Çağdaş jurnalistikamızın ustad nümayəndəsi, Cümhuriyyət dövrünün görkəmli tədqiqatçısı, Azərbaycan jurnalistlərinin sevimli müəllimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar jurnalist Şirməmməd Hüseynovun vəfatından iki il ötür.
Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni bir məktəb səviyyəsinə yüksəltmiş Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikası tarixinin öyrənilməsində əvəzsiz xidmətləri olub. Azərbaycan jurnalistikasının “canlı ensiklopediyası” hesab olunan Şirməmməd müəllim mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifi idi.
Şirməmməd Hüseynov bir alim və pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərib. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi rolu vardır.
Əməkdar jurnalistin son illərə qədər qadağan olunub, eləcə də açıqlanmamış tarixi sənədlərə, görkəmli ictimai-siyasi və mədəniyyət xadimlərinin, jurnalist və publisistlərin əsrin əvvəllərində mətbuat səhifələrində dərc edilmiş yazılarına istinadən müasir həyatımızla səsləşən, onların tarixi əlaqəsi və köklərini anlamağa yardım edən məqalələri çağdaş dövrümüz üçün olduqca dəyərli mənbələrdir. Məhz Şirməmməd Hüseynov bir çoxlarına sirr olan bu məqamları üzə çıxararaq, xalqımızın başına gətirilən müsibətlərin hansı qaynaqdan həyata keçirildiyini incəliyinə qədər araşdırıb.
Mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin dediyi kimi, "Şirməmməd Hüseynovu tanıyan hər kəs bilir ki, onun qələmindən çıxan bütün yazıların arxasından onun sınmaz, dönməz, əyilməz şəxsiyyəti boylanır. Bu isə qələm əhli üçün çox vacib şərtdir. O, ətrafımızda cərəyan edən irili-xırdalı bütün hadisələrə yalnız öz gözləri ilə baxır, öz ağlı ilə qiymətləndirir. Onun yaxınlarına, qohum-qardaşına, dostlarına və hətta övladlarına olan münasibəti də eyni güzəştsiz prinsip və eyni baxış əsasında qurulub".
Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanmış alimin elmi kadrların yetişdirilməsində də böyük əməyi olmuşdur. Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd müəllimin xidmətləri böyükdür. Bu gün də onun tələbələri Bakı Dövlət Universitetində, eləcə də digər elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.
Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasının inkişafında uzunmüddətli səmərəli fəaliyyəti hər zaman yüksək qiymətləndirilmişdir. O, ömrü boyu bir sıra mükafatlara, o cümlədən “Nizami təqaüdü”, “Qızıl qələm”, “Zərdabi”, Yusif Məmmədəliyev adına mükafat, M.Ə.Rəsulzadə adına mükafata layiq görülmüşdür. 2014-cü ildə isə ölkə başçısının Sərəncamına əsasən Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunmuşdur.
Şirməmməd müəllim bütün varlığı ilə Cümhuriyyətimizin bir əsrlik yaşını bayram etmiş, yazdığı kitabları ilə 100 illiyi qeyd etmişdir. Lakin təəssüf ki, Qarabağımızın düşmən tapdağından azad edildiyini, Şuşaya üçrəngli bayrağımızın sancıldığını görmək ona nəsib olmadı.
2019-cu il iyunun 24-də vəfat edən Şirməmməd Hüseynov yaşasaydı, 97 yaşını qeyd edəcəkdi. Şirməmməd müəllim dünyaya vida etsə də, xalqımızın qəlbində daim yaşayacaq!
Nərgiz QƏHRƏMANOVA, AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.