Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şamaxı Astrofizika Rəsədxanası 2025-ci ilin Meteor seli təqvimini təqdim edir
28.12.2024 14:43
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası 2025-ci ilin Meteor seli təqvimini təqdim edir

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanası 2025-ci ilin Meteor seli təqvimini təqdim edir.

Hesab olunur ki, meteorlar parçalanmış kometlərin qalıqlarıdırlar və kometin orbiti boyunca topa şəklində hərəkət edirlər. Beynəlxalq Astronomiya Birliyi tərəfindən 900-dən çox meteor seli qeydə alınıb. Meteoridlər Yer atmosferini kəsib keçərək meteor yağışlarını yaradır. Onların səmada peyda olduğu nöqtəyə radiant deyilir və bəzi periodik meteor yağışları həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılıb. Periodik olaraq eyni vaxtda müşahidə olunan bu meteor yağışlarının 2025-ci il üçün müşahidə olunma ardıcıllığını təqdim edirik.

Kvadrantidlər (26 dekabr - 16 yanvar) – Meteor yağışının piki 3 yanvarda gözlənilir. Bu meteor yağışı zamanı saatda 80-dək meteor görmək mümkün olacaq. Ay diskinin  cəmi 11%-i işıqlanacaq  və pik saatınadək batacaq. Hesab olunur ki, kvadrantidlər  2003-cü ildə kəşf olunmuş 2003EH1 asteroidinin  qalıqlarıdır.  

Liridlər (15-30 aprel) – Meteor yağışının piki 22 aprelə proqnozlaşdırılır. Bu meteor yağışı zamanı saatda 18-dək meteor görmək mümkün olacaq. Ay diskinin 40%-i işıqlanmış olsa da, gecənin ikinci yarısından sonra görünəcək. Liridlər  C/1861 G1 Thetcer kometi ilə assosiasiya olunur.

Eta Akvaridlər (20 aprel-21 may)– Meteor yağışının piki 5-6 mayda gözlənilir.  Bu meteor yağışı zamanı saatda  təxminən 50 meteor görmək mümkün olacaq. Ay müşahidələrə mane olmayacaq. Eta Akvaridlər Orionidlər kimi Halley kometinin qalıqlarından formalaşıb.

Delta Akvaridlər (18 iyul-12 avqust)– Meteor yağışının piki 29-30 iyula uyğun gəlir. Bir saatda təxminən 25-dək meteor görmək mümkündür. Meteor yağışının 96P/Maçholz kometinin qalıqları olduğu hesab olunur. Bu meteor yağışı Şimal yarımkürəsində müşahidə olunmur.

Perseidlər (17 iyul-24 avqust) – Meteor yağışının piki 12-13 avqusta uyğun gəlir. Bu meteor yağışı zamanı saatda 100-dək meteor görmək mümkündür. Ay radianta çox yaxın olduğu üçün müşahidələrə mane olacaq. Perseidlər 109P/Svift–Tatl kometi olə assosiasiya olunur.

Drakonidlər (6-10 oktyabr) – Meteor yağışının piki 8-9 oktyabra uyğun gəlir. Bu meteor yağışı zaman saatda təxminən 5 meteor görmək mümkün olacaq. Bədrlənmiş Ay meteor yağışının radiantına yaxın olduğundan, onun işığı müşahidələrə mane olacaq. Drakonidlər 21/P Cakobini-Zinner kometi ilə assosiasiya olunur. 

Orionidlər (2 oktyabr-7 noyabr) – Meteor yağışının piki 21-22 oktyabrda gözlənilir. Bu meteor yağışı zamanı saatda təxminən 20 meteor görmək mümkündür. Ay diski cəmi 2% işıqlanmış olacaq. Orinoidlər də 1P/Halley kometi ilə assosiasiya olunur.

Leonidlər (6-30 noyabr) – Meteor yağışının piki 17-18 noyabrda gözlənilir. Bu meteor yağışı zamanı saatda təxminən 10 meteor görmək mümkündür. Ay diskinin cəmi 9%-i işıqlanmış olacaq. Leonidlər 33 illik tsiklə malikdir. Bu zaman intensiv meteor seli müşahidə olunur. Leonidlər 55P/Tempel-Tatl kometinin qalıqları hesab olunur.

Geminidlər (4-20 dekabr) – Meteor yağışının piki 13-14 dekabrda gözlənilir.Bu meteor yağışı zamanı saatda 150-dək meteor görmək mümkündür. Ay diski 39% işıqlanacaq və radiant yaxınlığında olacaq. Meteor yağışı 3200 Faeton asteroidi ilə assosiasiya olunur.

 

Ursidlər (17-26 dekabr) – Meteor yağışının piki 22-23 dekabra uyğun gəlir.  Bu meteor yağışı zaman saatda 10-dək meteor görmək mümkündür. Ay diski cəmi 3% işıqlansa da radianta yaxın olacaq və zəif meteorlar Ayın işığının fonunda itəcək. Ursidlər 8P/Tatl kometi ilə assosiasiya olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: