Sentyabrın 17-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə növbəti seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, 2021-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan edilib və bununla əlaqədar AMEA-da tədbirlər planlaşdırılaraq həyata keçirilir. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda da Nizami Gəncəvinin yaradıcılığına dair tədqiqatların aparıldığını, kitabların nəşr edildiyini, oktyabr ayında konfransın keçiriləcəyini qeyd edib. Diqqətə çatdırıb ki, bu il Nizami Gəncəvi yaradıcılığına aid mütəmadi seminarların keçirilməsi davam edir və bugünkü seminarda “Nizami nəzmində cəvahirat adlarının linqvopoetik funksiyaları” mövzusunda məruzə dinləniləcək.
Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov isə Nizami Gəncəvinin Şərq ədəbiyyatının istiqamətini dəyişdiyini, ondan sonra böyük nəzirə ədəbiyyatının yaradıldığını deyib. M.Kazımov qeyd edib ki, Nizami dühası o qədər böyükdür ki, bu istiqamətdə daima araşdırmalar aparılmalıdır.
Sonra seminarda AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli “Nizami nəzmində cəvahirat adlarının linqvopoetik funksiyaları” mövzusunda məruzə edib. Ş.Əlibəyli məruzəsində bildirib ki, Cəvahirat adları maraqlı bir söz təbəqəsi kimi Nizami nəzmində geniş yer tutaraq, almaz, bicadə (yaqut növü), cəz (qara xal-xal daş), dürr, əqiq, firuzə, yaqut, kəhrəba, lacivərd, ləl, loulou (xırda mirvari) mirvari, mərcan, yaqut, zebərcəd (sarı yaqut), zümrüd kimi nominasiyaları təşkil edir. Nizami Gəncəvi qiymətli daş adlarını nəzmə çəkərək, əsərlərində zəngin poetizmlər təbəqəsi yaratmış, bu sözlər də öz parlaqlığı ilə Nizaminin söz inciləri sırasına düzülmüşlər. Şair qiymətli daşların rəng, keyfiyyət, parlaqlıq və məkanını müxtəlif mövzularda nəzmə çəkərək, poetik mətnin təşkilində dəfələrlə onlara müraciət edib, gözəl məcazlar yaradıb.
Qeyd edilən daş adları ilə bağlı Nizami yaradıcılığından müxtəlif misallar çəkən məruzəçi Nizami nəzmində qiymətli daş adlarının səciyyəvi olan, diqqəti cəlb edən leksik-semantik və üslubi xüsusiyyətlərindən geniş bəhs edib.
Məruzədə Nizami yaradıcılığında rənglərin, o cümlədən bitkilərin rənginin qiymətli daş adları ilə ifadəsindən, bu cür adların yer aldığı izafət tipli təşbehlərdən, onların sinonimliyindən istifadə edilməsindən, məkanla bağlı müxtəlif ifadələrdə işlənərək, ənənəvi təşbehlər yaratmasından, tərkibində belə sözlərin olduğu mürəkkəb sözlərdən, Nizami nəzminə xüsusi rövnəq verən qiymətli daş adlarının yer aldığı səciyyəvi poetik fiqurlardan, cəvahirat adlarının bədən üzvlərinin adlarını bildirən sözlərlə tənasübdə işlənərək məcaz yaratmasından və digər məqamlardan danışılıb.
Daha sonra məruzə ətrafında müzakirə aparılıb, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.