Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

22.10.2021 14:44
  • A-
  • A
  • A+

Tarix Muzeyində Azərbaycanın Milli Qəhrəmanı, polkovnik, şəhid Şükür Həmidova məxsus şəxsi əşyalar qorunur

Tarix Muzeyində Azərbaycanın Milli Qəhrəmanı, polkovnik, şəhid Şükür Həmidova məxsus şəxsi əşyalar qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Azərbaycanın Milli Qəhrəmanı, polkovnik, şəhid Şükür Həmidova məxsus şəxsi əşyalar qorunur.

Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olub. Şükür Həmidov 1982-1990-cı illərdə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbində təhsil alıb. 1990-cı ildə Şükür Həmidov Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 1993-cü ildə həmin liseydən məzun olan Şükür Həmidov 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olub və 1995-ci ildə oranı Motoatıcı ixtisası üzrə bitirib. Həmin ildə ali hərbi təhsilini başa vuran Ş.Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib. 2006-cı ilin avqustundan isə Ş.Həmidov ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub. 2008-ci il iyunun 25-də təhsilini uğurla başa vurub.

O, 2014-cü il noyabrın 27-dən 2015-ci il fevralın 3-nə qədər Goranboy rayonunda N saylı hərbi hissədə komandirin müavini - Qərargah rəisi vəzifəsində xidmət eləyib. Daha sonra 2015-ci il fevralın 3-dən 2015-ci il iyulun 15-nə qədər Horadiz şəhərində N saylı hərbi hissəsində komandirin müavini - Qərargah rəisi vəzifəsinə, həmin il iyulun 15-də isə N saylı hərbi hissənin komandiri vəzifəsinə təyin edilib.

Şükür Həmidov 2016-cı ilin aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən Lələtəpə strateji nöqtəsinin alınması zamanı fərqlənib və buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, Qızıl Ulduz medalı təqdim olunub. 2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən Şükür Həmidova vaxtından əvvəl növbəti polkovnik hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.

Polkovnik Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə iştirak edib, oktyabrın 22-də isə doğulduğu Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ön xətdə şəhid olub, Bakıda II Fəxri xiyabanda dəfn edilib.

Şəhid Şükür Həmidovun şəxsi əşyaları muzeyin Vətən müharibəsi fonduna şəhidin qohumu, muzeyin əməkdaşı Zümrüd İsmayılova vasitəsi ilə təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: