Bu gün Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı Laureatı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun anım günüdür.
17 dekabr 1924-cü ildə Nuxa qəzasında (indiki Şəki) dünyaya gələn Şirməmməd Hüseynov baza təhsilini burada alır və daha sonra müəllim kimi fəaliyyət göstərir. Sonradan “Nuxa fəhləsi” qəzeti ilə başlayan əməkdaşlığı onu jurnalistika aləminə gətirib çıxarır. O, mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifi idi. Şirməmməd Hüseynov bir alim və pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq, yetişməkdə olan nəslə çatdırmaqla böyük xidmətlər göstərib.
Şirməmməd Hüseynov iki dəfə "Qızıl qələm" mükafatına, H.Zərdabi, Y.Məmmədəliyev, M.Ə.Rəsulzadə adına mükafatlara layiq görülüb.
Əməkdar jurnalist Şirməmməd Hüseynovun həyat və yaradıcılığı haqqında daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.