Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.07.2021 15:57
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları Atatürk Kitabxanasında araşdırma aparıblar

Əlyazmalar İnstitutunun əməkdaşları Atatürk Kitabxanasında araşdırma aparıblar

20-27 iyul 2021-ci il tarixlərində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Beynəlxalq əlaqələr şöbəsinin Əlyazmaların elmi ekspozisiyası sektorunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova Türkiyənin Cümhuriyyət dövrünün ilk kitabxanası olan müstəqil tədqiqatçılara xidmət üzrə ixtisaslaşan Atatürk Kitabxanasında (Atatürk Kitablığında) elmi araşdırma aparıblar.

Alimlərimiz əvvəlcə Böyükşəhər Bələdiyyəsi Kitabxana və Muzeylər Müdirliyinə tabe olan Atatürk Kitabxanasının müdiri Əli Şəfəq Özdəmirlə görüşüb, kitabxananın strukturu, onun fondunda mühafizə olunan materiallar, bu müəssisədə oxuculara xidmət işinin təşkili, nadir nüsxələrin mühafizəsi və elektronlaşdırılması haqqında ətraflı məlumat alıblar. Daha sonra Nadir əsərlər bölməsinin başçısı, Dr. Hüseyn Türkmənlə görüşüb, kitabxanada qorunan 4760 cild əlyazma abidəsinin toplanılma tarixi, mövzu və dil üzrə təsnifatı, ekspozisiyası və kataloqlaşdırılması barədə geniş məlumat əldə ediblər.

Alimlərimiz əsasən Türkiyə kitabxanalarında əlyazma abidələrinin (yazma əsərlər) kataloqlaşdırılması qaydaları ilə maraqlanıb, Atatürk Kitabxanasının iş prosesi əsasında Bərpa laboratoriyasında (Kitab klinikası) əlyazmaların restavrasiyası və Rəqəmsal arxivdə onların elektronlaşdırılması işi ilə tanış olublar.

Kitabxana rəhbərliyi tərəfindən institut əməkdaşlarına “Atatürk Kitabxanasında qorunan türkcə əlyazma divanlarının əlifba kataloqu” və Hüseyn Türkmənin “Türkiyə kitabxanaları əlyazma kataloqları (1923-2006)” mövzusunda araşdırması hədiyyə olunub, müəssisələr arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Alimlərimiz kitabxanada tədqiqat işi aparmaq imkanı əldə ediblər.

Qeyd edək ki, Atatürk Kitabxanasının fondunda vaxtilə şəxsi kolleksiyalarda olmuş əski xəritələr, daşbasma kitabları, nadir sənədlər, əski mətbuat nümunələri ilə yanaşı, qədim əlyazmalar, eyni zamanda Nəsimi, Xətai, Füzuli kimi görkəmli Azərbaycan şairlərinin də anadilli divanlarının nüsxələri mühafizə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: