Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

21.10.2021 16:43
  • A-
  • A
  • A+

Tarix Muzeyində Vətən müharibəsi qəhrəmanları Anar Əliyev və Adil Əfəndiyevin şəxsi əşyaları qorunur

Tarix Muzeyində Vətən müharibəsi qəhrəmanları Anar Əliyev və Adil Əfəndiyevin şəxsi əşyaları qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda 44 günlük Vətən müharibəsi qəhrəmanları Anar Əliyev və Adil Əfəndiyevə məxsus şəxsi əşyalar qorunur.

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, İkinci Vətən müharibəsinin şəhidi Anar Vaqif oğlu Əliyev 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1997-2001-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Anar Əliyev 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Anar Əliyev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub. Oktyabrın 25-i II Şəhidlər xiyabanında dəfn olunub.

Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən biri də Adil Əfəndiyevdir. Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, Vətən müharibəsinin şəhidi Adil Qədir oğlu Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax rayonunda anadan olub. 2001-ci ildə rayonun Mehdi Hüseyn adına məktəb-liseyində 1 ci sinifə başlayır.  2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Hərbi həkim ixtisası alan Adil universiteti bitirib təyinatla Naxçıvan Muxtar respublikasının Culfa rayonuna göndərilir. Burada tibb xidməti rəisi vəzifəsində çalışır. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, hərbi həkim Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Əfəndiyev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub. Oktyabrın 25-i Qazax rayonunda dəfn olunub.

Qeyd edək ki, bu iki  qəhrəmanı  birləşdirən onların eyni gündə şəhidlik zirvələrinə ucalmaları idi. Döyüş yoldaşlarının dediklərinə görə, Anar  Əliyev qəfildən gözündən vurulmuşdu. Ona ilk tibbi yardım edən leytenant Adil Əfəndiyev olur. Əsasnaməyə görə, zabiti feldşer və ya sanitar çıxarmalı olsa da, israrla Adil Əfəndiyev qabağa atılır. Anar Əliyevin gözünə iynə vurur. Lakin yaxınlıqda olan qarşı tərəfin açdığı güllə Adil Əfəndiyevin ürəyinə dəyir, həmçinin, qarşı tərəfin atdığı əl qumbarası onların yaxınlığında partlayır. Komandirin son sözü və son əmri "üstümü örtün" olub. Çünki, o, çox qan itirmişdi və üşüyürdü həmçinin, bədəni soyuyurdu. Açılan intensiv atəş və əl qumbarasından ağır yaralanan polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev şəhid olurlar.

Şəhid Anar Əliyev və şəhid Adil Əfəndiyevin şəxsi əşyaları muzeyin Vətən müharibəsi fonduna muzey əməkdaşı Esmira Rəhimova vasitəsilə təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: