Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Musiqişünas Məmməd Saleh İsmayılovun not əlyazmaları. El oyun havaları” əsəri çapdan çıxıb
19.10.2021 16:15
  • A-
  • A
  • A+

“Musiqişünas Məmməd Saleh İsmayılovun not əlyazmaları. El oyun havaları” əsəri çapdan çıxıb

Son illər AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan xalq musiqi yaradıcılığı tarixi və nəzəriyyəsi şöbəsi “Musiqi irsimizin açılmamış səhifələri. (Arxiv materialları əsasında)” adlı layihə üzərində işləyir. Layihənin müəllifi şöbənin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərlidir.

Layihə əsasında ötən əsrin 30-cu illərinə aid sənədlər, not əlyazmaları və bu kimi başqa materiallar üzə çıxarılır, transliterasiya edilir, elektron formatda köçürülür. Son illərdə arxiv materialları əsasında bir neçə kitab çap olunaraq ictimaiyyətə təqdim edilib.

Bu istiqamətdə işıq üzü görən növbəti kitab professor İ.Köçərlinin “Musiqişünas Məmməd Saleh İsmayılovun not əlyazmaları. El oyun havaları” adlı əsəridir. Bu, görkəmli musiqişünasın yaradıcılığına həsr edilmiş, notasalmalarla bağlı olan üçüncü kitabdır. Nəşrə Məmməd Saleh İsmayılovun nota saldığı el rəqslərinin əlyazmaları daxil edilib. Sözügedən not yazıları Memarlıq və İncəsənət İnstitutunun arxivində qorunub saxlanılır, qaralama formasındadır və 1936-cu illərə aiddir. Kitabda 24 oyun havası elektron formatda (1a-96a, qovluq 30),  17 rəqs isə faksimile şəklində (1a-96a, qovluq 28) ilk dəfə musiqi ictimaiyyətinə təqdim edilir.

M.İsmayılovun əlyazmalarının olduqca böyük mədəni-tarixi əhəmiyyəti var. Bu not nümunələri ilə xalq rəqslərimizin əsrarəngiz melodiyaları həmişəlik olaraq yazıda həkk edilib və gələcək nəsillərin sərvətinə çevrilib. Bu yazıların dəyəri həm də xalq rəqslərinin ən ilkin toplama nümunələri və not köçürmələri olmasındadır. Bu not yazıları sonralar çap olunmuş köçürmələrdən bəzi məqamlarına – melodik, metr-ritmik, səs yüksəkliyi, forma və struktur xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, M.İsmayılovun əlyazmalarında yer tapan 10 rəqs havasını – “İnnabı”, “On dörd”, “Uzundərə”, “Mirzəyi”, “Brilyant”, “Yüz bir”, “Ceyranı”, “Qəşəngi”, “Ənzəli”, “Dərbəndi”, “Tamara” rəqslərini “Azərbaycan xalq musiqisinin antologiyası”nda (II cild) çap olunan not yazıları ilə müqayisə etsək, onlar arasında mühüm fərqlər görmüş olarıq. Antologiyada verilən rəqs havalarının not yazısı müasir dövrdə səslənən rəqslərə daha yaxındır. M.İsmayılovun yazıları isə yazılma tarixinə uyğun şəkildə, yerli ifaçıların çalğısından nota köçürülərək oyun havalarının daha erkən səslənmələrini canlandırır və bu baxımdan rəqslərin ilkin variantlarını, inkişaf dinamikasını izləməyə imkan yaradır.

Kitab üç bölmədən ibarətdir. I bölmə “Ü.Hacıbəylinin milli səs-məqam konsepsiyası kontekstində Məmməd Saleh İsmayılovun elmi-nəzəri fikirləri”, II bölmə “24 Azərbaycan el rəqsi (30-cu qovluq), III bölmə “Not yazılarına aid bəzi qeydlər. 28-ci qovluq” adlanır.

Bu yeni nəşr M.S.İsmayılovun folklorşünaslıq sahəsində fəaliyyətinə, Azərbaycanda nota köçürmə tarixinə yeni işıq salacaq və xalq musiqi yaradıcılığı nümunələrinin öyrənilməsinə töhfə verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: