Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.07.2021 14:05
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında “Yay Fest”in açılış mərasimi keçirilib

Şamaxı Astrofizika Rəsədxanasında “Yay Fest”in açılış mərasimi keçirilib

İyunun 29-da AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ölkənin ən böyük gənclər festivalı “Yay Fest”in açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Cavan” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan festival ikiillik fasilədən sonra “Ulduzlara doğru” devizi ilə gəncləri yenidən öz ətrafına toplayıb.

Açılış mərasimi Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və media nümayəndələrinin iştirakı ilə baş tutub. Natiqlər öz çıxışlarında Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, onlar üçün yaradılan imkanlardan, həmçinin bu tip düşərgələrin gənclərin əylənərək öyrənməsi baxımından faydasından danışıblar. Dövlət gənclər siyasətinin mərkəzində məhz gənclərin vətənpərvər, təhsilli, sağlam və geniş dünyagörüşünə malik olmasının dayandığı vurğulanıb.

Qeyd edək ki, bir ay ərzində davam edəcək festivalda “Tələbələr”, “İnnovasiya və Sahibkarlıq”, “Vətənpərvərlik”, “Könüllülər” və “Karyera və İnkişaf” olmaqla silsiləli şəkildə 5 düşərgə fəaliyyət göstərəcək. Düşərgələrin hər birində gənclər üçün vətənpərvərlik və dövlətçilik, Azərbaycan tarixi və mədəniyyəti, incəsənət, sosial media, innovasiya və digər mövzularda seminar, mühazirə və görüşlərdə müzakirə və təlimlər aparılacaq. Habelə iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgənin keçirildiyi regionda yerləşən tarixi-mədəni abidələrə və gözəl flora və faunası olan bölgənin baxımlı ərazilərinə səfərlər kimi maraqlı fəaliyyətlərə cəlb olunacaqlar. Hər günün sonunda gənclər üçün konsert proqramı və kino nümayişi etdirilməsi planlaşdırılır.

Düşərgənin fəaliyyəti müddətində gənclərin Milli Məclisin deputatları, dövlət və özəl qurum nümayəndələri, təlimçi, ulduz və bloggerlərlə görüşləri də olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: