Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.10.2021 14:52
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimlər Acınohur ərazisində iqlim dəyişmələrinin təsirini öyrəniblər

Coğrafiyaçı alimlər Acınohur ərazisində iqlim dəyişmələrinin təsirini öyrəniblər

AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, c.ü.f.d., dosent Mirnuh İsmayilovun rəhbərliyi ilə coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Səidə Zeynalova və Müseyib Yunusov Acınohur öndağlığı ərazisində elmi tədqiqat işləri aparıblar. 

Tədqiqatın məqsədi qobal iqlim dəyişmələri şəraitində Acınohur ön dağlıq ərazisinin su və meşə ekosistemlərinin dinamikasında baş verən aridləşmə tendensiyasının öyrənilməsidir. Tədqiqat zamanı mütəxəssislər ərazidə son illər quraqlaşma prosesinin sürətləndiyini, bir sıra göllərin tamamilə quruduğunu, çaylarda suyun kəskin azalmasını və digər ekoloji problemlərin üzə çıxdığını müşahidə ediblər.

Ərazinin ən böyük gölü olan Acınohur son 5-6 il ərzində iqlim dəyişmələri şəraitində  yay mövsümündə, demək olar, tamamilə quruyur. Tədqiqat zamanı müşahidə olunan 20-30 sm. su təbəqəsi iki gün davam edən intensiv yağıntıların nəticəsi kimi qiymətləndirilir. İlin yay aylarında isə gölün dibi tam quru olub.

2015-ci ilin avqust ayında ərazidə tədqiqat aparan alimlər həmin dönəmdə gölün yalnız 4/1 hissəsinin quruduğunu, göldə çoxlu sayda flaminqo quşlarının üzdüyünü və orada yuva saldıqlarının şahidi olublar. Hazırda isə əhali ilə söhbətlərdən tədqiqatçılar son illər həmin quşların ərazidə görünmədiyini, quraq havalara görə ətraf ərazilərdə təsərrüfat işlərində böyük problemlər yaşandığını müəyyən ediblər.

Alimlər son zamanlar Acınohur öndağlığında salınmış qoz, zeytun, badam və alma ağaclarından ibarət bağ plantasiyalarının əvəzinə quraqlığa davamlı, demək olar ki,  suvarma tələb etməyən püstə bağlarının (saqqız ağacı) salınmasını daha  məqsədəuyğun hesab ediblər.

Tədqiqat Vəndam  çayının dərəsi və sahilləri boyu formalaşmış ekosistemlərdə davam etdirilib. Ərazinin landşaft dinamikasını öyrənən tədqiqatçılar landşaftların strukturunda gedən pozulma proseslərini müşahidə ediblər. Onlar Vəndam çayının dərəsində tikilməsi planlaşdırılan Yengicə su anbarının inşasının ətraf ekosistemlərə təsirini qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: