Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.10.2021 17:16
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağında genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir

Mərkəzi Nəbatat Bağında genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir

AMEA prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq göstərişinə əsasən, Mərkəzi Nəbatat Bağında genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb.

Belə ki, 41 hektar sahəni əhatə edən Bağın ərazisinin kollardan və qurumuş ağaclardan təmizlənməsi işləri sürətlə davam etdirilir. Nəbatat Bağının intensiv inkişafı ilə əlaqədar olaraq təcrübə sahələrində əkilmiş ağacların dibləri bellənərək suvarma işləri aparılır, zəif inkişaf etmiş tinglər yenisi ilə əvəz edilir. Əkilmiş yeni ağac növlərinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi və saxlanılması üçün lazımi münbit şərait yaradılır.

Bağda həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı ərazidə suvarma sisteminin səmərəli təşkili məqsədilə yeni su borularının çəkilməsi nəzərdə tutulub.

Mərkəzi Nəbatat Bağının yeni təyin olunmuş baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev alim, elmi işçi və mütəxəssislərinin iştirakı ilə keçirilən müzakirələrdə müəssisənin elmi potensialının gücləndirilməsi və işçi heyətinin fəaliyyətinin təkmilləşdirilməsinin məqsədəuyğunluğunu ön plana çəkib.

Bitki ehtiyatları bazasının zənginləşdirilməsi məqsədilə Bağın təcrübə sahələrinə ölkə ərazisində bitən və kənardan gətirilən ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik yeni bəzək, dərman, efiryağlı və digər bitki nümunələrinin əkilməsi və elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, sözügedən yenidənqurma işləri zamanı Bağın ziyarətçilərə açıq ekskursiya sahələrinin dizayn konsepsiyası da nəzərdən keçirilib. Hazırda yeni landşaft dizayn layihəsi hazırlanma mərhələsindədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: