Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.07.2021 14:40
  • A-
  • A
  • A+

Vətən müharibəsi qazisi Seysmoloji Mərkəzin “Saatlı” stansiyasının müdiri təyin edilib

Vətən müharibəsi qazisi Seysmoloji Mərkəzin “Saatlı” stansiyasının müdiri təyin edilib

Vətən müharibəsinin iştirakçısı, qazi, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) “Saatlı” stansiyasında mühəndis vəzifəsində çalışan Sadiq Haxiyev RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin əmri ilə sözügedən stansiyanın müdiri təyin edilib.

Qeyd edək ki, Vətən müharibəsində iştirak edən baş leytenant Sadiq Haxiyev Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad edilməsi zamanı yanında minaatan mərmisinin partlaması nəticəsində iki gün danışıq və eşitmə qabiliyyətini itirsə də, döyüşlərə davam edərək, Şuşanın azad olunması da daxil olmaqla müharibədə şərəfli döyüş yolu keçib.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb. Hərbi rütbəsi artırılıb.

Məlumat üçün bildirək ki, RSXM-nin “Bərdə” seysmik stansiyasının müdiri, mayor Gəray Əsədov da I Qarabağ müharibəsinin iştirakçısı olub və Vətən müharibəsində könüllü kimi döyüşlərdə iştirak edib. Həmçinin mərkəzin əməkdaşları – Elsəvər Rəhimov, Sərvət Qurbanzadə də Vətən müharibəsinin qaziləridir.

Mərkəzin iki əməkdaşının övladları isə Vətən müharibəsində şəhid olublar. Mərkəzdə çalışan qazi və şəhid ailələrinin qayğıları və problemləri hər zaman RSXM rəhbərliyinin diqqətindədir.

Mərkəzin rəhbərliyi və kollektivi Vətən müharibəsi zamanı daim Azərbaycan ordusunun yanında olublar.

Müəssisənin kollektivi tərəfindən şəhidlərimizin xatirəsi hər zaman ehtiramla yad olunur, qazilərimizə isə tezliklə öz sağlıqlarına qovuşmağı arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: