Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.12.2024 17:25
  • A-
  • A
  • A+

AMEA-nın İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2024-cü il üzrə illik hesabatlara həsr olunmuş Ümumi yığıncağı keçirilib.

İclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları, müavinləri, elmi katibləri, mühüm nəticələrin icraçıları, eləcə də AR ETN İqtisadiyyat İnstitutunun məsul şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti v.i.e., bölmənin Ümumi yığıncağının sədri akademik Gövhər Baxşəliyeva açıb.

Əvvəlcə Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra akademik Gövhər Baxşəliyeva növbəti ildə institutların qarşısında duran əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Ümumi yığıncağın sədri cari ildə bölmənin elmi tədqiqat müəssisələrinin fəaliyyətinin məhsuldar olduğunu, “Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı”, eləcə də Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin keçirilməsi, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi, Azərbaycan Res­pub­lika­sında  2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edil­məsi çərçivəsində bir çox uğurların əldə edildiyini qeyd edib.

Akademik Gövhər Baxşəliyeva bölməyə daxil olan elmi tədqiqat müəssisələrinin 2024-cü ildəki ümumi statistik məlumatlarını diqqətə çatdırıb. Qeyd edib ki, cari ildə 33 problem, 88 mövzu, 505 iş, 98 mərhələ üzərində elmi tədqiqat aparılıb. Bunlardan il ərzində 23 mövzu, 364 iş, 43  mərhələ tamamlanıb.

Akademik Gövhər Baxşəliyeva hesabat ilində 1523 əsərin nəşr olunduğunu bildirib. Bunlardan 88 kitab və monoqrafiya (9-u xaricdə), 1493 məqalə və tezis (382-si xaricdə), 10 dərslik və dərs vəsaiti,  46 məqalənin isə impakt faktorlu jurnalda dərc olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, bölmə əməkdaşlarının əsərlərinə 3683 istinadın qeydə alındığını vurğulayıb.

Bölmə üzrə 23 beynəlxalq, 1 beynəlxalq elmi seminar, 1 beynəlxalq dəyirmi masa, 13 respublika, 52 dəyirmi masa, 39 elmi seminar, 8 kitab təqdimatı, 30-dan çox görüş, elmi tədqiqat müəsisələrinin Elmi şuralarının 41 iclası keçirilib. 7 saziş imzalanıb.

Cari ildə İctimai Elmlər Bölməsi üzrə 23 beynəlxalq, 14 respublika konfransı, 41 elmi seminar, 13 elmi  sessiya,  53 dəyirmi masa, 9 təqdimat mərasimi, 30-dan çox görüş, institutların Elmi şuralarının 41 iclasının keçirildiyini bildirib. Bundan başqa, bölmənin elmi tədqiqat müəssisələrində 16 mühüm nəticə əldə edildiyini, 14 kənar təşkilatlardan mühüm nəticə daxil olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verən müəssisənin direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov vurğulayıb ki, hesabat ilində institutda çap olunan fundamental elmi əsərlər, eləcə də tədqiqatlar ölkə rəhbərliyinin çağırışına, tapşırıq və tövsiyələrinə əsaslanıb. O, həmçinin institut əməkdaşlarının “Böyük Qayıdış”la bağlı görülən və görülməsi nəzərdə tutulan işlərdən söz açıb.

Professor Kərim Şükürov “Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı seçilməsi”, Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin keçirilməsi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edil­məsi bağlı  institutda “Şuşa şəhəri və İslam dünyası: qarşılıqlı əlaqələr və zənginləşmə”,  “Naxçıvan Muxtar Respublikası - 100 il: uğurlar və perspektivlər”, “Şuşa: keçmişi və inkişaf perspektivləri gəncliyin gözü ilə”, “Məhəmməd Füzuli: dövrü və mühiti”, “Türk sivilizasiyasının dirçəlişi”, “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr”, “I Beynəlxalq Şah İsmayıl Xətai”, “Birinci dünya müharibəsinin Yaxın Şərq və Qafqaz meydanı Osmanlı dövlətinin savaşa qatılmasının 110 illiyi”  mövzularında beynəlxalq və respublika səviyyəli elmi konfransların və müxtəlif tədbirlərin keçirildiyini, bir sıra kitabların nəşr olunduğunu bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Tarix və Etnologiya İnstitutunda elmi-tədqiqat işləri əsas 5 istiqamət, 17 problem, 43 mövzu, 197 iş üzrə aparılıb və 4 mühüm nəticə əldə olunub. O, “Səfəvi dövləti tarixinin aktual problemlərinin öyrənilməsi, “Qərbi Azərbaycan XIX yüzilliyin ikinci  yarısı - XX yüzilliyin  əvvəllərində”, Möhtəşəm 20 il (1993-2023)”, “Birinci və İkinci Qarabağ müharibələri: Azərbaycanın erməni işğalçıları üzərində qələbəsinə etnoloji baxış” kimi mühüm nəticələrin əldə olunduğunu qeyd edib.

Hesabat ilində AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, AR Elm və Təhsil Nazirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihəyə əsasən, 4 ay müddətində institutda gürcü mütəxəssis, Tiblisi Dövlət Universitetinin müəllimi, professor Roman Lolua müvafiq əməkdaşlara onlayn şəkildə qədim alban dili üzrə dərslər keçib.

Tarix elmləri doktoru Kərim Şükurov onu da bildirib ki, institutda ötən ildə olduğu kimi,  cari ildə də kitabların elektron nəşrləri həyata keçirilib və həmin kitablar müəssisənin rəsmi saytında yerləşdirilib.

Daha sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev cari ildə aparılmış elmi-tədqiqat işləri, arxeoloji qazıntı işləri  haqqında məlumat verib. İnstitutun hesabatını təqdim edən Fərhad Quliyev qeyd edib ki, il ərzində elmi müəssisə əməkdaşları tərəfindən geniş çöl tədqiqatları, eləcə də antropoloji tədqiqatlar aparılıb. Alim cari ildə institutun elmi fəliyyətini Azərbaycanda arxeoloji, antropoloji tədqiqatlar istiqamətində davam etdirdiyini söyləyib. Onun sözlərinə görə, cari ildə arxeoloq alimlərin apardıqları əsas arxeoloji tədqiqatlar ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən aparılıb. Sonra institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova  illik fəalliyyət haqqında geniş məlumat verib. Alim hesabat ilində dosent Fərhad Quliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş Ağdam şəhərində yerləşən Pənahəli Xanın sarayı və İmarət Kompleksində, Şahbulaq qalasında, Əsgəran qalasında, Füzulidə 7 təpə kurqanlarında, Xocavənddə Azıx və Tağlar mağaralarında, Zəngilanda Şəhri-Şərifanda, Hadrutda, Xocalıda, arxeoloji tədqiqat işlərinin aparıldığını və mühüm nəticələrin əldə olunduğunu bildirib.

Onun sözlərinə görə cari ildə ölkəmizin müxtəlif ərazilərində Azərbaycan-Almaniya, Azərbaycan-İtalya, Azərbaycan-Koreya, Azərbaycan-Yaponiya, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Koreya, İsveçrə, Azərbaycan-ABŞ və s. beynəlxalq ekspedisiyanın fəaliyyət göstərdiyini vurğulayıb. Həmçinin alim Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə I Qarabağ savaşında əsir və girov götürülmüş vətəndaşlarla bağlı aparılan araşdırmalarında antropoloqların yaxından iştirak etdiyini qeyd edib.

Ellada Bəkirova Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisi­ya­sının Damcılı mağarasında apardığı arxeoloji tədqiqatların nəticəsində “Damcılı mağarası. Cənubi Qafqazda son pleystosendən holosen dövrünədək bəşəriyyətin tarixinin tədqiqi” (ingilis dilində) adlı monaqrafiyanın ərsəyə gəldiyini bildirib. Hesabat ilində institut əməkdaşları tərəfindən 147 əsərin çap olunduğunu qeyd edən Ellada Bəkirova bunlardan 11 kitab və monoqrafiyanın (2-si xaricdə), 143 məqalə və tezisin (66-sı xaricdə), 17 məqalənin  “Web of Science”, “Scopus” bazalarında çap olunduğunu bildirib.

Tədbirdə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun hesabatını təqdim edən elmi müəssisənin direktoru akademik Gövhər Baxşəliyeva  bildirib ki, cari ildə müəssisənin əməkdaşları çox məhsuldar və səmərəli fəaliyyət göstəriblər.

Hesabat ilində plan üzrə 5 problem çərçivəsində 14 mövzu, 106 elmi-tədqiqat işinin (47 iş tamamlanıb) başa çatdığını iclas iştirakçılarının diqqətinə çatdırıb. Akademik Gövhər Baxşəliyeva cari ildə institutda aktual məsələlərə həsr olunmuş konfransların keçirildiyini bildirib. Ölkə Prezidentinin sərəncamlarına  uyğun olaraq, institutda səmərəli tədbirlərin həyata keçirildiyini vurğuluyub.

Bunlardan “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransı, COP29-la bağlı “Ulu Öndər Heydər Əliyevin ekoloji siyasəti” mövzusunda tədbir, “Qoca Şərqin ilk Cümhuriyyəti” adlı elmi konfrans, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycanda elm və təhsilə şagird baxışı” mövzusunda IV şagird respublika elmi-praktik konfransı, “İraq-türkman ədəbiyyatı və mətbuatının inkişafı” mövzusunda elmi sessiyanın adlarını xüsusilə qeyd edib.

Bundan əlavə, cari ildə institutda 516 əsərin çap olunduğunu vurğulayıb. Bunlardan 15-i kitab və  monoqrafiya (1-i xaricdə),  501-i məqalə və tezis (74-ü xaricdə), 4-ü impakt faktorlu məqalədir. Onun sözlərinə görə, institut əməkdaşlarının əsərlərinə 218 istinad edilib. G.Baxşəliyeva hesabat ilində 4 mühüm nəticənin əldə edildiyini qeyd edib. Alim “Türk dillərinin müqayisəli tədqiqi”, Fütuhati-şahi və Həbibüs-siyər əsərləri əsasındaŞah İsmayılın həyatı” mövzusunda beynəlxalq elmi konfransın materiallarının, XIX əsr Qarabağ Divan ədəbiyyatı (ənənə və yenilik kontekstində) adlı elmi tədqiqat əsərlərinin institutun ən mühüm nəticələri sırasında olduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Hesabat yığıncağında Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə bildirib ki, cari ildə ölkə Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edil­məsi çərçivəsində  Sərəncamına uyğun olaraq, “Süni intellekt: yaşıl dünya və sosial ədalət”, “Azərbaycan gəncliyi və yaşıl dünya naminə həmrəylik ili: ekoloji problemlər, süni intellekt və fəlsəfə” toplularının nəşr olunduğunu bildirib. “Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi”, “Nəsirəddin Tusi və fəlsəfənin ekoloji problemləri” mövzularında beynəlxalq konfransların, “Prezident İlham Əliyevin dövlət idarəçiliyi: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir” mövzusunda elmi seminarın, “COP29 – Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzi­fələr” mövzusunda dəyirmi masanın təşkil olunduğunu qeyd edib.

Eləcə də, institutda keçirilmiş “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan ideyasının fəlsəfi, ictimai, siyasi mahiyyəti” mövzusunda elmi konfransı, “Məhəmməd Əmin Rəsulzadə İstiqlal məfkurəsin­dən Azərbaycan Cümhuriyyətinədək mübarizə yollarında” mövzusunda elmi seminarın adlarını çəkib.

Alim hesabat ilində 4 problem, 15 mövzu, 135 iş (126 iş tamamlanıb) üzərində elmi tədqiqat aparıldığını vurğulayıb. Fəlsəfə elmləri doktoru İlham Məmmədzadə cari ildə institut əməkdaşlarının nəşriyyat fəaliyyətinin də qənaətbəxş olduğunu vurğulayıb. Cari ildə 474 elmi əsərin, 29 kitab və monoqrafiyanın (4-ü xaricdə), 439 məqalə və tezisin (88-i xaricdə),16 məqalənin impakt faktorlu jurnallarda dərc olunduğunu diqqətə çatdırıb. Alim cari ildə institutda 2 mühüm nəticənin - “Heydər Əliyevin böyük siyasət yolu” və “Gözəlliyin fəlsəfəsi” əldə edildiyini bildirib.

Hesabat ilində beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm uğurlar qazanıldığını deyən alim xarici ölkələrin bir çox elmi mərkəzi ilə bağlanılan müqavilə və memorandumlara əsasən, öz işlərini davam etdirdiklərini bildirib. Elmmetrik bazalarda institut əməkdaşlarının fəaliyyətinin daha da gücləndirildiyini vurğulayıb.

Qafqazşünaslıq İnstitutunun direktoru v.i.e, siyasi elmlər doktoru Ramilə Dadoşova hesabat ilində institut əməkdaşlarının məhsuldar işlədiklərini diqqətə çatdırıb. 2024-cü ildə institutda “Qafqaz dövlətlərinin daxili vəziyyəti”, “Qafqaz dövlətləri arasında münasibətlər və xarici ölkələrin region siyasəti”, “Qafqaz tarixi” adlı 3 elmi istiqamət, 4 problem, 5 mövzuya dair 18 iş üzrə elmi-tədqiqat işi aparılıb.

Ramilə Dadoşova elmi tədqiqat müəssisəsində 3 mühüm nəticənin əldə edildiyini diqqətə çatdırıb. Bildirib ki, “İlham Əliyev və müstəqil Azərbay­canın ilkləri (2003-2024)” kitabı, Heydər Əliyev: Azərbaycan - Türkiyə münasibətlərinə konseptual baxış” adlı monoqrafiya, “Azərbaycan Respublikası – Gürcüstan münasibətləri” adlı monoqrafiyalar institutun 2024-cü il üzrə ən mühüm uğurlarındandır.

Alim “Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlıİslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini və materiallarının çap olunduğunu qeyd edib.

Bununla yanaşı, “Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransının keçirildiyini də vurğulayıb.

Siyasi elmlər doktoru Ramilə Dadaşova  hesabat ilində institut əməkdaşları tərəfindən 170 əsərin işıq üzü gördüyünü qeyd edib. Bunlardan  11 kitab və monoqrafiyanın (1-i xaricdə), 158 məqalə  və tezisin (55-sı xaricdə), 6 məqalənin isə  “Web of Science”, “Scopus” bazalarında nəşr olunduğunu və əməkdaşların əsərlərinə isə 77 istinad edildiyini qeyd edib. Bununla yanaşı, alim cari ildə Qafqazşünaslıq İnstitutunun beynəlxalq əlaqələrinin daha da genişləndirildiyini diqqətə çatdırıb.

Daha sonra Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya, Arxeologiya və Antropologiya, Fəlsəfə və Sosiologiya, Qafqazşünaslıq institutlarının kadr məsələlərinə baxılıb.

Sonda çıxış edən akademik Gövhər Baxşəliyeva Ümumi yığıncağın iştirakçılarını qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib, onlara cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: