AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın antik dövr arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə “Antik dövr üzrə Lerik-Yardımlı” arxeoloji ekspedisiyası Yardımlı rayonunun Urakəran kəndində yerləşən Bilgəh sahəsində daş qutu qəbirlər və küp qəbirlərdən ibarət nekropolda arxeoloji tədqiqatlar aparıb.
8 hektara yaxın ərazisi olan nekropolda ikinci ildir tədqiqatlar aparılır. Builki tədqiqat mövsümündə ərazidə 5 küp və 8 daş qutu qəbir öyrənilib. Daş qutu qəbirlər və yaxud meqalit örtüklü bu qəbirlərin ənənəsi Azərbaycanın cənub-şərqinin dağlıq ərazilərində Son Tunc və Erkən Dəmir dövrlərindən məlumdur. Maraqlı məqam odur ki, Bilgəh sahəsində küp və daş qutu qəbirlər xronoloji baxımdan həmdövr olmaqla eramızın II-III əsrlərinə aiddir.
Daş qutu qəbirlər 2-4 metr uzunluqda olmaqla, dikinə qoyulmuş kənar daşlar və onların üzərində 3 cərgə qurulmuş meqalitik örtüklərdən ibarətdir. Həm küp, həm də daş qutu qəbirlərin oxşar xüsusiyyətləri var. Belə ki, hər iki növ qəbirlərin istiqaməti şimal-şərqə olmaqla, dəfn küplərinin ağız hissəsinə dairəvi yonulmuş iri daş qapaq, daş qutu qəbirlərin isə şimal-şərq hissəsinə dik durmuş yastı daş qapı qoyulub. Hər iki növ qəbirlərin içərisinə, eləcə də giriş hissəsinin çölünə saxsı qablar qoyulub.
Qəbirlərin içərisində tək və qoşa dəfnlərə təsadüf edilir. Daş qutu qəbirlər içərisində saxsı qablarla yanaşı, dəmir dəbilqə, dəmir qılınc, dəmir nizə başlıqları, mis, tunc və gümüş bəzək əşyaları qoyulub. Daş qutu qəbirlər bir neçə dəfə talana məruz qalıb ki, bunlardan ilkin oğurluq ehtimalı qəbirlərin qurulmasından 50-100 il sonra baş verib. Bütün tədqiq olunmuş daş qutu qəbirlərin şimal-şərq giriş qapısının dağıdılması, üst örtük daşlarından birinin sındırılması və qəbir kamerası içərisində skeletlərin ilkin anatomik quruluşlarının pozulması, qəbir avadanlıqlarının qırılaraq müxtəlif yerlərə səpələnməsi qəbir oğurluğunu təsdiq edir.
Qeyd olunan qəbir avadanlıqlarında əsasən erkən ənənənin izlənilməsi ilə yanaşı, Parfiya, Roma və Sarmat təsirləri də müşahidə edilib. Ceyhun Eminlinin fikrincə, ətrafda küp və daş qutu qəbirlərdən ibarət qəbiristanlıqlar çoxluq təşkil edir ki, bu da eramızın ilk əsrlərində ərazidə sıx məskunlaşmanı və əhali artımını göstərir.
Tədqiqatlar bitdikdən sonra daş qutu qəbirlər yerində saxlanılaraq konservasiya edilib.
Qeyd edək ki, Antik dövr qəbiristanlığı, oradakı qəbir memarlığı və tapıntıların rəngarəngliyi, həmçinin bölgənin təbii-coğrafi şəraiti ərazidə arxeoturizmin inkişafı üçün münasib imkanlara malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.