Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.10.2021 10:32
  • A-
  • A
  • A+

Azərbaycan ilk dəfə Bitki Genetik Ehtiyatları üzrə Hökumətlərarası Texniki İşçi Qrupun tərkibinə daxil edilib

Azərbaycan ilk dəfə Bitki Genetik Ehtiyatları üzrə Hökumətlərarası Texniki İşçi Qrupun tərkibinə daxil edilib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq və Kənd Təsərrüfatı Biomüxtəlifliyi (ƏKTB) üzrə Komissiyasının 18-ci sessiyası 21 və 24 sentyabr 2021-ci il tarixlərində texniki işçi qrupların fəaliyyəti ilə öz işinə başlayıb, hazırlanmış sənədlərin yekun müzakirəsi ilə 27 sentyabr - 1 oktyabr tarixlərində davam edib.

Sessiyanı FAO-nun baş katibi Qu Dongyu açaraq nümayəndələri salamlayıb, biomüxtəlifliyin hər bir ekosistemdə canlı həyatı təmsil etdiyini, onun qida təhlükəsizliyi və qida müxtəlifliyi üçün vacibliyini qeyd edib. O xatırladıb ki, sessiya biomüxtəlifliklə əlaqədar beynəlxalq qurumlarda baş verən mühüm hadisələrlə, o cümlədən 2021-ci ildə qəbul edilmiş FAO-nun Kənd Təsərrüfatı Sektorlarında Biomüxtəlifliyi Yaymaq İstiqamətində Strategiyası və növbəti dörd il üçün qəbul edilmiş Fəaliyyət Planı ilə eyni vaxta düşüb. Bioloji Müxtəliflik Konvensiyasının icraçı katibi Elizabet Mrema, Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Beynəlxalq müqavilənin katibi Kent Nnadozie, ƏKTB Komissiyasının katibi İrene Hoffmann və başqaları çıxışlarında ƏKTB-nin vacibliyini, həm texniki, həm də siyasət məsələlərində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Mr. François Pythoud-un sədrliyi ilə keçən sessiya ərzində ƏKTB çərçivəsində qidalanma və insan sağlamlığı, genetik mənbələrin azalması, iqlim dəyişikliyinə uyğunlaşma və təsirinin yumşaldılması, genetik resurslardan səmərəli istifadə və faydaların paylaşılması, genetik ehtiyatlar üzrə rəqəmsal sekvens məlumatları, mühafizə və davamlı inkişaf üçün biotexnologiyaların tətbiqi, ərzaq və kənd təsərrüfatı üçün su, meşə, heyvan, mikroorqanizm, onurğasızlar və bitki genetik resursları, onların idarə edilməsi kimi məsələlər geniş müzakirə edilib, müvafiq sənədlər hazırlanıb. Həmçinin ƏKTB Komissiyasının ikinci toplantısının milli koordinatorlar qrupunun hesabatının hazırlanmasına dair, su, heyvan, meşə, mikroorqanizm, bitki genetik ehtiyatları üzrə Hökumətlərarası Texniki İşçi qrupların məlumatları dinlənilib. Sessiyada Hökumətlərarası Texniki İşçi qrupların tərkibi yenidən formalaşdırılıb və Azərbaycan ilk dəfə olaraq Bitki Genetik Ehtiyatları üzrə Texniki İşçi Qrupa daxil edilib ki, bu da Azərbaycanda bitki genetik ehtiyatları üzrə fəaliyyətlərin təqdir edilməsinin və ölkəmizin dünyada artan nüfuzunun daha bir göstəricisidir.

Tədbirdə, həmçinin sessiyalararası işlərin təşkili, digər forumların hazırlanması, beynəlxalq alətlər və təşkilatlarla əməkdaşlığa qərar verilib, Komissiyanın növbəti sessiyası 28 iyul 2023-cü il tarixinə təyin edilib.

Tədbirdə Azərbaycan Respublikasının nazirlik və agentliklərinin nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasından Botanika İnstitutunun şöbə müdiri, b.e.d. Dilzarə Ağayeva və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: