Xoşbəxt o xalqdır ki, vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, istedadı ilə tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda xidmətə həsr etmiş tarixi şəxsiyyətləri olan övladları var.
Xoşbəxt o xalqdır ki, onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətə ləyaqət və uğurla xidmət edən dahiləri var.
Bəli, dövləti qurub-yaradan, mənalı ömrünü xalqına sədaqətlə xidmətə həsr edən, həyatda məqsədi qurub-yaratmaq olan insanlar dahi şəxsiyyətlərdir.
Məhz belə dahi şəxsiyyətlər sırasına yüksəlmiş AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi göstərmək olar.
Bəzən sapı özümüzdən olan baltaların ədəb qaydaları çərçivəsinin bütünlüklə aşıldığı müsahibəsini dinlədikcə cəmiyyətimizdə ikiüzlülüyün və əqidəsizliyin sinoniminə çevrilmiş bəzi nankor insanların diqqətinə çatdırmaq istəyirəm.
Kiminsə sifarişi əsasında yalan məlumatları tirajlamaq gerçək qələm sahiblərinə yaraşan davranış tərzi deyil. Jurnalistlərin başlıca missiyası cəmiyyəti həqiqi və obyektiv məlumatlarla təmin etməkdən ibarətdir.
Belə bir məsəl var, “Duzu yeyib, duzqabını sındıranlar”, bu sözümü yaxşı-yaxşı dərk edin, dərk edin ki, akademik Ramiz Mehdiyev Azərbaycan tarixinin səhifələrində hər zaman dahi siyasətçi, millətini, xalqını sevən insan, müdrik bir şəxsiyyət kimi qalıb və qalacaq.
Ömrünü xalqına, dövlətinə xidmətə həsr edən şəxsiyyət haqqında əks fikirləriniz bu insana hörmətimizi daha çox artırır.
Həmişə dövlətçiliyi hər şeydən üstün tutan alimin həyat yolu ulu öndər Heydər Əliyevlə birlikdə Azərbaycan tarixinə həkk olub. Bu gün akademik Ramiz Mehdiyev iqtisadiyyatın, sosial və mədəni inkişafın əsasını elmin təşkil etdiyi bir dövrdə Akademiyamızın fəaliyyətinin təkmilləşdirilməsi və vaxtı ilə mövcud olmuş qüsurların aradan qaldırılması üçün öz səylərini əsirgəmir.
Akademik ölkəmizdə aparılan çoxşaxəli islahatlara uyğun olaraq, AMEA-nın da yeniləşən Azərbaycanın hədəfləri ilə səsləşən quruma çevrilməsinin zəruriliyini düşünərək, ölkəmizin intellektual potensialının gücləndirilməsində, milli strateji maraqlarının təmin olunmasında, beynəlxalq aləmdə Azərbaycan elminin nüfuzunun yüksəldilməsində öz layiqli töhfəsini vermək üçün AMEA qarşısında layiqli xidmətini yerinə yetirir. Bugünkü Akademiyamızın, təhsilimizin inkişaf yolları, savadlı gənc nəslin yetişdirilməsi, yüksək səviyyəli kadrların hazırlanması məsələləri də alimin diqqətindən kənarda qalmır.
Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında da akademik Ramiz Mehdiyevin böyük rolu vardır.
Biz Akademiya gəncləri olaraq, AMEA-nın prezidenti kimi də ölkəmizin başçısı İlham Əliyevin elmimiz qarşısında qoyduğu vəzifələri ləyaqətlə və məsuliyyətlə həyata keçirən, daim elmi axtarışlarda, qəlbi isə vətənimizin tərəqqisi, yüksəlişi arzusu ilə döyünməkdə olan görkəmli filosof-alim, dövlət xadimi, yüksək fitri istedad sahibi, olduqca sadə təbiətli, səmimi, yüksək insani keyfiyyətlərə malik, mübariz bir şəxsiyyətin Akademiyada icra etdiyi fəaliyyətini dəstəkləyir və onunla fəxr edirik!
Tünzalə ZEYVƏLİYEVA, AMEA-nın Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.