Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.05.2024 18:45
  • A-
  • A
  • A+

AMEA-da Azərbaycanın dövlətçilik tarixinə həsr edilmiş elmi diskussiya

AMEA-da Azərbaycanın dövlətçilik  tarixinə həsr edilmiş elmi diskussiya

AMEA Rəyasət Heyətində AR Mədəniyyət Nazirliyindən olan rəhbər heyətin iştirakı ilə ölkəmizin dövlətçilik tarixinə həsr edilmiş elmi disskussiya keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd Atropatena/Adorbayqan adlı dövlətin nə zaman və hansı tarixi şəraitdə yaranması, eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın dövlətçilik tarixinə dair çəkilməsi nəzərdə tutulan silsilə filmlərlə bağlı  müzakirələr aparmaqdan ibarət idi. 

İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov, AMEA Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru Kərim Şükürov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, eləcə də tarixçi alimlər və aidiyyəti  şəxslər iştirak ediblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə giriş nitqi ilə çıxış edərək rəhbərlik etdiyi qurum ilə Mədəniyyət Nazirliyi arasında mövcud olan əməkdaşlıq əlaqələrindən danışıb. O, bugünədək iki qurumun iştirakı ilə bir çox ortaq layihələrin həyata keçirildiyini, o cümlədən nazirlik tərəfindən təşkil olunmuş müxtəlif tədbirlərdə AMEA-nın fəal iştirak etdiyini bildirib.

Akademiyanın rəhbəri Mədəniyyət Nazirliyinin Azərbaycan dövlətçiliyinin tarixini, onun yaradıcılarını, ənənələrini geniş ictimaiyyətə çatdırmaq üçün həyata keçirdiyi tədbirləri, ərsəyə gətirdiyi elmi-kütləvi filmləri yüksək qiymətləndirib: "Hesab edirəm ki, Azərbaycan tarixinə həsr olunacaq silsilə filmlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tam ərazi bütövlüyünə nail olunduğu indiki şəraitdə azərbaycançılığın və dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edəcək. AMEA da bu prosesdə fəal iştirak edərək qədim tariximizin yenidən, daha dərindən öyrənilməsi və Azərbaycan cəmiyyətinə təqdim olunması işinə töhfəsini verməlidir".

Bugünkü toplatının bir müddət öncə Azərbaycan tarixinin öyrənilməsi ilə bağlı Mədəniyyət Nazirliyində təşkil olunmuş müzakirənin davamı olduğunu xatırladan akademik İsa Həbibbəyli  bu kimi müzakirənin milli dövlətçilik strategiyasının, Azərbaycan dövlətçiliyinin tarixi ənənələrinin, dahi şəxsiyyətlərimizin dərindən araşdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu söyləyib.

AMEA-nın prezidenti dövlətçilik ənənələrimizin xalqımıza düzgün və dolğun şəkildə təqdim olunmasının son dərəcə zəruri olduğunu vurğulayaraq, bu vəzifənin yerinə yetirilməsində hər kəsi məsuliyyətli olmağa çağırıb.

Sonra Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək iki qurum arasında uğurlu əməkdaşlığın inkişafında, eləcə də milli dəyərlərin təbliğ edilməsində alim və mütəxəssislərin xüsusi rolu olduğunu vurğulayıb. Azərbaycan tarixi ilə bağlı filmlərin çəkilməsi, ssenarilərin yazılmasında alim və ziyalılarımızın mövqeyi, yanaşması və təhlillərinin vacibliyini nəzərə çatdırıb. 

"Elm və təhsilə əsaslanan mədəniyyət siyasətinin həyata keçirilməsi Azərbaycanın mədəniyyət strategiyasının əsas hədəfidir", - deyən nazir əlavə edib ki, biz bu xətti əsas götürərək bütün faəliyyətimizdə elm və təhsil adamlarına üz tutur, onların dəstəyinə ehtiyac duyuruq.

O, Azərbaycan tarixinin qədim kökləri ilə bağlı araşdırmaların aparılması və əldə olunan nəticələrin geniş şəkildə ictimailəşdirilməsinə böyük ehtiyacın olduğunu qeyd edərək, bu məqsədlə silsilə filmlərin çəkilməsini, onların xarici ölkələrdə də nümayiş etdirilməsinin məqsədəuyğun olduğunu deyib. Adil Kərimli alim və ziyalılarımızın obyektiv həqiqətlərin müəyyən edilməsində, tarixi faktların, sübutların aşkar edilməsində rolunu xüsusi vurğulayıb, məhz bu səbəbdən Azərbaycan elmi ictimaiyyətinə müraciət edildiyini bildirib. 

Daha sonra tarix elmləri doktoru Həsən Həsənov Atropatena adlı dövlətin nə zaman və hansı tarixi şəraitdə yaranması barədə geniş məruzə ilə çıxış edib. O, Atropatena  dövlətinin tarixinə dair qənaətləri barədə məlumat verərək bildirib ki, Atropatena ölkəsinin adı müasir Azərbaycan anlayışının fonetik versiyasıdır.

Məruzəçi akademik İqrar Əliyevin 7 cildlik "Azərbaycan tarixi" kitabından bəzi istinadları da səsləndirib: "Bu nəşdrə Strabona istinadən deyilir ki, Azərbaycan adlı dövlət e.ə. 321-ci ildə Makedoniyalı İskəndərin imperiyası dağılarkən yaranıb. Bu mövqe əvvəlki nəşrlərdə də əksini tapmışdır. Apardığım tədqiqatlar əsas verir ki, Strabonun bu məlumatı Atropatena adlı dövlətin yaranması deyil, onun müstəqilliyinin bərpası kimi dəyərləndirilməlidir".

O, həmçinin bir çox tanınmış tarixçilərin "Atropatena" və "Adorbayqan" adlı ölkələrin yaranma tarixi ilə bağlı irəli sürdüyü bəzi tarixi faktları da toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov Azərbaycanın qədim dövr tarixinə dair məruzəsini təqdim edib. Alim Azərbaycanın tarixi dövrlərinin qrafik təsvirlərini, qədim dövr xəritələrini və tarixi mənbələri təqdim edib, eyni zamanda Atropatenanın tarixinin tarixşünaslığı haqqında fikirlərini bölüşüb.

Azərbaycan tarixşünaslığının öyrənilməsinin müasir dövrdə ən əhəmiyyətli məsələlərdən olduğunu deyən professor, qədim dövr tariximizin hərtərəfli tədqiq edilməsi üçün öncə tarix nəzəriyyələri və müasir konsepsiyaların nəzərdən keçirilməsinin, bu istiqamətdə geniş diskussiyaların aparılmasının vacibliyini önə çəkib, Atropatena dövləti ilə əlaqədar fərqli bir versiyanı irəli sürüb.

Elm və Təhsil Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı isə öz çıxışında bildirib ki, bu prosesdə Tarix və Etnologiya  İnstitutunun üzərinə ciddi vəzifələr və böyük məsuliyyət düşür: "Tarixi mənbələr daha dərindən öyrənilməli, elmi ədəbiyyata, xüsusən tarixçilərin ciddi elmi maraq doğuran əsərlərinə müraciət olunnmalıdır".

Sonda tarixçi alimlərin Atropatena/Adorbayqan dövləti ilə bağlı fikir və mülahizələrinə dair geniş müzakirələr aparılıb, suallar səsləndirilib. Mövzu ətrafında danışan tərəflərin yekdil şəkildə Atropatena dövlətinin Azərbaycan dövlətçilik tarixinin əsas təməllərindən biri olduğunu bəyan etmələri müsbət hal kimi qeyd edilib.

Akademik İsa Həbibbəyli müxtəlif baxışlar və arqumentlərin irəli sürüldüyü diskussiyaların elmi cəhətdən son dərəcə əhəmiyyətli olduğunu söyləyib. Tədbirin qədim tariximizə dair silsilə filmlərin çəkilməsi istiqamətində ortaq mövqelərin formalaşdırılması və konkret addımların atılması baxımından səmərəli nəticələrlə yadda qaldığını deyib.

Müzakirələr bundan sonra da davam etdiriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: