AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Xoşqədəm Mirzəyeva Avrasiya Yazıçılar Birliyinin prezidenti Dr.Yaqub Öməroğlunun xatirəsinə həsr olunmuş II Beynəlxalq Altayşünaslıq simpoziumunda onlayn şəkildə iştirak edib.
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Almaniya, Şimali Makedoniya və bir sıra ölkələrdən alim mütəxəssislərin qatıldığı simpoziumda əməkdaşımız ““Hekayət-i Padişahı-Bulğar” əsərinin Bakı nüsxəsi” mövzusunda məruzə edərək çıxışında Əlyazmalar İnstitutunda M-478 şifri ilə mühafizə olunan bu əlyazma nüsxəsinin mənəvi, estetik və özünəməxsus xüsusiyyətlərindən, onun tərkibinə daxil olan “Yusif və Züleyxa” məsnəvisi və “Hekayəti-padişahi-Bulqar” əsərindən söz açıb, mövzuya uyğun hazırladığı videoslaydı konfrans iştirakçılarının diqqətinə çatdırıb. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb. X.Mirzəyeva simpoziumda fəal iştirakına, ətraflı və dolğun çıxışına görə təşkilatçı qurumun sertifikatına layiq görülüb.
Qeyd edək ki, Altay dillərinin yazı sistemləri, Altay xalqlarının antropologiyası, arxeologiyası, tarixi və etnologiyası, Koreya, yapon, türk dili və ədəbiyyatı kimi mövzuları özündə əhatə edən simpozium Türkiyənin Bilimdili Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.