AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun yeni baş direktoru kollektivə təqdim olunub.
Tədbirdə AMEA-nın vitse-prezideni, akademik İbrahim Quliyev müəssisənin İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya elmləri doktoru, dosent Zakir Eminovun Coğrafiya İnstitutuna baş direktor təyin olunduğunu bildirib. Alimin elmi-təşkilati fəaliyyəti haqqında iclas iştirakçılarına məlumat verən akademik İbrahim Quliyev qeyd edib ki, Z.Eminov uzun illər Azərbaycanda demoqrafiya məsələləri və urbanizasiyanın inkişafı sahəsində geniş tədqiqatlar aparıb, Azərbaycan Respublikasında və keçid dövründə olan digər ölkələrdə əhalinin sosial-demoqrafik vəziyyəti, əmək ehtiyatlarından istifadə, yaşayış məntəqələrinin inkişafı, aparılan iqtisadi islahatlar, onların bu proseslərə təsiri məsələlərini öyrənib. O, Azərbaycanda əhalinin məskunlaşmasının iqtisadi və sosial-demoqrafik problemlərinə dair 90-a qədər elmi məqalə və tezisin, 10 monoqrafiyanın, 10-a qədər kitabın müəllifidir. Elmi əsərləri ABŞ, Böyük Britaniya Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Rumıniya və s. ölkələrdə çap edilib.
“Azərbaycan Respublikası Milli Atlasının” hazırlanmasında yaxından iştirak edən Z.Eminov iqtisadi, sosial və demoqrafik məzmunlu xəritələrin tərtibçilərindən biri və 17-yə qədər xəritənin müəllifidir.
Akademik diqqətə çatdırıb ki, Z.N.Eminov coğrafiyanın tədrisi və onun geniş oxucu kütləsi arasında təbliği üçün xeyli işlər görüb, böyük həcmli kitablar və dərsliklər hazırlayıb. O, orta ümumtəhsil məktəbləri üçün tədris vəsaiti kimi nəzərdə tutulan iri həcmli “Coğrafiya ensiklopediyası” ikicildliyinin müəllifidir.
Pedaqoji fəaliyyətlə yaxından məşğul olan Z.Eminov Bakı Dövlət və Azərbaycan Pedaqoji universitetlərində ixtisası üzrə mühazirələr oxuyur, seminar məşğələləri aparır. Hazırda 4 nəfər elmlər doktoru dissertasiyasına, 5 fəlsəfə doktoru üzrə dissertanta, 5 doktoranta elmi rəhbərlik edir. İndiyə qədər onun elmi rəhbərliyi ilə 4 nəfər coğrafiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib.
“Azərbaycan Respublikasının coğrafiyası” adlı üçcildlik fundamental əsərin əsas müəlliflərindən biri kimi 2016-cı ildə elm sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.
Təqdimatın sonunda akademik İbrahim Quliyev Zakir Eminovu yeni vəzifəsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.