Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
01.08.2021 15:00
  • A-
  • A
  • A+

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu tarix ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir. Bu Fərman Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Ulu öndər Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafıkalı Azərbaycan əlifbasına keçdi.

Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçmişdir. Ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib. Sovet İttifaqında bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi.

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir.

Ulu öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı.

Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də ulu öndər Heydər Əliyevin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu Qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.

Dil elə bir ictimai varlıqdır ki, orada xalqın mədəniyyəti, ədəbiyyatı, məişəti, dünyagörüşü, bir sözlə, bütün göstəriciləri öz əksini tapır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, onu  inkişaf etdirən ən  güclü vasitədir.

Azərbaycan dövləti bu gün dilimizin cəmiyyətdə rolunun daha da möhkəmlənməsini təmin edir. Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbayca dilinə qayğı  Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda öz ifadəsini tapıb.

Cənab Prezident İlham Əliyevin  9 aprel 2013-cü il tarixili Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından böyük əhəmiyyət daşıyır.

Dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, millətin taleyidir. Dili öyrətməyin özü sevgi üzərində qurulmalıdır. Dil insanları bir-birinə bağlayır.  Azərbaycan dili hər bir şəxsdə vətən anlayışını doğmalaşdırır. Azərbaycan dili Azərbaycanı bu ölkədə yaşayan hər bir vətəndaşın vətəninə çevirir.  Dilimizin nüfuzunu artırmaq üçün düzgün danışmağı və yazmağı bacarmalıyıq.

Azərbaycan dili dil quruculuğu prosesinə və dildə gedən prosesə hər zaman həssasdır. Dilimizi vətənimiz kimi qorumalıyıq və sevməliyik.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması faktlarının qarşısının alınması sahəsində məqsədyönlü işlər yerinə yetirilməkdədir. Son illərdə Dilçilik İnstitutunda “Azərbaycan dilinin yeni sözlər və mənalar lüğəti”, “Azərbaycan dilinin Orfoqrafiya lüğəti” nəşr olunub. “Azərbaycan dilinin Orfoepiya normaları” hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Hazırda isə “Azərbaycan dilinin Orfoepiya lüğəti”  və “Qarabağ dialektoloji atlası” çapa hazırlanır.

Təranə ŞÜKÜRLÜ, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: