Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Vətən müharibəsi fatehlərinin zəfər triumfu – Şuşa
17.09.2021 16:46
  • A-
  • A
  • A+

Vətən müharibəsi fatehlərinin zəfər triumfu – Şuşa

Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaqdır!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

19-cu əsrin əvvəlindən başlayaraq Azərbaycanın tarixi ərazisi Qarabağa bütün dünyada yeri-yuvası olmayan ermənilərin köçürülərək məskunlaşması ilə bu torpaqlarda “erməni özününküləşməsi” prosesi başladı və proses iki əsr bir qərinədən çox çəkdi.

Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl ordu quruculuğu strategiyası, uzun illər aparılan diplomatik-beynəlxalq siyasət və ölkənin daxili ictimai-siyasi sabitliyi ilə adaptasiyada modern iqtisadi inkişaf xətti 27 sentyabr 2020-ci il Vətən müharibəsində işğal olunmuş tarixi torpaqların hərb yolu ilə geri alınaraq, 10 noyabr zəfərinin təməli oldu. Bu zəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə milli ordunun qalibiyyət, xalq-dövlət vəhdəti birliyinin şərəf salnaməsidir.

27 sentyabr 2020-ci il... Ağır COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda Vətən müharibəsinin başlanması, Azərbaycan xalqının bir dəmir yumruq ətrafında birləşməsi tarixidir. Bu tarix XIX əsrin əvvəlindən gələn saxta erməni-daşnak “böyük Ermənistan”, “Dağlıq Qarabağ” mifinin dağıdılmasının başlanğıc ərəfəsidir.

8 noyabr 2020-ci il milli ordu fatehlərinin triumfu - Şuşanın işğaldan azad olunması zəfəridir. Bu, Azərbaycan xalqının şərəfinin, ləyaqətinin qürur, mübarizlik tarixidir.

Bir qrup ictimaiyyətçilərlə birlikdə 16 avqust 2021-ci ildə işğaldan azad edilmiş Ağdamı, 11 sentyabr 2021-ci ildə isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı, müqəddəs torpaqlarımızı ziyarət etdik.

Yandırılıb dağıdılan Füzuli şəhərindən keçən Zəfər yolunda nəhəng işlər aparılır. Çox istiqamətli yollar, Füzuli Beynəlxalq Aeroportu, su-elektrik qurğuları işğaldan azad edilən, vəhşicəsinə talan olunan torpaqlara yeni mədəniyyət, dirçəliş, qayıdış gətirir.

Ağdamdakı vəhşiliyin, talanın nə dərəcəsi var, nə ölçüsü... Erməni xislətinin əzazilliyi yetim qalan və bu barbarlığın şahidi olan ağacların öz-özünə yetimcəsinə kəsilsə də, yandırılsa da, mənfur düşmənə inadən yenidən öz toxumu ilə, öz doğma havası, suyu ilə artıb çoxalaraq bar gətirməsi, meyvələrinin öz budağında quruyaraq sanki albuxaraya, kişmişə çevrilməsi dəhşətli, amansız faciələrin acı bir reallığının həqiqət fəlsəfəsidir. Yerlə yeksan edilən, dağıdılan evlərə, məzarlara, minalar səpilmiş tarlalara baxanda yer üzündən silməyə cəhd etdikləri Ağdam şəhərinin şumlanan səhraya çevrildiyinin şahidi olduq. Ağdamın Sarıcalı kəndində məzarından çıxarılaraq qabırğasına yaba salınıb yenidən basdırılan körpə oğulun, Xocalıdan buzda-şaxtada donaraq gələnlərin, bətnində körpəsi yandırılan anaların, ağaca sarıdılıb yandırılan ata-qardaşların harayının şahidi olan yetim ağaclar da artıq, sanki doğma səsdən, doğma hənirdən dikəlmiş, daha da dirçəlmiş, yaşıllaşmışdır. Ağdamda qurulan “basılmaz ordulu” ermənilərin istehkamları milli ordunun darmadağın etdiyi beton səddlər məhz Ali Baş Komandan İlham Əliyevin uzaqgörən strateji-diplomatik hərb siyasətidir. Hər tərəfi öldürücü minalarla bəzədilmiş ağaclar da, içi boş məzarlar da sanki dil açıb faciənin ağırlığından danışır və hər bir ziyarətçinin dilində “Var ol, Ali Baş Komandan”,  fateh zabitlərimizə eşq olsun, şəhidlərə rəhmət, qazilərə sağlıq, qəhrəman milli orduya dualar səslənirdi... Ağdamdakı talan, vəhşilik Qərbin – “sülh” istəkli “yaxın qonşuluq” məramına erməniliyin insanlığa cavabı  və düşmənliyin ən son nöqtəsi, aqressiyasıdır... Söz donur, kəlimə itir, hər hansı ifadə ilə bu amansızlığı təsəvvür etmək çox çətindir, çox!

Bu talanı, barbarlığı görəndə insan təfəkkürünün belə qəddarlığı düşünməsi nə qədər ağrılıdırsa, sözlə təsəvvür etmək çox çətindirsə, mina tarlaları içərisindən bütün keçilməzləri keçib-gedən, iki əsrin qisasını alan milli ordu fatehlərinin vətən sevgisini, doğma torpaq uğrunda vuruş cəsarətini, Azərbaycanın hərbi-sənaye qüdrətinin möhtəşəmliyini məhz Qarabağda Vətən müharibəsində görmək olar.. Bir təsəlli var – gedilən yolun – zəfər yolunun zəfərlə yekunudur!

Şuşa... Ulu öndər Heydər Əliyev məntiqi ilə desək: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” və “Qarabağ Azərbaycandır, nöqtə” paradiqması Prezident İlham Əliyevin siyasi-fəlsəfi məntiqinin zəfər triumfudur. Və hər birimiz Şuşaya “Sən azadsan, əziz Şuşa” – Ali Baş Komandan İlham Əliyevin səmimi, doğmalıqla səslənən əbədiyyət kəlamı ilə daxil olduq.

Alınmaz Şuşa qalası... Tarixən qalanın adı belə deyilib... Sıldırım sal qayalara ürək parçalanmadan baxmaq mümkün deyildir. Şuşa fatehlərinin - şəhidlərinin, qazilərinin sanki bu sıldırıma əksi hopub, canlıdır... Yoldan əlini uzatmaq, toxunmaq istəyirsən, canı-qanı ilə bu sıldırımlara qartal kimi qalxan igid oğullar - fatehlər yad edilir. Gedənlərə rəhmət, qalanlara sağlıq duaları dilənir. Nə qədər möhkəm xarakterli olsan da, ürək dözmür, gözlər yaşarır və bir təsəlli, bir qürur yaşanır ki, qırmızı hərflərlə Şuşa yazılan sıldırımlı qalanın üstə artıq üç rəngli bayrağımız dalğalanır. “Şuşa, biz gəlmişik, biz səni dirçəldəcəyik”, - deyə Azərbaycan xalqına səslənən Ali Baş Komandanın qətiyyətli kəlamı səslənir. Həqiqətən də mahnıda deyildiyi kimi, “Həyat, sən nə qəribəsən!” Vətən müharibəsinin ilk günlərindən erməni-daşnak işğalında olan torpaqlar azad olunduqca Azərbaycan xalqı dirçəldi, acılı-ağrılı faciələrin fonunda zəfər şərbətini ağlar-gülər içdi. Artıq göz yaşları sevinc, qürur damlası idi.

Biz azərbaycanlılar vətənə, torpağa nə qədər bağlıyıqsa, o qədər qürurlu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fikri ilə desək: “Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağda eşitməkdir”. Azad Qarabağda “Qarabağ şikəstəsi” səslənir, Şuşa fatehlərinin mübarizliyinin şahidi olan sıldırım qayalara qartallar qayıdıb, yuva qurub, boynubükük yetim ağaclar doğma səs-hənirdən canlanıb, dikəlib, yaşıllanıb, barlanıb, keçmiş sovetdən qalan yollar, Şuşadakı sınıq-salxaq, sökülmüş binalar, dağılan məscidlər bərpa olunur, Qarabağda hər yerdən Azərbaycan xalqının səsi, nəfəsi gəlir, əməyi ucalır, Şuşa dirçəlir, şəhər kimi yox edilən Ağdam-Füzuli-Hadrut şəhərləşir, yalnız adı qalan kəndlər-qəsəbələr yenidən tikilir, qurulur, bütün Azərbaycanda olduğu kimi, Qarabağda da sürəkli nəhəng iqtisadi-mədəni işlər aparılır, infrastruktur modernləşir.

Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Qarabağ iqtisadi rayonu haqqında Fərmanı məhz bir qərinədən çox işğalda olan tarixi ərazilərin yenidən dirçəlişidir.  Xankəndi şəhəri, Xocavənd və Xocalı rayonlarının da daxil olduğu Qarabağ iqtisadi rayonunda onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqramla, məqsədəmüvafiq, təkmilləşdirilmiş olaraq aparılması nəzərdə tutulur.

Ağdam “ruhlar şəhərindən” Azərbaycanın iqtisadi-sənaye mərkəzinə çevrilir. “Dünya cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” həsrəti ilə fəryad edən Şahzadə Ağabəyim Ağanın, məqbərəsi dağıdılan, məzardan sümükləri çıxarılıb aparılan Şahzadə Natəvanın ruhu sevinir, “məğlubedilməz ordusu” məğlub olan ermənilərin viran etdikləri torpaqlara yeni həyat gəlir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Şuşanı 21-ci əsrin mədəni-mənəvi məkanına çevirir. Prezident İlham Əliyevin uzaq illərə, müxtəlif istiqamətlərə yönəlik milli prioritetlər platforması əsasında ölkədə sürətlə infrastruktur modernləşdirilir, Qarabağ iqtisadi zonası da cənnət məkana dönür.

Azad Şuşada Azərbaycan xalqının gələcəyi olan uşaqlar yeni salınan parkda oynayır, Şuşada ağappaq pərqu kimi çörəklər bişir, çörəkli olasan başı Şuşa taclı Qarabağımız! Hər yerdə bir böyük qayıdışa gedən yolun təməli salınır.

Çörəyin bol olsun Azərbaycan xalqı!

Bu zəfər yolu ilə vuruşaraq Şuşaya gedən zabitlər, canından can itirən qazilər, sağlıqlı, çörəkli olasınız, ruhunuz şad olsun şəhid oğullar – Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri! Var olun, Ali Baş Komandan! Mehriban xanım Əliyevanın söylədiyi kimi: “Tanrı Azərbaycanı qorusun”.

“Qarabağ bizimdir, nöqtə” siyasi fəlsəfəsinin triumfu – Şuşa, zəfəri məğlubedilməz milli ordunun və hərbi-siyasi qətiyyətli Ali Baş Komandan, qurucu Prezident İlham Əliyevin diplomatik-ideoloji-mədəni siyasəti, ulu Azərbaycan xalqının azərbaycançılıq ideologiyasının vəhdət tarixidir.

Rəna MİRZƏZADƏ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: