AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Polimer Materialları İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, baş mühəndis kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazov, Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov və UFAZ-ın Tədqiqat Şöbəsinin müdiri Filip Türek, Kimya mühəndisliyi üzrə diplom meneceri Christophe Serra, Təhsil Şöbəsinin rəhbəri Lətifə Nəsibova və baş katib Elizaveta Bydanova iştirak ediblər.
Görüşdə UFAZ-ın Kimya Mühəndisliyi magistratura proqramında təhsil alan tələbələrinin PMİ-də təcrübə imkanları müzakirə olunub. Bəxtiyar Məmmədov rəhbərlik etdiyi institutun ali məktəblərlərlə, o cümlədən UFAZ-la əməkdaşlığının möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb, institutda tələbələrin universitetdə əldə etdikləri biliklərini elmi tədqiqatlarla əlaqələndirmələri üçün hər cür şəraitin olduğunu bildirib. UFAZ-ın əməkdaşları da öz növbələrində PMİ ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları və onlarda praktiki vərdişlərin formalaşdırılması istiqamətində gələcək perspektivlərdən söz açıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.