AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış və Azıx mağarasında tədqiqatlar aparan Beynəlxalq arxeoloji ekspedisiyanın elmi heyəti 2023-cü ildə başladıqları tədqiqatları davam etdirmək üçün yenidən Azərbaycana gəliblər.
Azərbaycan tərəfindən institutun aparıcı elmi işçisi, t.ü.f.d. Azad Zeynalovun həmrəhbərliyi ilə fəaliyyət göstərən arxeoloji ekspedisiyanın tərkibinə Danimarka, Norveç və Almaniyadan olan alimlər daxildirlər.
Azıx mağarasında tədqiqatlar aparan beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri ilə görüşən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev 2023-cü ildə Danimarkanın Orhus Universiteti ilə imzalanan əməkdaşlıq barədə razılaşmanın müddəalarına uyğun olaraq birgə tədqiqatların nəticələrindən məmnunluğunu və bu əməkdaşlığın daha yeni elmi uğurlar gətirəcəyinə inamını bildirib. F.Quliyev qeyd edib ki, işğal dövründə Azıx mağarasında və bir sıra digər abidələrdə işğalçılar tərəfindən qeyri-qanuni tədqiqatlar aparılıb. “Hal-hazırda isə artıq sizin iştirakınız ilə azad edilmiş ərazilərdə hüquqi və etik normalara tam uyğun beynəlxalq tədqiqatlar aparılmaqdadır”, - deyə institutun direktoru bildirib. Fərhad Quliyev vurğulayıb ki, hazırda əsas məqsəd - dünya elminin çağırışlarına cavab verəcək yeni bir institutun qurulmasıdır. Sözsüz ki, aparılan sözügedən islahatlar institut qarşısında müxtəlif çeşidli arxeometrik tədqiqatların intensivləşməsini tələb etməkdədir.
Elmi ekspedisiyanın Danimarka tərəfindən həmrəhbəri olan Orhus Universitetinin (Aarhus University) Geologiya elmləri departamentinin professoru Mads Faurschou Knudsen Azərbaycanda birgə arxeoloji tədqiqatda iştirak etməsini böyük uğur kimi qiymətləndirib. O vurğulayıb ki, Azıx mağarası qədim insanın Afrikadan dünyaya yayılması kimi elm qarşısında duran mühüm mövzunun araşdırılmasında bir sıra problemlərə yetərincə işıq sala biləcək abidədir. Professor M.F.Knudsen təmsil etdiyi Orhus Universitetinin dünyanın yüksək reytinqli ilk 100 təhsil və elmi tədqiq ocaqlarından biri olduğunu, Azərbaycan arxeologiyasında arxeometrik tədqiqatların aparılması və aidiyyatı elmi-tədqiqat sahələri üzrə mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
Daha sonra beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri - kosmogen nukleid, radiokarbon və lüminisens tarixlənmə, rentgen flüoresent, biomarkerlər, geoarxeologiya, rəqəmsal stratiqrafiya, mikromorfologiya, mass-spektrometrik zooarxeologiya (ZooMS) analizləri üzrə mütəxəssislər öz tədqiqat sahələri barədə məlumat veriblər.
Qeyd edək ki, Beynəlxalq arxeoloji ekspedisiyanın elmi heyətinə Orhus Universitetinin (Aarhus University) Geologiya elmləri departamentinin professoru Andrew Sean Murray, dosent xanım Rachel Lupien, Radiokarbon analizi laboratoriyasının rəhbəri, professor Jesper Olsen, Danimarka Texniki Universitetinin (DTU) Optik Stimullaşdırılan Lüministsen (OSL) tarixlənmə laboratoriyasının rəhbəri Jan-Pieter Buylaert, Kopenhaqen Universitetinin Palaeoproteomiks analiz laboratoriyasının rəhbəri, dosent Frido Welker və Norveçin Oslo Universitetinin professoru arxeoloq David Keith Wright daxildirlər. Görüşdə Azərbaycan tərəfindən ekspedisiyanın rəhbəri AMEA Arxeologiya və Antropologiya İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d. Azad Zeynalov, institutun Elmi katibi t.ü.f.d., dosent Ellada Bəkirova, aparıcı elmi işçi, t.ü.f.d. Pərviz Qasımov, aparıcı elmi işçi, t.ü.f.d. Yaqub Məmmədov, elmi işçi Ülviyyə Səfərova və institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Elmar Fərəcov iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.