Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.09.2021 12:28
  • A-
  • A
  • A+

Azərbaycan və İtaliya alimləri katarakta, Alzeymer, Parkinson kimi xəstəliklərə qarşı terapevtik müalicə üsulu təklif edirlər

Azərbaycan və İtaliya alimləri katarakta, Alzeymer, Parkinson kimi xəstəliklərə qarşı terapevtik müalicə üsulu təklif edirlər

Son illər aparılan tədqiqatlar Alzeymer, Parkinson və s. bu kimi zülal amiloid xəstəliklərinin dünya əhalisi arasında çox geniş yayıldığını göstərir.

Adıçəkilən xəstəliklər yaşla əlaqəli xəstəliklər sinfinə aid edilir. Bir çox digər xəstə­lik­lər və onların yaratdığı fəsadlar, məsələn katarakt, şəkərli diabet və s. zülal aqreqasiyası və amiloid əmələ gəlməsi ilə müşahidə olunur. Amiloid xəstəliklərinin yaxın gələcəkdə dünyanın böyük tibbi və iqtisadi problemi olacağı gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İtaliyanın Milli Tədqiqatlar Şurası (CNR) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində aparılan birgə tədqiqatlar amiloid xəstəliklərinə qarşı mübarizədə yeni perspektivlər açıb.

Tədqiqat işlərinə Azərbaycan tərəfindən AMEA-nın Biofizika İnstitutunun baş direkto­ru, müxbir üzv Oktay Qasımov, İtaliya tərəfindən isə Kimya Elmləri və Texnologiyaları İnstitutunun (Milan şəhəri) alimi Laura Ragona rəhbərlik edir. Uzun müddət aparılan tədqiqat işində Biofizika İnstitutunun dissertantı Aidə Məmmədzadə yaxından iştirak edib.

Belə ki, aparılan tədqiqatlara söykənərək ipək fibroini zülalının amiloid əmələ gəlmə mexanizminin insan orqanizmində baş verən patoloji fibril əmələ gəlməsi ilə oxşar olması göstərilib.

Həmçinin müxtəlif biofiziki yanaşmalardan (Konqo Red testi, dairəvi dixroizm, dinamik işıq səpilməsi, molekulyar dokinq, polarizə edilmiş işıq mikroskopu və flüoressensiya) istifadə etməklə antibiotik kimi yaxşı tanınan fusidik turşusunun fibroinə qarşı anti-aqreqasiya agenti kimi fəaliyyət göstərməsi müəyyən edilib. Fusidik turşusu insanlarda istifadə üçün təsdiqlənibhazırda oftalmologiyada istifadə olunur.

Aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq, fusidik turşusunun katarakt əməliyyatı zamanı götürülmüş büllur materialında da anti-aqreqasiya agenti funksiyasını yerinə yetirdiyi müəyyən edilib. Maraqlıdır ki, fusidik turşusu nəinki zülalların amiloid əmələ gəlməsinin qarşısını alır, hətta artıq yaranan amiloidləri parçalaya bilir. Tədqiqatların nəticəsi göstərir ki, fusidik turşusunun istifadəsi bir çox amiloid xəstəliklərinin inkişafının qarşısının alınmasında və müalicəsində mühüm rol oynaya bilər.

Layihə üzrə alınan mühüm nəticələr yüksək impakt faktorlu “Biophysical Chemistry” beynəlxalq jurnalında çap olunan məqalədə öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: