Oktyabrın 9-dan Ukraynanın paytaxtı Kiyevdə “MDB ölkələrində İslam düşüncəsi: qloballaşma və lokallaşma” mövzusunda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin alimlərinin IV forumu keçirilir.
Forumda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı və institutun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəl.ü.f.d. Leyla Məlikova iştirak ediblər. Azərbaycanlı şərqşünas alimlər oktyabrın 10-da keçirilmiş iclasda məruzə ediblər.
Gülər Qafqazlı “Çarizmin son dövrü və Sovet dönəmində Azərbaycan müsəlman qadını” mövzusunda məruzəsində 19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəllərində Azərbaycan qadınının təhsilindən, onların evdə açdıqları məktəblərdən danışıb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmə hüququnun verilməsi, qadın hüquqlarının tanınması məsələlərinə toxunub, sonda Sovet dövründə müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlardan bəhs edib.
Leyla Məlikova isə “19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Azərbaycanda İslam islahatçılığının əsas aspektləri” mövzusunda məruzəsində Azərbaycanda qeyd edilən dövrdə üç fərqli mərhələ yaşamış İslam islahatçılığının özəl xüsusiyyətlərindən danışıb. Məruzəçi mövzunu tarixi, dini-fəlsəfi, dövrün sosio-mədəni və siyasi şəraitləri konteksində nəzərdən keçirib. L.Məlikova Azərbaycanda İslam islahatçılığının təsəvvüf çərçivəsində potensialı, cədidizm və nəhayət, modernizm təmayülləri haqqında bəhs edib.
Qeyd edək ki, forum öz işini oktyabrın 13-də başa vuracaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.