6 avqust 2021-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və İraq Respublikası hökumətləri arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın (Birgə Komissiya 2010-cu il noyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb) ikinci iclası keçirilib.
Tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli də iştirak edib.
İclasın sonunda Azərbaycan Respublikası və İraq Respublikası hökumətləri arasında yuxarıda göstərilən sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının protokolu imzalanıb. Birgə Komissiyanın İraq Respublikası tərəfindən həmsədri, bu ölkənin rabitə naziri Arkan Al-Şeybanin və komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin imzaladığı protokolda hər iki ölkənin əlyazmalar fondunun yazılı abidələrin elektron surətlərinin qarşılıqlı mübadiləsi hesabına zənginləşdirilməsi də nəzərdə tutulub. Bu fəaliyyət çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Bağdad Universitetinin Ərəb Elmi İrs Mərkəzi arasında ərəb müəllif və xəttatları tərəfindən ərəb dilində yazılmış yazılı abidələr ilə Azərbaycan müəlliflərinin və xəttatlarının Azərbaycan dilində yazılmış əlyazmalarının elektron surətlərinin qarşılıqlı mübadiləsi həyata keçiriləcək.
Qeyd edək ki, 2021-ci ilin may ayının 24-də İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət bölməsinin birinci katibi, doktor Hudayfa Mahmud Ziadın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna səfəri zamanı sözügedən elmi müəssisənin İraq Respublikasında fəaliyyət göstərən əlyazma mərkəzləri ilə elmi əlaqələrinin perspektivləri müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.