19-27 sentyabr tarixlərində Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şanlıurfa şəhərində beynəlxalq tədbir keçirilib.
Tədbirinin əsas məqsədi Anadolunun qədim arxeoloji mədəniyyətləri sistemində önəmli yer tutan Göbəklitəpə arxeoloji abidələrinin əhəmiyyətini açıqlamaq və gələcək tədqiqatların beynəlxalq formatda aparılmasını nəzərdə tutan ümumi strategiyanın hazırlanması məqsədilə bir çox xarici ölkələrdən tanınmış arxeoloqları bir araya gətirmək olub.
Tədbir çərçivəsində UNESCO-nun Mədəni İrs siyahısında olan Göbəklitəpə qədim inanc məbədinə və ətraf ərazilərdə yeni aşkar olunmuş eyni mədəniyyətə aid digər abidələrə qədim dövr arxeologiyası üzrə 20-dən çox ekspertin ziyarəti təşkil edilib.
Şanlıurfada bu günə kimi Göbəklitəpə mədəniyyətinə aid 12 arxeoloji abidə aşkar edilib. Belə ki, qədim yaşayış yerlərində insanların mükəmməl formalaşmış inanc sistemini əks etdirən daşdan olan hündür T şəkilli bütlər tapılıb. Həmin bütlər üzərində qədim insanların dünya görünüşünü əks etdirən mistik təsvirlər həkk olunub. Anadoluda son illər arxeoloji qazıntı işlərinin genişləndirilməsi nəticəsində Erkən Neolit dövrünə aid aşkar edilən qədim yaşayış yerlərinin əksəriyyətində göstərilən bütlərin tapılması 12 min il bundan əvvəl Anadolunun qədim tayfalarında dini inanc sisteminin formalaşmasını göstərir. Mərkəzçilik xüsusiyyətlərini özündə birləşdirən Göbəklitəpə mədəniyyətinə aid arxeoloji abidələr əvvəlki illərdə elmi ədəbiyyatda populyar olan Mesopotamiya arxeoloji mədəniyyətlərini kölgədə qoyub. Tədqiqatçıların fikrincə, Göbəklitəpə abidələrinin elmi mahiyyəti 12 min il bundan əvvəl Mesopotamiya ərazisində deyil, Şərqi Anadolunun qədim arxeoloji mədəniyyətlərinin arealında ilk Neolit cəmiyyətlərinin yaranmasını göstərir.
Şanlıurfanın Arxeologiya muzeyində təşkil olunmuş simpoziumda Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy arxeoloqlar qarşısında çıxış edərək, Göbəklitəpə mədəniyyəti abidələrinin arxeoloji tədqiqatlarına ölkəsinin xüsusi önəm verdiyini vurğulayıb. O, həmçinin Göbəklitəpə arxeoloji abidələrinin elmi tədqiqatlarına digər ölkələrdən olan mütəxəssisləri dəvət etdiyini bildirib.
“Daş təpələr” simpoziumunda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev də iştirak edib. Alim Türkiyənin Şanlıurfa, Mardin, Diyarbəkir, Qaziyantəp, Adana, Antep, Qəhrəmanmaraş və Konya şəhərlərində aparılan arxeoloji qazıntı işləri ilə tanış olub. Türkiyə arxeoloqları ilə 10 ildən çox birlikdə çalışan Fərhad Quliyev, gələn ildən etibarən Göbəklitəpə arxeoloji abidələrinin tədqiqat işlərində iştirak üçün Azərbaycan arxeoloqlarından ibarət ekspedisiyanın fəaliyyəti ilə bağlı Göbəkli mədəniyyəti arxeoloji abidələrinin tədqiqatlar üzrə ümumi rəhbəri professor Nəcmi Karul tərəfindən dəvət olunduğunu bildirib. Hazırda azərbaycanlı arxeoloqların Anadolunun möhtəşəm arxeoloji mədəniyyətinin öyrənilməsində iştirakının təmin olunması məqsədilə işgüzar danışıqlar aparılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.