Mayın 26-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini, ilahiyyat elmləri doktoru, professor Damir Muxetdinovla görüş və “İslah və təcdid” kitabının təqdimatı keçirilib.
Rusiyalı qonaq ilk olaraq AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə Damir Muxetdinovun daha öncə Şərqşünaslıq İnstitutunda ötən il oxuduğu mühazirə xatırlanıb, Şərqşünaslıq İnstitutunda İslam dini ilə bağlı aparılan tədqiqatlardan söhbət açılıb.
Daha sonra Damir Muxetdinovun Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşü və “İslah və təcdid” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan akademik Gövhər Baxşəliyeva professor Damir Muxetdinovun İslam dini sahəsində araşdırmaları ilə tanınan alimlərdən olduğunu və dəyərli tədqiqatları ilə seçildiyini deyib.
Professor Damir Muxetdinov tədbir iştirakçılarına Quranın Rusiyada olan əlyazmaları və nəşrləri barədə mühazirə oxuyub, “Medina” nəşriyyatının Rusiya quranşünaslığına töhfələrindən bəhs edib.
Sonra mühazirəçi tədbir iştirakçılarının suallarını cavablandırıb.
Daha sonra Damir Muxetdinov müəllifi olduğu “İslah və təcdid” kitabını təqdim edib. Kitabda qlobal çağırışlar dövründə İslamda baş verən proseslərin dərkindən bəhs edilir. Müəllif yenilənmə (təcdid) fenomenini İslam ənənəsinin ayrılmaz bir hissəsi kimi diqqət mərkəzində saxlayır. İslamın dərkinin yeni metodologiyası, kontekstual ictihad nəzəriyyəsi, İslam əxlaqının müasir dünyada yeri, dinin fəlsəfəsi və digər məsələlər təhlil edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.