Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tanınmış filosof alim Zümrüd Quluzadə vəfat edib
27.09.2021 14:22
  • A-
  • A
  • A+

Tanınmış filosof alim Zümrüd Quluzadə vəfat edib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin uzun illər müdiri olmuş, “Şərq fəlsəfəsi problemləri” adlı beynəlxalq elmi-nəzəri jurnalın baş redaktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə sentyabrın 26-da ömrünün 89-cu ilində vəfat edib.

Zümrüd Əliqulu qızı Quluzadə 17 mart 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1939-1949-cu illərdə orta məktəbi fərqlənmə ilə bitirib. 1949-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul olub, 1954-cü ildə fərqlənmə diplomu ilə başa vurub. 1954-1957-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fəlsəfə kafedrasının aspirantı olub. 1957-1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunda fəlsəfə fənni üzrə assistent və baş müəllim vəzifələrində işləyib.

29 noyabr 1959-cu ildə Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin Elmi şurasında “Antoqonist cəmiyyətdə üstqurumun rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1960-cı ildən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə və ictimai fikir tarixi şöbəsində çalışıb, uzun illər həmin şöbənin aparıcı elmi işçisi və müdiri olub. 1969-cu ildə “Hürufilik və onun Azərbaycanda nümayəndələri” mövzusunda doktorluq işini müdafiə edib.

Tədqiqatçı alim Zümrüd Quluzadə İslam fəlsəfə tarixi, xüsusən də çoxsaylı təsəvvüf təlimləri və Azərbaycanda meydana gələrək daha sonralar Anadolu və Balkanlarda geniş yayılan hürufilik cərəyanının fəlsəfi mahiyyətinin araşdırılmasında səmərəli xidmətlər göstərib və ümumilikdə Azərbaycan fəlsəfə tarixinin inkişafına da böyük töhfələr verib. Zümrüd Quluzadə Azərbaycan mədəniyyətinin dünya şöhrətli nümayəndələrindən olan Nizami Gəncəvi, Nəimi, Nəsimi, Şah Qasım Ənvar, Məhəmməd Füzuli kimi mütəfəkkirlərin yaradıcılıqlarındakı dərin fəlsəfi görüşləri ilk tədqiq edən alimlərdən biri olub.

1996-cı ildə Zümrüd Quluzadənin təşəbbüsü və təklif etdiyi elmi konsepsiyaya müvafiq olaraq yaradılmış “Şərq fəlsəfəsi problemləri” beynəlxalq elmi-nəzəri jurnal Azərbaycan fəlsəfə tarixinin inkişafında xüsusi yerə malikdir.

Postsovet ölkələrinin elmi mühitində nüfuzlu alim kimi tanınan Zümrüd Quluzadə 2010-cu ildən Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü seçilib. Zümrüd Quluzadənin elmi yaradıcılığı ölkə ictimaiyyəti və Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən yüksək qiymətləndirilib. O, 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

Tanınmış elm xadimi Zümrüd Quluzadənin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

AMEA Humanitar və İctimai Elmlər Bölməsi

Fəlsəfə və Sosiologiya İnstitutu

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: