Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

19.05.2025 10:54
  • A-
  • A
  • A+

Beynəlxalq Muzeylər Günündə “Açıq qapı” günü təşkil edilib

Beynəlxalq Muzeylər Günündə “Açıq qapı” günü təşkil edilib

Hər il 18 may günü dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmış, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir.

Mayın 18-i Beynəlxalq Muzeylər Günü münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filial ənənəvi olaraq “Açıq qapı” günü təşkil etmişdir.

“Açıq qapı” günündə şəhid ailələri, rayon sakinləri, rayonun idarə və müəssisələrindən, mədəni-maarif müəsisələrindən çox sayda ziyarətçilər muzeyin qonağı oldular və zəngin ekspozisiya ilə ödənişsiz tanış oldular.

Ziyarətçilərə milli-mənəvi dəyərlərimiz, folklorumuz, dil tariximiz, musiqimiz, ədəbiyyatımız, mədəniyyətimizlə bağlı Ulu öndərin gördüyü işlər, verdiyi tarixi qərarlar, proqram xarakterli çıxışları barədə muzey əməkdaşları və monitor vasitəsiilə geniş məlumat verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  dövlətimizin humanitar siyasəti, milli-mənəvi sərvətlərinin qorunması, təbliğ olunması üçün gördüyü işlər, verdiyi sərəncamları dövlət, türk və islam xalqları səviyyəsində milli mədəniyyətimizlə bağlı tədbirlərə önəm verməsi, Azərbaycan xalqının yaratdığı və qoruyub saxladığı böyük mənəvi dəyərləri, tarixi abidələri, zəngin mədəniyyəti ilə də dünyanın marağına səbəb olması barədə göstərilən video çarx izləyicilərin diqqətini cəlb etdi.

Muzeyi ziyarət edən qonaqlar, ziyarətçilər Muzeylər Günü münasibətilə muzey əməkdaşlarını təbrik edərək ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildirdilər.

Muzeyin əməkdaşları gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, eləcə də klassik ədəbiyyatımız barədə ətraflı məlumat vermiş, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış etmişlər.  

Ziyarətçiləri, xüsusilə gəncləri maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırıldı və onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirdilər, rəy və təkliflər kitabına ürək sözlərini yazdılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: