Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində bəstəkar Arif Məlikova məxsus materiallar qorunur
13.09.2021 14:08
  • A-
  • A
  • A+

Tarix Muzeyində bəstəkar Arif Məlikova məxsus materiallar qorunur

Bu gün bəstəkar, Xalq artisti, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Arif Məlikovun doğum günüdür.

Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışıb. Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edib. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri-"Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi fond şöbəsində Arif Məlikova məxsus "Yürüş" əsərinin not yazısı, Foto-neqativ materialları fondunda isə foto neqativ qorunur.

Müəllif "Yürüş" əsərinin üz səhifəsinin aşağı hissəsində həmin not yazısını Milli Azərbaycan Tarixi Muzeyinə bağışladığını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: