Dekabrın 28-də AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev müəssisənin gənclərilə görüşüb.
Görüşdə Təhsil şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, magistrant, doktorant və digər gənc əməkdaşlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan akademik Dilqəm Tağıyev institutun 2024-cü ildə əldə olunan nailiyyətlərindən Scopus, Web of Science bazalarında çap olunmuş məqalələrdən, yazılmış monoqrafiya və dərsliklərdən bəhs edərək qeyd edib ki, bu il müəssisənin göstəriciləri yüksək olub. Belə ki, cari ildə institutda çap olunan 149 məqalənin 91-i xaricdə nəşr edilib. Onlardan 127 məqalə Scopus və Web of Science bazalarında indeksləşən jurnallarda nəşr olunub. 2024-cü ildə 10 monoqrafiya və dərslik çap olunmuş, 6 patent (onlardan1-i beynəlxalq patentdir) alınmışdır. Əməkdaşların çap etdirdiyi 167 tezisdən 87-si xaricdə nəşr olunmuşdur: “Bu nailiyyətlərin əldə olunmasında institutun gənc alimlərinin də kifayət qədər rolu vardır. Alınan nəticələrimiz yaxşı göstəricidir, məhz buna görədir ki, National H-indeksin 2024-cü ilin 4-cü rübünün nəticələrinə görə, institut Azərbaycanda fəaliyyət göstərən 84 ali təhsil və elmi təşkilat arasında 10-cu yerdədir. Kimya bölməsi üzrə bizim institutun göstəriciləri digər kimya institutları ilə müqayisədə daha yüksəkdir”.
Sonra akademik Dilqəm Tağıyev Şuşa şəhərində 2-5 dekabr tarixlərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənc alimlərinin SİNA forumunun keçirildiyini, AMEA-nın institularından da gənclərin həmin forumda iştirak etdiyini vurğulayaraq onların yüksək səviyyədə ingilis dilində çıxışlarının olduğunu xüsusilə qeyd edib. Eyni zamanda 24-27 dekabr tarixlərində Tacikistanın Düşənbə şəhərində MDB ölkələrinin “Kimya və kimya texnologiyası” konfransının keçirildiyini, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Aşqarlar Kimyası İnstitutu, Neft-Kimya Prosesləri İnstitutunun gənc alimlərinin konfransda iştirak etdiyini gənclərin nəzərinə çatdırıb.
Akademik sonra qeyd edib ki, 2024-cü ildə institutun gənclərindən bir çoxu xarici ölkələrdə konfranslarda, tədbirlərdə, təlimlərdə iştirak etmiş, sertifikat və diplomlara layiq görülmüşlər. Bəzi gənclər isə elmi-tədqiqat işlərinin bir hissəsini xaricdə tədqiqat institutlarında aparmış və alınmış nəticələri birgə məqalələr şəklində çap etdirmişlər. İnstitutun əməkdaşı Aysel Məmmədovanın təqaüd qazanaraq Macarıstan dövlətində 4 il doktorantura təhsili aldığını deyərək bütün xərcləri Macarıstan dövlətinin öz üzərinə götürdüyünü, bunun gənclərin inkişafı üçün sevindirici hal olduğunu söyləyib.
Akademik, eyni zamanda öz çıxışında gəncləri lazımlı mütəxəssis olmağa, xarici dil biliklərini zənginləşdirməyə, xarici ölkələrlə beynəlxalq əməkdaşlığı daha da artırmağa, Mobillik qrantlarına, təqaüd proqramlarına müraciət etməyə, yerli və xarici ölkələrdə konfranslarda, simpoziumlarda, müsabiqələrdə daha fəal iştirak etməyə çağırıb. Qeyd olunanların onların akademik fəaliyyətinə yüksək səviyyədə təsirinin danılmaz fakt olduğunu bildirən D.Tağıyev işləyən, öz üzərində daim çalışan, məsuliyyətli, nizam-intizama riayət edən gənclərə hər zaman dəstək olacağını onların diqqətinə çatdırıb.
Sonra akademik 2025-ci ilin əlamətdar bir il olacağını vurğulayıb. “2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi, institutun 90 illik yubileyi, akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileyi keçiriləcək. Siz gəncləri bu tədbirlərdə fəal iştirak etməyə çağırıram”, - deyərək akademik Dilqəm Tağıyev nitqini başa çatdırıb.
Sonra akademik gəncləri dinləyərək, onların suallarını cavablandırıb, təklif və tövsiyələrini verib.
Sonda akademik gəncləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək onları əzmkar, fəal, elmi işlərində aktiv olmağa, gələcəyin savadlı mütəxəssisi kimi yetişməyə çağırıb və bu yolda onlara uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.