Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Gənc tədqiqatçı Orxan İsayevin Qafqazda türk mətbuatı tarixinə dair tərcümə kitabı nəşr olunub
17.09.2021 10:41
  • A-
  • A
  • A+

Gənc tədqiqatçı Orxan İsayevin Qafqazda türk mətbuatı tarixinə dair tərcümə kitabı nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, Azərbaycan şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin kiçik elmi işçisi Orxan İsayevin tərcüməsində Mirzə Şərif Mirzəyevin “Qafqazda türk mətbuatı tarixinə dair materiallar” kitabı çap olunub. Tərcümə kitabı Ədəbiyyat İnstitutun Elmi şurasının 17 iyun 2021-ci il tarixli qərarı ilə nəşr edilib.

Kitabın “Ön söz”ünün müəllifi və elmi redaktoru Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Kitabın rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Elmira Qasımova və Gülbəniz Babayevadır.

Mirzə Şərif Mirzəyevin “Qafqazda türk mətbuatı tarixinə dair materiallar” kitabı rəsmi və arxiv sənədlərindən istifadə etməklə Qafqazdakı çar məmurlarının Azərbaycan türklərinə qarşı yürütdüyü işğalçılıq siyasətini tamamilə ifşa edir. Qafqaz Senzura Komitəsində yerli və Şərq dilləri senzoru kimi çalışmış ilk və son azərbaycanlı Mirzə Şərif Mirzəyev Azərbaycan mətbuatı qarşısında yaradılan süni əngəlləri tarixi faktlar əsasında göstərir. “Qafqazda türk mətbuatı tarixinə dair materiallar” əsəri Azərbaycan mətbuatının yaranmasının 50 illiyi münasibətilə rus dilində yazılıb və ilk dəfə məhz bu kitabda Azərbaycan dilində oxuculara təqdim olunur.

Rus dilində yazılan əsər ilk dəfə 2009-cu ildə Elmira Qasımova və Rəna Mayılova tərəfindən kitab halında çap edilib və Orxan İsayevin tərcüməsi həmin nəşrin əsasında gerçəkləşib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: