AMEA-nın Folklor İnstitutunun Elmi şurasının növbəti iclasında yeni elmi istiqamətlər və yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məsələləri müzakirə olunub.
Elmi şuranın iclasında institut rəhbərliyi, Şuranın üzvləri və gündəlikdəki məsələlərə aidiyyəti olan şəxslər iştirak ediblər.
Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev iclası açaraq Elmi şuranın gündəliyində bir sıra elmi, elmi-təşkilati və cari məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu qeyd edib. O vurğulayıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planına” və AMEA Rəyasət Heyətinin 8 may 2025-ci il tarixli qərarına əsasən, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edilib. Qəbul planına müvafiq olaraq, Folklor İnstitutunda “Folklorşünaslıq” və “Azərbaycan ədəbiyyatı” ixtisasları üzrə ümumilikdə 5 yerin ayrıldığını qeyd edən H.Quliyev bununla əlaqədar olaraq, institutun Təhsil şöbəsinə müraciətlərin edildiyini diqqətə çatdırıb.
Daha sonra dosent H.Quliyev qeyd edib ki, hal-hazırda Folklor İnstitutunda ümumilikdə 20 elmlər doktoru və 10 fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlar təhsil alır. Hesab edirik ki, doktorant və dissertantların dissertasiya mövzularının aktuallığı, problemlərin qoyuluşu, beynəlxalq təcrübə və çağırışlara uyğunluğu, araşdırmaların nüfuzlu jurnallarda nəşri kimi parametrlər üzrə attestasiya və monitorinqin aparılmasına ehtiyac vardır. Bununla əlaqədar xüsusi formalar hazırlanmış və yaxın günlərdə doktorant və dissertantlara təqdim ediləcəkdir.
Dosent Hikmət Quliyev gündəlikdəki digər məsələdən - Özbəkistanla folklorşünaslıq istiqamətində əlaqələrin genişləndirilməsindən danışaraq bildirib ki, Folklor İnstitutu bu ilin aprel ayında Özbəkistanın Xivə şəhərində UNESCO və ICESCO-nun himayəsi ilə keçirilən İkinci Türk Dünyası Mədəniyyət Forumunda uğurla təmsil olunub. Səfər çərçivəsində AMEA Folklor İnstitutu ilə Daşkənddəki Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu və Urgənc Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Alim Özbəkistanın elm və təhsil qurumları ilə birgə elmi tədqiqatların aparılması, kadrların yetişdirilməsi, yeni layihələrin hazırlanması və icrası, eləcə də ortaq elmi nəşrlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra AMEA Rəyasət Heyətinin 14 aprel 2025-ci il tarixli qərarı ilə təsdiq olunmuş Folklor İnstitutunun yeni strukturundan irəli gələn elmi və elmi-təşkilati məsələlərin həyata keçirilməsi məsələsi müzakirə olunub. Qeyd olunub ki, Rəyasət Heyətinin müvafiq qərarı ilə Folklor İnstitutunun strukturunda daxili imkanlar və mövcud ştat vahidləri hesabına İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
Eyni zamanda Elmi şurada ölkəmizdə həyata keçirilən dövlət siyasətinə, müasir dünyanın çağırışlarına və son dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlara müvafiq olaraq, bir sıra yeni elmi istiqamətlər üzrə şöbələrin yaradılması barədə vəsatət qaldırılması qərara alınıb.
Daha sonra institutun elmi katibi, dosent Elçin Abbasov AMEA Folklor İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi və 2025-ci il üçün institutun nəşrlər planının hazırlanması barədə məlumat verib.
8-10 may 2025-ci il tarixlərində Türkiyənin Trabzon şəhərində ezamiyyətdə olmuş Müasir folklor şöbəsinin müdiri, fil.e.d., prof. Füzuli Bayat çıxış edərək Trabzon Universitetinin İnsan və cəmiyyət elmləri fakültəsinin təşkilatçılığı ilə keçirilən “Yavuz Sultan Səlim: elm, düşüncə və sənət” mövzusunda beynəlxalq simpoziumda iştirakı barədə təəssüratlarını bölüşüb.
Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Səkinə Qaybalıyeva 26 may 2025-ci il tarixində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçiriləcək “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransının təşkili barədə məlumat verib.
Şura üzvlərindən institutun Folklor nəzəriyyəsi şöbəsinin müdiri, fil.e.d., prof. Füzuli Bayat, Türk xalqları folkloru şöbəsinin şöbəsinin müdiri, fil.e.d., prof. Əfzələddin Əsgər çıxış edərək gündəlikdəki məsələlərə münasibətlərini bildiriblər.
Cari məsələlər sırasında Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Elnarə Hüseyn qızı Əmirliyə və Mifologiya şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Vüsalə Roma qızı Nəsibovaya ixtisas üzrə dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması ilə bağlı məsələyə baxılıb. Gizli səsvermənin nəticələri müsbət hesab edilərək, iddiaçıların dosent elmi adı alması üçün vəsatət qaldırılması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.