Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.07.2021 11:54
  • A-
  • A
  • A+

YT Parkın kollektivi texnoparkın Vətən müharibəsində şəhid olmuş əməkdaşının məzarını ziyarət edib

YT Parkın kollektivi texnoparkın Vətən müharibəsində şəhid olmuş əməkdaşının məzarını ziyarət edib

İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, müqəddəs amallar uğrunda döyüşən, qorxu nə olduğunu bilmədən vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunun əməkdaşı olmuş Rafiq Heydərovdur. Vətən müharibəsinin qəhrəman, cəsur döyüşcülərindən olan Rafiq gəncliyini, ömrünü Vətənə fəda edərək adını heç zaman unudulmayacaq qəhrəmanlar sırasına yazıb. Yaşasaydı, ömrünün 26-cı baharını görərdi.

İyulun 1-də R.Heydərovun ailə üzvləri və yaxınları, əsgər yoldaşları, qazilər, onun orta təhsil aldığı Binəqədi rayon 301 saylı məktəbin müəllimləri və şagirdləri, eləcə də ali təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları, həmçinin YT Parkın kollektivi II Fəxri Xiyabanda şəhid Rafiq Heydərovun doğum günündə onun məzarını ziyarət ediblər.

Mərasim iştirakçıları Rafiq Heydərovun unudulmaz xatirəsinə bəslədikləri hörmət və ehtiramın ifadəsi olaraq onun məzarı üzərinə əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Anım mərasimində YT Parkın baş direktoru Vasif Abbasov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin dekan müavini Etibar Quliyev, Hacı Surxay Məmmədli, qazi Hacı Rauf Sərdarov, şəhidin döyüş yoldaşları, müəllimləri və digər çıxış edənlər qəhrəman şəhid Rafiq Heydərovun qısa və şərəfli ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd olunub ki, Rafiq Hüseynov 1995-ci il iyulun 1-də Bakı şəhərində dünyaya göz açıb. Ürəyində vətən sevgisi olan Rafiq torpaqlarımızın erməni təxribatçılarından azad edilməsi uğrunda başlayan zəfər yürüşündə iştirak edib. O, vətənin səsinə səs verib, tərəddüd etmədən döyüşlərə yollanıb. 2020-ci il oktyabrın 14-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən də danışılıb, Rafiq və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib.

Anım mərasimində şəhidin təhsil aldığı məktəbin şagirdləri ürək sözlərini deyib, qəhrəmanlıq şeirləri səsləndiriblər.

Daha sonra çıxış edən şəhid R.Heydərovun atası Rahim Heydərov övladı ilə fəxr etdiyini söyləyib, oğlunun xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə təşəkkürünü bildirib.

Sonda torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I-II Qarabağ müharibəsi şəhidlərinin ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: