Bəşər tarixində insanlığın keçdiyi inkişaf yollarına nəzər salmaq, onun yüksəliş mərhələlərinə səyahət etmək olduqca mənalı və maraqlıdır. Çünki bu inkişaf yollarında bəşər sivilizasiyasının əsasları həkk olunmuşdur. Eyni zamanda ayrı-ayrı dahi insanların, şairlərin, ziyalıların, din xadimlərinin və xüsusilə də alimlərin keçdiyi mənalı və çoxşaxəli həyat yolunu öyrənməyin və onu təbliğ etməyin müasir zəmanəmizdə olduqca mühüm əxlaqi-mənəvi əhəmiyyəti vardır. Xüsusilə də indiki gənc nəsil üçün AMEA-nın müxbir üzvü Vəli Hüseyn oğlu Əliyevin keçdiyi mənalı həyat və elmi-pedaqoji fəaliyyəti örnək olmalıdır.
Ustad arxeoloq, zəhmətkeş alim, qayğıkeş ziyalı olan Vəli müəllimin yaşasaydı bu günlərdə 85 yaşı tamam olacaqdı. Lakin vaxtsız ölüm onu 2020-ci il yanvarın 8-də əbədiyyətə qovuşdurdu. Vəli müəllim ilə ilk dəfə 1971-ci il aprelin 1-də Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda tanış olmuşam. Azərbaycanın görkəmli paleolitşünas alimi Məmmədəli Hüseynov məni Vəli müəllimlə tanış edəndə bildirdi ki, Vəli müəllim olduqca zəhmətkeş və işgüzar arxeoloqdur. Həmin vaxtdan 50 il keçir. Ötən vaxt ərzində Vəli müəllimlə daha yaxından tanış olmuş və onun etdiyi məruzə və çıxışlara diqqətlə qulaq asmışam. Vəli müəllimin uşaqlıq illəri Qərbi Azərbaycanın Zəngəzur mahalı, Sisiyan rayonunun Şıxlar kəndində keçmişdir. Zəngəzur mahalının Sisiyan ərazisi olduqca səfalı diyarlardan biridir. Vəli müəllim ibtidai təhsilini Sisiyan rayonunun Şıxlar kəndində almışdır.
1948-1949-cu illərdə Ermənistanda Zəngəzur mahalındakı azərbaycanlılara qarşı deportasiya siyasəti nəticəsində Vəli Əliyev ailəsi ilə birlikdə Azərbaycanın Şəki şəhərinə köçmüşlər. Vəli müəllim orta məktəbi və Şəki şəhər Pedaqoji texnikumunu qurtardıqdan sonra 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub, 1959-cu ildə oranı qurtardıqdan sonra Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda işləməyə başlamışdır.
Vəli Əliyev 1966-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi Şurasında “Azərbaycanda tunc dövrü boyalı qablar mədəniyyəti” adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. O, 1984-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində Gürcüstan Elmlər Akademiyasının İ.A.Cavaxişvili adına Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasında “Azərbaycanın orta tunc dövrü tayfalarının mədəniyyəti” adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru dərəcəsi almışdır. Professor Vəli Əliyev 1990-cı ildən etibarən Azərbaycan EA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinə rəhbərlik edib. O eyni zamanda 1997-ci ildən başlayaraq N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi tarix kafedrasının rəhbəri vəzifəsində işləmişdir.
Professor Vəli Əliyev 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Alim Arxeologiya və Etnoqrafiya İnstitutunun baş planında olan “Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyəti” mövzusunun əsas tədqiqatçısı və Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri olmuşdur. O, Naxçıvan arxeoloji ekspedisiyasına başçılıq edərək bu ərazidə qədim və orta əsr abidələri üzrə elmi-tədqiqat işləri yerinə yetirmişdir. Həmçinin Abşeron, Astara, Lerik, Qazax, Xaçbulaq, Füzuli, Şəki, Balakən və b. bölgələrin arxeoloji abidələrinin öyrənilməsi sahəsində faydalı tədqiqat işləri yerinə yetirmişdir.
Professor V.Əliyev Azərbaycanın miladdan əvvəl II-I minillikləri əhatə edən qədim şəhər mədəniyyəti, ilk tunc dövrü Kür-Araz mədəniyyəti, orta tunc dövrü Boyalı qablar mədəniyyəti, son tunc və ilk dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti, Cənubi Azərbaycanın tunc dövrü mədəniyyətləri, qayaüstü təsvirlər və erkən piktoqrafik yazı mədəniyyəti, qədim tayfa ittifaqlarının dövlət qurumlarının təkamülü, Azərbaycan xalqının ilkin etnik formalaşması-etnogenezi və s. mühüm problem məsələlər üzrə geniş planda elmi-tədqiqat işləri aparmışdır. O, Naxçıvan Muxtar Respublikası ərazisində erkən şəhər mədəniyyəti mərkəzlərini aşkara çıxarıb, qədim dövlətçiliyin yaranması problemi üzrə illərlə gərgin elmi tədqiqatlar aparmış, Azərbaycanın tarixinə türkçülüklə bağlı çox mühüm elmi yenilik gətirmişdir.
Professor V.Əliyev 1960-1980-ci illərdə apardığı gərgin və səmərəli axtarışlar sayəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidələri aşkara çıxarmışdır. Onun Naxçıvan MR ərazisində eneolit, tunc, ilk dəmir, antik və orta əsrlər dövrü abidələrində apardığı tədqiqatlar nəticəsində əldə etdiyi elmi nailiyyətlər Azərbaycan, eləcə də Qafqaz və Yaxın Şərq ölkələri arxeologiyasının bir sıra problem məsələlərinin öyrənilməsi üçün çox mühüm əhəmiyyətə malikdir. O, Naxçıvan çayı vadisindəki Kültəpə adlı yaşayış yerlərində, Şərurda Ovçular təpəsi, Sədərək, Xalac, Maxta, Daşarx və b. eneolit-tunc dövrü abidələrində apardığı arxeoloji tədqiqatlarda əldə etdiyi faktik materiallara əsaslanaraq Azərbaycanda, bütövlükdə Qafqazda, Ön Asiyada – Anadoluda, Suriyada və Fələstində e.ə. IV-III minilliklərdə geniş yayılmış Kür-Araz mədəniyyətinin qədim Naxçıvanda, Qarabağda və Urmiyada yerli oturaq əkinçi-maldar tayfaların eneolit mədəniyyəti əsasında təkamül tapdığını müəyyən etmişdir. V.Əliyevin fikrincə Ön Asiyada – Anadoluda, Yaxın Şərqdə - Mesopotamiyada erkən sivilizasiyanın təkamülündə əhəmiyyətli rol oynamış Kür-Araz mədəniyyəti türk soy-kökü dövründə - e.ə. IV-III minilliklərdə Azərbaycan xalqının etnogenezi formalaşmağa başlamışdır.
Azərbaycanın erkən şəhər mədəniyyət abidələrinin tədqiqi V.Əliyevin adı ilə bağlı olub, onun ən dəyərli elmi nailiyyətidir. O, Naxçıvan MR-dakı İkinci Kültəpə, Oğlanqala, Şahtaxtı-Govurqala, Qazançı qalası, Gilan-Plovtəpə ilkin şəhər mərkəzlərində, Naxçıvan şəhərinin tunc dövrü nekropolunda, Çalxanqala, Vayxır-Govurqala, Əznəburd və b. qədim qala-şəhərləri abidələrində müdafiə istehkamlarında apardığı arxeoloji tədqiqatlar əsasında Azərbaycanda e.ə III-II minilliklərdə iri tayfa ittifaqlarına-erkən dövlət qurumlarına məxsus qədim şəhər mərkəzlərinin yarandığını sübut etmişdir.
Professor V.Əliyev Ordubad rayonu ərazisində Qapıcıq-Gəmiqaya zirvəsinin cənubunda, dəniz səviyyəsindən 3500-3700 m yüksəklikdə qədim Naxçıvan mədəniyyətinin qayaüstü təsvirlərini – petroqlifləri (e.ə. VII-I minilliklər) aşkara çıxarıb tədqiq etmişdir. Gəmiqaya petroqliflərinin Naxçıvanın qədim türk nəsillərinin piktoqrafik yazı mədəniyyəti olduğunu sübut etmişdir.
Professor V.Əliyevin elmi əsərləri Azərbaycanda və xarici ölkələrdə (Pakistanda, Rusiyada, Ukraynada, Gürcüstanda, Özbəkistanda, Çexiyada və s.) nəşr edilmişdir. O, dəyərli monoqrafiyaların (Tarixin izləri ilə. Bakı, 1975; Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti. Bakı, 1977; Qədim Naxçıvan. Bakı, 1979; Kultura epoxi srednii bronzı Azerbaycana. Bakı, 1991; Ağsunun tarixi səhifələri. Bakı, 2001; Naxçıvan Azərbaycanın tarixi diyarıdır. Bakı, 2002; Gəmiqaya. Bakı, 2005; Naxçıvanın Qədim qala şəhərləri. Bakı, 2012; Qədim Qarabağ. Bakı, 2013), 300-ə qədər elmi və çoxlu elmi-populyar, publisistik məqalələrin və orta məktəb dərsliklərinin (Qədim dünya tarixi. Bakı, 2015, VI sinif dərsliyi; Azərbaycan tarixi. Bakı, 2015, VI sinif dərsliyi) müəllifidir. Professor V.Əliyevin respublikada və xaricdə nüfuzlu elmi nəşrlərdə dərc edilmiş əsərləri Azərbaycan və dünya alimləri tərəfindən bir mənbə kimi istifadə olunur, istinadlar verilir. Əsərləri akademik nəşrə hazırlanan çoxcildlik “Azərbaycan tarixi”, “Azərbaycan arxeologiyası” və “Azərbaycan incəsənət tarixi” üçün əsas material kimi istifadə edilir.
Professor V.Əliyevin elmi təşkilatçılıq və elmi-pedaqoji fəaliyyəti xüsusi təqdirəlayiqdir. O, Naxçıvan Muxtar Respublikası maddi mədəniyyətinin, həmçinin bütövlükdə Azərbaycanın tunc və ilk dəmir dövrü abidələrinin tədqiqi üzrə çox lazımi elmi məktəb yaratmışdır.
Tədqiqatçının elmi rəhbərliyi altında tarix, memarlıq elmləri doktorları və namizədləri yetişmişdir. Onların sırasında AMEA-nın müxbir üzvü adı alanlar da var. Professor V.Əliyev Azərbaycan arxeologiyasına, qədim tarixinə, folkloruna, memarlığına aid monoqrafik əsərlərin redaktoru və rəyçisi olmuşdur. Onun Azərbaycanın qədim mədəniyyətini beynəlxalq aləmdə tanıtmaq üçün İran, Türkiyə, İngiltərə, ABŞ, Pakistan, Orta Asiya, Rusiya, Gürcüstan alimləri ilə sıx əməkdaşlıq əlaqələri olmuşdur.
V.Əliyev UNESCO xətti ilə Pakistan İslam Respublikasında (Lahor şəhəri) 1993-cü ildə keçirilən beynəlxalq simpoziumda, Naxçıvanın İslam mədəniyyəti abidələri haqqında 1994-1997-ci illərdə Azərbaycan Tarixi Tədqiqatçılarının Müstəqil Assosasiyasının, YUNOKAL Xəzər LTD (ABŞ) və AMEA-nın birgə beynəlxalq Bakı simpoziumunda, “Qafqaz və Mərkəzi Asiya Beynəlxalq Araşdırmalar İnstitutu, Azərbaycan Tarixi Departamentinin” konfransında, Naxçıvan şəhərində “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunda və Tbilisi şəhərində (1997) “Qafqaz arxeologiyası: yeni kəşflər və perspektivlər”inə həsr olunmuş beynəlxalq konfransda Azərbaycan tarixinin mühüm problem məsələləri, Azərbaycanın tarixi mədəni-iqtisadi əlaqələri ilə bağlı məruzələr etmişdir. O, 2012-ci ildə (17-21 sentyabr) İtaliyanın Milan şəhərində IV beynəlxalq Türk mədəniyyət, incəsənət və mədəni irsin mühafizəsi (arxeologiya, incəsənət, tarix, tarixi memarlıq, elm, tarix və folklor) problemi üzrə keçirilən simpoziumda “Elm və sərgi şurası”nın sədri olmuş, “Azərbaycanın qədim şəhər mədəniyyəti” mövzusunda, 2012-ci ildə (10-13 oktyabr) Bakıda Atatürk Universitet ESRUC Konsorsiumunda “Uluslararası Doğu Anadolu-Güney Qafqaz mədəniyyəti” mövzusunda keçirilən beynəlxalq simpoziumda, 2012-ci ilin oktyabr ayında Salyan şəhərində keçirilən beynəlxalq konfransda “Muğanın qədim mədəniyyətlərinin Azərbaycan tarixində yeri” mövzusunda, 2012-ci ildə Ağsu şəhərində keçirilən (2-5 oktyabr) IV beynəlxalq Avrasiya Arxeologiyası konfransında “Azərbaycanın qədim şəhər mədəniyyəti” mövzusunda, 2012-ci ildə Bakıda Şirvanşahlar sarayında keçirilən (18 oktyabr) “Dədə Qorqud Yurdu Bayrut Azərbaycan və Türkiyə mədəni əlaqələri”nə həsr olunmuş beynəlxalq simpoziumda məruzə etmişdir.
Professor V.Əliyev 2012-ci ildə (15 dekabr) İsveç krallığının Malmö şəhərində keçirilən Dünya Azərbaycanlılarının Milli Birliyi Konqresinin forumunda, Bakıda Qafqaz Universitetində keçirilən (2013-cü il iyun) VII beynəlxalq “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” simpoziumda, Azərbaycan Müəllimlər İnstitutunda keçirilən (2013-cü il 25-26 oktyabr) “Tarixi mədəni irsin tədqiqi, tədrisi, təbliği, mühafizəsi və diyarşünaslıq işinin təşkilində təhsil müəssisələrinin rolu” respublika konfransında, Türkiyənin Bayburt şəhərində (2013-cü il 7-12 iyul) XIX beynəlxalq Dədə Qorqud festivalında, Bakıda AMEA-da “Türkiyə Cümhuriyyətinin 90 illiyi” münasibətilə keçirilən (20 oktyabr 2013-cü il) beynəlxalq konfransda iştirak etmişdir.
Professor V.Əliyev 2001-ci ildən Pakistan və Mərkəzi Asiya Elmi Assosiyasının və Azərbaycanşünaslar Beynəlxalq Azərbaycan Diaspora Cəmiyyətinin Müstəqil Birliyi Şurasının üzvü olmuşdur.
Onun əsərlərindən istifadə olunaraq Azərbaycan ərazisində erkən şəhər mədəniyyətinin xüsusiyyətləri tədqiq edilir. İki ilə yaxındır ki, Vəli müəllim aramızda yoxdur. Lakin onun yazdığı əsərlərdən istifadə olunaraq Azərbaycan arxeologiyasının ayrı-ayrı problemləri tədqiq olunur. Allah rəhmət eləsin!
Əsədulla CƏFƏROV, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.