Mayın 16-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
O bildirib ki, iclasda “Sufi fenomologiya: yeni fəlsəfi yanaşma və gələcəyə baxış” mövzusunda məruzə dinləniləcək.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Sufi fenomologiya: yeni fəlsəfi yanaşma və gələcəyə baxış” mövzusunda məruzə edib.
Məruzəçi əvvəlcə yeni dövrün tələblərindən danışaraq burada Şərq və Qərb arasında mənəvi və mental əlaqələrin vacibliyini, varislik prinsipinin qorunması ilə yanaşı, həm də elm və din, xüsusilə süni intellekt və mənəviyyat arasında mümkün sintezlərin zəruriliyi haqqında məlumat verib. O vurğulayıb ki, “Sufi fenomenologiya”nın iki diqqətəlayiq cəhəti ön plana çəkilməlidir: “Birincisi, o, Qərb fəlsəfi sistem nümunəsində yazılmışdır və bu fakt ona tanınmış fəlsəfi sistemlər sırasında öz yerini tutmasına, eyni zamanda, yeni perspektivlərin açılmasına imkan verir. İkincisi isə tədqiqatın məhz Sufizmin prinsipləri üzərində qurulması və onu ana xətt olaraq izləməsidir. Bununla o, dünya düşüncə tarixində İslam hikmətinin rolunu və əhəmiyyətini bir daha diqqətə çatdırmış olur”.
Daha sonra Könül Bünyadzadə müəllifi olduğu yeni fəlsəfi konsepsiyanın – Sufi fenomenologiyanın əsas prinsip və ideyalarından danışıb. Burada o, həm yeni fəlsəfi konsepsiyanın fəlsəfə tarixindəki əsas istinad məqamlarını təqdim edib, həm də əsas müddəalarının şərhini verib. Bununla məruzəçi Sufi fenomenologiyanın varlıq və idrak, Yaradan və yaradılmışlar, zaman və məkan haqqında yeni baxış bucağı olduğunu əsaslandırmış olub.
Könül Bünyadzadə yeni fəlsəfi sistemin xüsusilə dörd əsas istiqamətini təqdim edib: “Yaradılış, idrak prosesi, şəxsiyyətin formalaşması və cəmiyyətdə rolu, fəlsəfə və elmin qarşılıqlı təsiri. Elm gerçəkliyin zahirini, din isə onun ruhunu öyrədir. Onları birləşdirən fəlsəfə olmasa, iki böyük enerji seli bir-birini söndürməyə və qarşısına çıxan hər şeyi məhv etməyə qadirdir. Sufi fenomenologiya həmin fəlsəfədir”.
Onun sözlərinə görə, “Sufi fenomenologiya” insanmərkəzli fəlsəfədir və əsas məqsədi insan haqqında təsəvvürləri və insanın baxış bucağını genişləndirməkdir. Bu məqsədlə burada həm Sufizmin, həm də fenomenologiyanın metodlarından istifadə edilir: “Burada iki əhəmiyyətli xətt paralel gedir: rasional və irrasional bilik, elm və iman, maddi və mənəvi xüsusiyyətlər. Daha dəqiq desək, bu, hər ikisinin vəhdəti üzərindən çıxış edən bir fəlsəfədir. Əsərin ehtiva etdiyi mövzuları və yanaşma prinsiplərini nəzərə alsaq, əminliklə deyə bilərik ki, o, müasir dövrün tələblərinə uyğun olan yeni düşüncə qatlarını açan, onun ruhu və məntiqi arasında sintez yaratmaqla onu maddi dünya çərçivəsindən yüksəyə qaldıra bilən, mənəvi və mental keyfiyyətlərin kamilləşməsinə yönələn fəlsəfi təlimdir”.
Alim bildirib ki, İslam Şərqinin əhəmiyyətli bir hissəsi olaraq Azərbaycan İslam düşüncə tarixində hər zaman vacib yer tutub və onun zənginləşməsində istisna rola malik olub. Bu baxımdan, Azərbaycan, hətta cəsarətlə təsdiq etmək olar ki, Şərq düşüncə tarixində qadın filosof tərəfindən yazılmış ilk fəlsəfi sistem kimi, Sufi fenomenologiya ehtiva etdiyi problemləri və qarşısına qoyduğu əhəmiyyətli məqsədi nəzərə alsaq, iddia etmək olar ki, bu fundamental monoqrafiya da müasir düşüncə tarixində izsiz ötüşməyəcəkdir.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
AMEA-nın müxbir üzvü Şahbaz Muradov çıxış edərək məruzə haqqında öz fikirlərini bölüşüb və məruzəni yüksək dəyərləndirdiyini bildirib.
Daha sonra AMEA-nın müxbir üzvü Şahbaz Muradov AMEA-nın həqiqi üzvü Asəf Nadirovun 95 illik yubileyi ilə əlaqədar olaraq “Akademik Asəf Nadirovun həyat və yaradıcılıq yolu”ndan bəhs edib, xatirələrini bölüşüb. Qeyd edib ki, görkəmli alimi gənclik illərindən tanıyıb və öz elm sahəsinin zirvəsində dayanan şəxsiyyətlərdən olub, gənclərə daim dəstək verib.
Şahbaz Muradov bildirib ki, Asəf Nadirovun elmi yaradıcılığının əsas istiqamətini sənayenin inkişafı, onun quruluşunun təkmilləşdirilməsi və səmərəli yerləşdirilməsi problemləri təşkil edib. O, daim ipəkçiliyin və ipək sənayesinin səmərəli inkişafı üçün respublikada geniş təbii imkanların, əhalinin böyuk istehsal təcrübəsinin və tarixi ənənələrinin mövcud olduğunu vurğulayıb.
Akademik Asəf Nadirovun 500-dən çox elmi əsəri, kitab, monoqrafiya və məqalələri çap olunub. Alimin “Sosialist istehsalının yerləşdirilməsi”, “Azərbaycan şəhərlərinin iqtisadi inkişaf məsələləri”, “Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri”, “Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri”, “Azərbaycan iqtisadiyyatı” və b. kitabların müəllifi olduğunu qeyd edib. Həmçinin Şahbaz Muradov özünün “İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər” əsərinin redaktorunun akademik Asəf Nadirov olduğunu vurğulayıb. Onu da qeyd edib ki, Asəf Nadirov elə doğulduğu gün də vəfat edib: “Mən hər ad günündə onun qəbrini ziyarət edirəm. İnanıram ki, alimin ruhu şaddır və bizdən razıdır. Məkanı cənnət olsun”.
İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.
Akademik Gövhər Baxşəliyeva “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və görüləcək işlər haqqında məlumat verib.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında məsələ müzakirə edilib.
İclasda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun fəlsəfə doktoru istiqaməti üzrə 1-ci kurs əyani doktorantı Emin Fətəliyevin əyani təhsildən qiyabi təhsilə keçirilməsi haqqında məsələ müzakirə olunub və AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
İclasda tarix elmləri doktorları, dosent Güllü Yoloğlu qızı Məmmədlinin A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin, tarix üzrə fəlsəfə doktoru, dosent Ədalət Mustafayevin isə Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri vəzifəsinə təsdiq edilməsi məsələlərinə də baxılıb. Eləcə də fəlsəfə üzrə fəlsəfə doktoru Səbirə İskəndərovanın AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı, fəlsəfə üzrə fəlsəfə doktorları Samirə Dadaşovanın, Zaur Rəşidovun və Elnur Rüstəmovun AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin böyük elmi işçisi vəzifəsinə təsdiq edilmələri məsələləri də müzakirə edilib.
Sonda akademik Aleksandr Osipoviç Makovelskinin 140 illik yubileyi haqqında qərar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.