Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2021 17:46
  • A-
  • A
  • A+

Vətən müharibəsində əldə olunan qələbə ordumuzun nəyə qadir olduğunun sübutu idi

Vətən müharibəsində əldə olunan qələbə ordumuzun nəyə qadir olduğunun sübutu idi

AMEA-nın Radiasiya Problemləri İnstitutunda 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun Həmkarlar Təşkilatının təşəbbüsü ilə keçirilən anım tədbirində giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev 44 günlük Vətən müharibəsi və qüdrətli Azərbaycan ordusunun yazdığı qəhrəmanlıq dastanından söz açıb, əsgər və zabitlərimizin şücaətindən qürur duyduğunu ifadə edib.

İ.Mustafayev, həmçinin bildirib ki, şanlı qələbəmiz “Nəyi nə vaxt, necə edəcəyimizi bilirik” deyən Müzəffər Ali Baş Komandanın müdrik bir sərkərdə qətiyyətinin məntiqi təzahürü, həm də dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunun bəyanı idi.

Daha sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva bildirib ki, Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini cəmi 44 gün ərzində darmadağın edərək böyük zəfərə imza atıb. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-a qədər 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kənd işğaldan azad olunub.

Tədbirdə daha sonra Vətən müharibəsi iştirakçısı olmuş institutun əməkdaşları Ramin Qəribov və Samir Mustafayev döyüş yolu və Azərbaycan Ordusunun şanlı zəfəri haqqında təəsüratlarını bölüşüblər.

Sonda institutun Həmkarlar Təşkilatı tərəfindən “YAŞAT” Fonduna 1000 manat ianə olunub və Vətən müharibəsi iştirakçısı olmuş institut əməkdaşlarına maddi yardım edilib, həmçinin Vətən müharibəsinə həsr olunmuş “Qarabağda tarix yazanlar” adlı videoçarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: