Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.09.2021 11:02
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları Göygöl Milli Parkında tədqiqatlar aparıblar

Dendrologiya İnstitutunun əməkdaşları Göygöl Milli Parkında tədqiqatlar aparıblar

АMEА-nın Dendrologiya İnstitutunun 2021-ci il elmi-tədqiqаt iş planına uyğun olaraq müəssisənin əməkdaşları Kiçik Qafqazın şimal-şərq hissəsində, Göygöl Milli Parkında elmi ezamiyyətdə olublar.

Məqsəd Göygöl Milli Parkının dendroflorasının tədqiqi, Göygöl Milli Parkının dominant növlərinin dendroxronoloji və dendroiqlim tədqiqi, Göygöl Milli Parkının dendroflorasında olan növlərin landşaft memarlığında istifadəsinə dair araşdırma aparmaq olub.

Göygöl Milli Parkı Kiçik Qafqazın şimal-şərqində, Murov silsiləsindən başlayaraq Kürəkçaya qədər olan ərazidə yerləşir. Dəniz səviyyəsindən 1100-3724 m hündürlükdə olan ərazinin meşəlik ərazisi 5094 ha, Alp və Subalp çəmənlik ərazisi 7557 ha-dır.

Göygöl Milli Parkının təbii bitki ehtiyatları iqlimdən asılı olaraq zəngin və rəngarəngdir. Göygölün meşəsində bitkilərin yarus təşkil etməsinin əsas səbəbi işıq, istilik, rütubətdir. Buna görə də bitkilər meşədə bir neçə yaruslarda yerləşirlər. Bitki örtüyünün formalaşmasında ekoloji amillər, torpaq, orfoqrafik, genoloji amillər əsas rol oynayır. Yaruslarda ağacların müqayisəli şəkildə istər boy, istərsə də yarpaq və meyvələrdə gözə çarpacaq dərəcədə fərqlilik müşahidə olunub. Bitkilərin inkişafı və zonalar üzrə yerləşməsi torpaq örtüyündən çox asılıdır.

Ərazidə olan növlərin əksəriyyətinin arealları əvvəlki illərə nisbətən dəyişib və bəzi bitki növləri çoxalıb, bəzilərinin genofondu təhlükə ilə üz-üzə qalıb. Bu baxımdan öyrənilən bitkilərin areallarının kiçilmə səbəbləri araşdırılıb, həmin bitkilərin ƏMBMİ-nin (İUCN) 3.1 versiyasına əsasən təhlükə meyarları, bioloji xüsusiyyətləri, ehtiyatı, təbii ehtiyatının dəyişilmə səbəbləri üzrə tədqiqatlar aparılıb. Məlum olub ki, meşələrdə iqlim dəyişkənliyi nəticəsində son dövrlər bəzi bitkilərin arealları daralıb, bəzi növlər öz areallarını tamamilə dəyişib. Ölkəmizdə ekoloji tarazlığın saxlanması və nadir incilərimizin tanınması və mühafizə edilməsi baxımından Göygöl Milli Parkının fəaliyyəti danılmazdır. Ekspedisiya zamanı respublikanın flora biomüxtəlifliyi, o cümlədən ağac və kolların növ tərkibi, bioekoloji xüsusiyyətləri, yayılma arealları kompleks şəkildə tədqiq edilib.

Tədqiqatlar müvafiq qaydada aparılıb, DJI Phantom 4 DRON vasitəsilə 30-400 m yüksəklikdən və dəqiq koordinatların təyini üçün CPS-dən istifadə etməklə hazırlıq, çöl və kameral işləri görülüb. Tədqiqat ərazisində hündürlüyə qalxdıqca ağacların seyrəlməsi və cavanlaşması müşahidə olunur. Relyef bitki örtüyünün tərkibinə və sıxlığına təsir göstərməklə, torpaqəmələgəlmə prosesində iştirak edir. Ərazidə meşə və meşə altından çıxmış dağ-bozqır bitkiləri inkişaf edib.

Çaykənd (Göygöl) ərazisində lokal formada Paliurus Mill., Frangula Mill., Cotoneaster saxsatilis Cotoneaster Medic., Coryulus L., Sprea L., Crataegus L., Rhus L., Acer L., Quercus L., Ulmus L., Carpinus L. və s. cinslərindən olan bitkilər xüsusi formasiyalar yaradır və yaxşı dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir. Göygöl Milli Parkında aparılan tədqiqatlar nəticəsində Fagus orientalis Lipsky, Carpinus orientalis Mill., Carpinus betulus L., Quercus iberica, Quercus macranthera Fisch. & C.A.Mey. ex Hohen., Celtis glabrata Steven ex Planch, Celtis caucasica Willd, Acer pseudoplatanus və s. kimi növlərin həmin ərazilərdə üstünlük təşkil etdiyi məlum olub. Göygöl Milli Parkının ərazisində 9 göl mövcuddur ki, bu da 109 ha sahəni əhatə edir. Gölətrafı hövzələrdə, gölməçələrdə və bataqlıqlarda Phragmites australis, Typha angustifolia, Scirpus lacustris, Potamogeton pectinature, Juncus acutus və s. növlər assosasiyalar təşkil edir. 

Göygöl rütubətliyinin orta dərəcəsində, yamaclarında, qonur dağ meşə torpaqlarında mezofitlər inkişaf etsə də, meşənin əsasını Acer L, Quercus L., Populus L., Salix L., Ulmus L., Rhamnus L., Cornus L., Coryulus L., Pyurus L., Cotinus L. Tamarix L., Morus L.,Sambucus L., Pyracantha Roem., Rosa L., Rubus L., Euonymus L. Sorbus L., Carpinus L., Mespilus L, Tilia L, Fraxinus L., Betula L., Rhus L. Crataegus L., Sprea L., Paliurus Mill., Frangula Mill., Cotoneaster Medic., və s. təbii ağac və kol cinslərinin növləri xüsusi formasiyalar yaradır və yaxşı dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir.  

Göygölün mənsəbinə yaxın məsafədə, dəniz səviyyəsindən 1600 m-dən başlayaraq 3000 m hündürlüyü olan 27 ha ərazidə, ikinci yarusda tərəfimizdən aparılan elmi araşdırmalar nəticəsində 15-20 sm ölçüdən başlayaraq 12 m hündürlüyə qədər müxtəlif ölçülərdə, kağız tozağacı (Betula Papyrifera Marsh) təbii halda yayılıb.

Azərbaycan meşələrinin nadir inciləri: Taxus baccata L., Pinus Kochiana Klotzch in C.Coch., Tilia caucasica, Cotoneaster saxatilis Pojark. və s.növləri tədqiqatlar nəticəsində aşkarlanıb.

Beləliklə, Göygöl Milli Parkının dendroflorasının taksonomik tərkibi, dominant növlərinin dendroxronoloji və dendroiqlim tədqiqi, Göygöl Milli Parkının dendroflorasında olan növlərin landşaft memarlığında istifadəsi mərhələlərinin icrası həyata keçirilib. Göygöl Milli Parkının dendroflorası Engler və APG III-IV sistemləri əsasında kompleks şəkildə təhlil edilib. Bəzi növlərdən dendroxronoloji tədqiqatların aparılması üçün ağac nüsxələrindən (7  növ ağac nüsxəsindən), toxum (6 növdən) və herbari (370 nüsxə herbari) nümunələri götürülüb.

Aparılan tədqiqatlar barədə Dendrologiya İnstitutunun İcimaiyyətlə əlaqələr şöbəsi tərəfindən müəssisənin Zəfər TV kanalının “Elm və həyat” verilişinə ikihissəli reportaj hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: