üçün əla bioagent hesab olunur. Bundan başqa hüceyrə və toxumaları bərpa edir, iltihabı aradan qaldırır və metabolik prosesləri gücləndirir. Hepatoprotektor (qaraciyər qidalandırıcı) kimi hepatit və sirrozlarda, dalaq xəstəliklərində, öd yollarının iltihabında, öddaşı, kolit, xolesistit və şəkərli diabet xəstəliklərin müalicəsində istifadə edilir. Öskürək, sinə ağrıları, ürəkbulanma, qızdırma və susuzluqda faydalıdır. Təbabətdə eyni zamanda tərqovucu vasitə kimi də istifadə edilir.
Kökündən hazırlanmış həlimi xarici vasitə kimi şiş və irinləmələrin müalicəsində təyin edilir. 30 q xammalın üzərinə 0,5 litr qaynar su tökülür, suyun yarısı qalana qədər qaynadılır və süzülür. Gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı yeməkdən 1 saat sonra qəbul edilir. Müalicə kursu 1-2 aydır. Həmçinin toxumunu toz halına salaraq gündə 4-5 dəfə, hər dəfə 1 çay qaşığı qida qəbulundan 20 dəqiqə əvvəl 1 ay müddətində qəbul etmək immunitet sistemini gücləndirir.